Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:05

Lavrov Qərbi MDB-ni ələ keçirmək cəhdində ittiham edib


Sergey Lavrov
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatları və Qərb ölkələrini Cənubi Qafqazda vəziyyətin stabilləşməsinə yönəlik razılaşmaları “sarsıtmaq cəhdində” ittiham edib.

O bu bəyanatı MDB ölkələri xarici işlər nazirlərinin aprelin 12-də Minskdə keçirilən iclasında verib.

Yığıncaqdan sonra keçirilən mətbuat konfransında Lavrovun etdiyi iddiaya görə MDB iştirakçıları arasında belə bir ümumi qənaət var ki, “Birləşmiş Ştatlar və onun satellitləri MDB-nin ümumi ərazisinin bütün regionlarına müdaxilə etməyə çalışırlar”:

“Onlar Qafqazlarda, xüsusilə də Cənubi Qafqazda vəziyyətin stabilləşdirilməsinə dair razılaşmanı sarsıtmaq istəyirlər. Onlar Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasına imkan vermək istəmirlər. Onlar habelə aktiv şəkildə Mərkəzi Asiyaya sirayət etməyə çalışırlar. Onlar açıq şəkildə Rusiya Federasiyasının əleyhinə olan müxtəlif formatlar yaradırlar”.

Buna baxmayaraq Lavrov bir daha iddia edib ki, Rusiyanın partnyorları MDB çərçivəsində əməkdaşlıq prinsiplərinə sadiq qalırlar:

“Bizim strateji partnyorlarımız nəhəng təzyiq altında olsalar da, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatının əsaslandıqları təməl prinsiplərə sadiq qalırlar”.

Lavrov əminliyini bildirib ki, Qərbin siyasətləri strateji baxımdan iflasa məhkumdur.

Mirzoyan görüşə getməyib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB-nin Minsk görüşünə getməyib. Tədbirdə Ermənistanı onun müavini Mnatsakan Safaryan təmsil edir.

Mirzoyanın MDB nazirlərinin Minsk görüşünə getməmək qərarı baş nazir Nikol Paşinyanın aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşündən az sonraya təsadüf edir.

Üçtərəfli danışıqlarda Ermənistanın bir dövlət kimi dayanıqlığının artırılması və onun iqtisadiyyatının şaxələndirilməsi kimi məsələlər müzakirə olunub.

Rusiya Brüssel görüşünü sərt tənqid edib və bildirib ki, Qərb bu hərəkətləri ilə Moskvanı Cənubi Qafqaz regionundan uzaqlaşdırmağa çalışır.

Yerevanın Moskvadan aralanmaq kursu

Artıq bir xeyli müddətdir ki, Paşinyan və başqa vəzifəli Ermənistan rəsmiləri Moskvanın rəhbərlik etdiyi qurumların tədbirlərinə qatılmırlar.

Azərbaycan və Ermənistan arasında II Qarabağ Müharibəsindən sonra Yerevanın Moskva və onun başçılıq etdiyi təşkilatlarla münasibətləri gərginləşib.

Yerevan Moskvanı həm dövlətlərarası müqavilə, həm də KTMT müstəvisində Ermənistanın qarşısındakı öhdəliklərini yerinə yetirməməkdə ittiham edir.

Bu gərginlik xüsusilə də 2022-ci ilin sentyabrından sonra artıb. Həmin vaxt Ermənistan Rusiyanı yenidən öhdəliklərinə əməl etməməkdə günahlandırırdı.

Baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın yüksək vəzifəli rəsmiləri KTMT və MDB-nin bir çox tədbirlərində iştirakdan boyun qaçırırlar.

Bunun əvəzində onlar Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha sıx münasibətlərə can atdıqlarını bəyan ediblər.

'Əliyev Blinkenə deyib ki, get öz işinlə məşğul ol...'
Gözlə

No media source currently available

0:00 0:10:56 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG