“O, bizim üstümüzə korrupsiyalaşmış, mafioz orduyla hücum edir. Biz - beş-üç nəfər Azərbaycanda, Avropada bu hücuma müqavimət göstəririk”
Hüquq müdafiəçisi Leyla Yunus AzadlıqRadiosu-na deyir ki, Brüsseldə hələ ötən ilin noyabrında - Avropa Parlamentində görüşlər keçirərkən, ondan ölkədə insan hüquqlarının pozulmasına dair bilgiləri və siyasi məhbusların siyahısını istəyiblər. Avropa Parlamentində insan haqları mövzusunda müzakirələrə gəlincə, hüquq müdafiəçisi belə deyir:
– Bunu mən ona bənzədirəm ki, sanki savaş gedir və hücum olacağını bilirsən. Sən də tankları, artilleriyanı yığırsan bir yerə ki hücum olanda onları qarşılayasan, hücum edən tərəf də bunu görüb qaçsın. Mən deyərdim ki, artıq İlham Əliyev qaçdı. Avropa Komissiyasının vitse-prezidenti Federika Mogherini-nin müavini mənə dedi ki, siyasi məhbus siyahısını İlham Əliyevə təqdim edəcəklər. Əliyev görəndə ki əlimiz ora da çatır, ona siyahını verirlər, yəqin anlayıb ki, Avropa Parlamentində daha açıq söhbət gedəcək. Orda Emin Milli, Xədicə İsmayılova da danışacaq. Bəlkə də fikirləşib ki, özünü saxlaya bilməyəcək, ona görə də geri çəkildi.
Buna da bax: Avropa Parlamentində Azərbaycanla bağlı dinləməl keçirilir
– Rəsmi məlumatda İlham Əliyevin Mogherini ilə görüşdə insan haqlarını müzakirə etmələri haqqında heç nə deyilmir. Sizin bu barədə hər hansı məlumatınız var?
– Ötən ay Mogherini ilə görüşəndə dedi ki, məlumatları mənə yollayın. Keçən həftə məlumatları ora göndərdim. Mən günün 4-5 saatını Strasburqdan, Brüsseldən verilən sualları cavablayıram.
– Bakıda hökumətyönlü KİV yazır ki, Avropa Parlamentində belə müzakirələrin təşkil edilməsi İlham Əliyevə qarşı təxribatdır...
– Bu, təxribat deyil. Tarixçi kimi deyirəm ki, bu, döyüşdür. O, bizim üstümüzə korrupsiyalaşmış, mafioz orduyla hücum edir. Biz - beş-üç nəfər Azərbaycanda, Avropada bu hücuma dirənirik. Nə qədər tuthatut olar, repressiya olar? İndi qazamatda saxlananların sayı 160-dan çoxdur. Taleh Bağırovu 20 il müddətinə həbs etdilər, İlqar Məmmədovu buraxmırlar, REAL-ı “İran casusu” çıxarırlar, “Azadlıq” qəzeti bağlandı, AzadlıqRadiosu-nun ofisini qapadıblar... Daha neyləməlidirlər? Bircə baş kəsməkləri qalıb? Bu hücuma hüquq müdafiəçiləri, bloqqerlər, jurnalistlər, adi vətəndaşlar müqavimət göstərəndə və bir döyüşü udanda, bu, təxribat olur? Biz axıradək gedəcəyik.
Buna da bax: Dinləmələr öncəsi Xədicə İsmayılın işığı söndürülüb, amma...
– Leyla xanım, Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlıq sazişinin imzalanması nə dərəcədə ağlabatandır?
– Hələ sovet vaxtında deyirdilər ki, siyasət çirkin işdir. Dəqiq heç nə deyə bilmərəm. Gürcüstana baxın, inkişaf edir, orda normal seçkilər keçirilir, prezidentlər dəyişir, insan hüquqlarına hörmət var... Azərbaycansa daha çox Türkmənistana, Özbəkistana yaxınlaşır. Nə qədər siyasi məhbus var, işgəncə var, işgəncəylə öldürülənlər var. Ona görə dəqiq nəsə demək olmur. Amma bizim məqsədimiz odur ki, Azərbaycan inkişaf etsin, bildiyimiz həqiqəti dünyaya çatdıraq.