Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:01

Liviyada öldürülən muzdlunu Rusiyada ‘qəhrəman əsgər’ kimi dəfn etdilər


Gleb Zverevin məzarı
Gleb Zverevin məzarı

Rusiyadakı Vagner özəl hərbi şirkətinin Liviyada həlak olmuş 27 yaşlı “əməkdaşı” Gleb Zverev Yoşkar-Ola şəhərinin dəfnlər üçün bağlı olan qəbirstanlığında hərbi təntənə ilə torpağa tapşırılıb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu qəbirstanlıqda dəfnlər üçün xüsusi icazəni şəhər administrasiyası verir.

Zverev “Donbas Könüllüləri İttifaqının” Mari Eldəki nümayəndəliyinin direktor müavini idi.

O Ukraynanın şərqində hökumət qoşunlarına qarşı döyüşən rusiyayönlü separatçıların tərəfində vuruşurdu.

Dəfndə iştirak edənlərin dediyinə görə, fəxri qarovul Zverevin məzarı üstündə üç dəfə fəxri yaylım atəşi açıb.

35 rusiyalı öldürülüb

Zverevin adı Liviyadakı vətəndaş müharibəsinin iştirakçısı kimi ilk dəfə Conflict Intelligence Team təhqiqat qrupunun hesabatında çəkilib.

Təhqiqatçılar rusiyalının həlak olması barədə məlumatı sosial mediadakı şərhlərdən öyrəniblər.

Şərhlərdə iddia edilirdi ki, Zverevlə yanaşı Liviyada Vagnerin başqa bir döyüşçüsü - Artyom Nevyantsev də həlak olub.

Bundan əvvəl onun şəxsiyyətini Meduza nəşri müəyyən etmişdi.

Meduzanın verdiyi məlumata görə oktyabrın 2-dək Liviyada 35 rusiyalı həlak olub.

Ehtimallara görə rusiyalılar beynəlxalq birlik tərəfindən tanınmış Liviya hökumətinin aviasiya zərbələrində ölə bilərdilər.

Bu hökumətin yerləşdiyi paytaxt Tripoli hazırda Liviya Milli Ordusunun qiyamçı generalı Khalifa Haftarın qoşunları ilə üz-üzədir. Haftarı Tobruk şəhərindəki tanınmamış parlament dəstəkləyir.

Putinin təzə Gaddafisi

Ötən ilin noyabrında Moskvada Haftarın Rusiya müdafiə naziri Sergei Shoigu ilə danışıqlarında oliqarx Yevgeny Prigozhin də iştirak edirdi.

Vagner şirkətinin “Putinin aşpazı” ləqəbini qazanmış bu şəxsə aid olduğu deyilir.

Bundan doqquz ay sonra, 2019-cu ilin iyulunda Prigozhin-in strukturlarında çalışan siyasi texnoloq Maksim Shugaley və onun tərcüməçisi Samer Sueyfan Liviyada həbs olunublar. Onlar Liviyada qarşıdan gələn seçkiyə müdaxilə cəhdində şübhəli bilinirlər.

Saif al-Islam
Saif al-Islam

Ehtimal olunur ki, rusiyalılar 2011-ci ildə öldürülmüş Liviya diktatoru polkovnik Gaddafinin oğlu Saif al-Islamla görüş təşkil etməyə çalışırdılar.

Bloomberg xəbər verirdi ki, Moskva oğul Gaddafinin Liviya prezidenti olmasına çalışır.

Oktyabr ayında Rusiyanın dövlət RIA xəbər agentliyinə müsahibəsində 75 yaşlı Hatar demişdi ki, oğul Gaddafi ilə əlaqə saxlamır, amma onun namizədliyinin verilməsinə qarşı da deyil.

XS
SM
MD
LG