Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:41

Qarabağa nəzarətin əldə edilməsi gizli sövdələşmənin nəticəsi idimi? – Qərb eksperti


Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?
Gözlə

No media source currently available

0:00 0:16:17 0:00

Əliyevin oyunu: Azərbaycan #əslində niyə Qərbə yox, Rusiyaya güvənir?

“Azərbaycanın Naxçıvanla nəqliyyat tranzitinə Rusiyanın nəzarət etməsini istəməsi bunun aydın şəkildə hansısa məxfi sövdələşmənin bir hissəsi olmasına dair spekulyasiyalara yol açıb”.

Bunu Londonda yerləşən beyin mərkəzi – "Chatham House"un Rusiya və Avrasiya proqramının tədqiqatçısı, Cənubi Qafqaz üzrə tanınmış ekspert Lourens Broers (Laurence Broers) AzadlıqRadiosunun Erməni xidməti - Azatutyuna müsahibəsində deyib.

Ekspert ehtimal edir ki, Bakının Azərbaycan və Naxçıvan arasında nəqliyyat tranzitinə Moskvanın nəzarətini istəməsi onun ötən sentyabrda Qarabağda keçirdiyi əməliyyatla bağlı ola bilərdi.

Azərbaycan 19-20 sentyabr əməliyyatının nəticəsi olaraq Qarabağ üzərindəki nəzarəti tam ələ ala bilib:

“Azərbaycanın ötən sentyabrda Dağlıq Qarabağa hücumu və onun ardınca baş verənlər Rusiyanın bir kənara çəkilib əslində bunlara niyə yol verməsinə dair çoxsaylı müzakirələrə səbəb olub. İndi Azərbaycan rəhbərliyinin tranzit marşrutda Rusiyanın olmasına çağırması aydın şəkildə belə bir spekulyasiyaya yol açır ki, bu, hansısa gizli sövdələşmənin bir hissəsidir”.

Ekspert bildirir ki, 44 günlük müharibəyə son qoymuş üçtərəfli atəşkəs bəyanatının indi demək olar bütün bəndləri pozulub, amma buna baxmayaraq hələ də bu sənədə tez-tez istinad edilir:

“Mən düşünürəm ki, burada əsas məsələ “Zəngəzur dəhlizi” adlandırılan tranzit və Rusiyanın Cənubi Qafqazdakı varlığını və təsir alətlərini saxlamasıdır”.

Regionda Qərb dəyərləri zəifləyib...

Broersin fikrincə, üçtərəfli bəyanat və ya regional kommunikasiyaların açılmasına dair razılaşma Rusiyanın regiondakı təsir gücünü saxlamaq üçün düşünülüb:

“Bu məsələdə çox böyük təhlükəsizlik hissi var. Bu elə geniş təhlükəsizlik kontekstində düşünülüb, təfsir edilib və planlaşdırılıb ki, Rusiyaya Ermənistan-Azərbaycan münasibətlərinə nəzarətçi rolu verir. Bu uzunmüddətli sülh üçün düstur deyil. Ermənistan və Azərbaycan öz münasibətlərini kənar aktorlar olmadan yoluna qoya bilməlidirlər”.

“Ermənistanın Rusiya tərəfindən “bolşevik Rusiyası” sayağı yenidən işğalı ola bilərmi” sualına cavab verən Lourens deyib:

“Mən deyərdim ki, Ermənistan bugün böyük mənada qorxulu qeyri-müəyyənlik adlandırıla biləcək geosiyasi vəzyyətdədir. Onun Türkiyə və Azərbaycanla sərhədləri hələ də bağlıdır. Ermənistanın İranla çox dar sərhədi var. İran Ermənistanın kifayət qədər məhdud imkanlara malik partnyorudur. Gürcüstanla münasibətlər var, amma bu münasibətlər Azərbaycan-Gürcüstan-Türkiyə arasında kəmər münasibətlərindən çox asılıdır”.

Ekspert bildirib ki, 2020-ci il müharibəsi nəticəsində Türkiyə regional güc kimi Cənubi Qafqaza qayıdıb, amma bölgədə Qərb dəyərləri, liberal demokratiya və onun təsisatları, BMT və ATƏT kimi qurumların mövqeyi zəifləyib.

Rusiya niyə Azərbaycana ən məntiqi partnyor kimi baxır?

Broers hesab edir ki, bölgəyə sülhməramlılar yeridən, danışıqlar prosesini inhisara alan Rusiya da sanki kənarda qalıb.

Ekspert deyib ki, Rusiyanın Ermənistan siyasəti, Ukrayna, Dnestryanı və Moldovadakından fərqli olub. Rusiya Gürcüstanda Abxaziyanın müstəqilliyini tanıdığı kimi Qarabağın müstəqilliyini tanımayıb və Qarabağa münasibətdə heç vaxt belə niyyətdə olmayıb:

“Bir çox bucaqlardan Azərbaycan Rusiyanın ən məntiqi partnyorudur. Əlbəttə o Ermənistandan böyükdür, Rusiya ilə birbaşa həmsərhəddir, İran və Cənubi Asiya ilə əsas geosiyasi və geocoğrafi birləşdirici nöqtədir. Və əlbəttə o (Azərbaycan-red) rejimin davamlığı və qanunvericilik preferensiyaları baxımından daha sabitdir”.

Broersin fikrincə, bunlara baxmayaraq bu həm də Rusiya təsirinin dramatik tənəzzülünün göstəricisidir. Amma ekspert düşünür ki, Rusiya, Qərbdən fərqli olaraq bu tənəzzülü idarə edə bilir.

Ermənistanın axtardığı partnyorlar uzaqdadır

Ekspert bildirir ki, Ermənistanın xarici əlaqələrini diversifikasiya etmək səylərini başa düşür.

Lakin Broers əlavə edib ki, Ermənistanın əlaqə qurmağa çalışdığı partnyorların əksəriyyəti regiondan uzaqdadır:

“Səhv etmirəmsə ötən il noyabrın 13-də Birləşmiş Krallıq və Ermənistan arasında strateji dialoq olub. Onlar administrasiya və ticarət haqqında danışıblar. Müdafiə sferasının da adı çəkilib. Amma biz bu sfera çərçivəsində nəyin müzakirə olunduğuna nəzər salmalıyıq. Söhbət liderlik təlimlərindən, ingilis dili məşğlələrindən, minalardan və mina təmizlənməsindən və sülhməramlı əməliyyatlardan gedib. Odur ki, bu heç də hücum qabiliyyətinin artırılması məsələsi olmaya da bilər”.

Broers deyib ki, ABŞ-ın bu regiondakı maraqları daha çox regionun özündə yox, onun qonşuluğundakı ərazilərdədir.

Xocalı və Xankəndi sakinləri geri qayıdıb ermənilərlə birgəyaşayışa necə baxırlar?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

Azərbaycan hərbi strategiyanı uğurlu saysa da...

Ekspert bildirib ki, həm Azərbaycan, həm də Ermənistan hərbi xərclərini artırırlar və bir növ silahlanma yarışı gedir:

“Düşünürəm ki, Azərbaycan eskalasiya strategiyasını, hərbi strategiyanı uğurlu sayır və ona haqq qazandırır. Amma zənnimcə 2022-ci ilin sentyabrında Ermənistana hücum istisna təşkil etməlidir. Çünki bu hücum Azərbaycanı qane etməyən nəticələrə gətirib çıxartdı. Bu dəfə Avropa və ABŞ-ın narazılığı açıq hiss olundu”.

Broers deyib ki, 2014-cü ildən bəri Azərbaycan və Ermənsitan arasında müxtəlif vaxtlarda eskalasiyalar baş verib, amma o, ən pis ssenariyə daha ehtiyatla yanaşmağı təklif edib:

“Mən sual edərdim, buna dəyərmi? Azərbaycanın başqa bir ölkəyə müdaxiləyə girişməsi və bunda ilişib qalmasına dəyərmi? Bu Azərbaycanı Ukraynaya müdaxilə etmiş Rusiyaya bənzədərdi. Mən belə bir müdaxilənin xeyirlərini görə bilmirəm. Amma bu o demək deyildir ki, biz qarşıdan gələn aylarda kiçik ölçüdə zorakılıq və ya təzyiqlər görməyəcəyik”.

Ekspert bildirib ki, indi çox şeylər danışıqların nəticələrindən asılı ola bilər. Bundan başqa beynəlxalq dövlət sistemi sərhədlərin toxunulmazlığı prinsipinə söykənir. Broersin fikrincə məhz bu səbəbdən Azərbaycanın sərhəd üzərindən istənilən hərəkətləri yaxşı qarşılanmayacaq.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG