Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:22

Luqanskdan qaçanlar danışır


İrina övladları ilə, Stanitsya Luqanska,
İrina övladları ilə, Stanitsya Luqanska,

Separatçı liderlər dəlil göstərmədən hökumət qüvvələrinin tezliklə böyük hücuma başlayacağını iddia ediblər. Kiyev belə planı olmadığını deyir

AzadAvropa/AzadlıqRadiosu Ukraynanın şərqində separatçıların əlində olan ərazilərdən qaçanları danışdırıb. 28 yaşlı Natalya 8 il öncə, müharibə başlayanda bombardmanlar vaxtı sadəcə zirzəmidə gizlənirmiş.

“İndi isə vəziyyət başqadır, uşaqlarım üçün qorxuram”, – 3 yaş yarımlıq oğlu və 5 yaş yarımlıq qızı ilə birlikdə Rusiyanın dəstəklədiyi separatçıların əlində olan Luqanskdan Ukrayna hökumətinin nəzarətində olan əraziyə keçmiş qadın danışır. “Biz həmişəlik gedirik”, – o deyib.

Ukraynadakı separatçı rejim əhalini Rusiyaya köçürürdüyünü deyir
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına 130 mindən çox əsgər cəmləməsi Donbas regionunda müharibənin genişlənəcəyi sarıdan qorxuları artırıb.

Stanitsya Luqanska illərdir sərt qorunan nəzarət məntəqəsidir. Bu məkan həm separatçıların nəzarətində olan Luqansk şəhərində yaşayanlara, həm də hökumətə əziyyət yaradır, beynəlxalq sərhədi keçirmiş kimi sənəd göstərməli olursan.

Səfərbərlik elan edilib

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna hökumətinin Donbasda “genosid” törətməsi haqda iddiaları fonunda Luqansk və Donetskdəki separatçı liderlər fevralın 18-də əhalinin Rusiyaya kütləvi evakuasiyasını elan ediblər. Onlar daha sonra 18-45 yaşlı kişilər üçün səfərbərlik elan edərək bu yaş civarında kişilərin ərazidən çıxmasını yasaqlayıblar.

Separatçı liderlər dəlil göstərmədən hökumət qüvvələrinin tezliklə böyük hücuma başlayacağını iddia ediblər. Kiyev belə planı olmadığını deyir. Qərb rəsmiləri isə Moskvanı və separatçıları Rusiyanın Ukraynaya yeni işğalı üçün bəhanə planlaşdırmaqda suçlayır.

AzadlıqRadiosu-nun müxbiri fevralın 20-də bir neçə saat ərzində nəzarət məntəqəsində davamlı insan axını müşahidə edib. Onlar evakuasiya çağırışlarına qulaq vermir, Ukraynada qalırlar, əsasən Luqansk şəhərində zorakılığın artdığını deyərək evlərindən çıxıblar. Bəziləri həmişəlik çıxdıqlarını deyirlər.

“Bizi nə Kiyevdə istəyirlər, nə Moskvada”

“Əlbəttə, qorxuruq. Hamı qorxur. Heç kəs nə olacağını bilmir. Siz olsaydız, belə bir vəziyyətdə neylərdiz?” – oğlanları -12 yaşlı Danil və 6 yaşlı Artyomla şaurma yeyən mühasib Anya deyir.

Anyanın sözlərinə görə, aqronom əri ilə əvvəl Luqanskdakı mənzillərindən çıxmaq istəməyiblər. Onlar yüksək olmasa da, hələ də işlərindən maaş alırlar. Amma fevralın 19-da vəziyyət dəyişib. Luqansk və Donetskdə separatçı hakimiyyət 18-45 yaşlıların çıxışını qadağan edib, ümumi səfərbərlik elan olunub. Fevralın 21-dən məktəblər də bağlanıb. Amma Anya məktəblərin COVID-19-a görə onsuz da əsasən distant dərs keçdiyini deyir.

Beləliklə, ailə oğlanlarını valideynlərin yanına, 150 km məsafədə, hökumətin nəzarətində olan Bilokurakine kəndinə yollamaq qərarına gəlir. Qadın uşaqlarla videoəlaqə saxlayacaq, onları bir aya, əraziyə yenidən keçməyə icazə alanda görəcəyinə ümid edir. “Bu cəhənnəm bitəndə yəni”, –o söyləyir.

Qadın iki gün öncə yaşadıqları ərazidə 10-dan çox partlayış olduğunu danışır. Amma səslərin hansı tərəfdən gəldiyini, kimin günahkar olduğunu demək mümkün deyil. Bircə onu deyir ki, dünyanın münaqişəni, ərazidə hələ də insanların yaşadığını unutduğunu düşünürlər.

“Bizi nə Kiyevdə istəyirlər, nə Moskvada. Şadam ki, Avropada, Birləşmiş Ştatlarda, hardasa haqqımızda oxuyurlar”, – o deyib.

Köçənlərin sayı

Evakuasiya göstərişi veriləndən Luqansk və Donetski nə qədər adamın tərk etdiyi bəlli deyil. Rusiya mediası separatçıların liderlərinə istinadla onminlərlə insanın əsasən Rusiyanın Rostov regionuna getdiyini bildirir.

Rusiyanın TASS dövlət xəbər agentliyi Luqanskdan Rostova 34 minədək insanın keçdiyini yazır. Ukrayna hökumətinin nəzarətində olan əraziyə nə qədər insanın keçdiyi bəlli deyil.

“Gerçəkdən qəddarlıqdır. Adamlar nə baş verəcəyindən qorxu içindədirlər. Əsgərlər hər yerdədirlər. Daimi atəş açırlar”, – 3 yaşlı qızı ilə Luqanskdan cənub-qərbdəki Staxanov şəhərində valideynlərə baş çəkməyə gələn 27 yaşlı Tanya deyir. O, daha çox hansı tərəfin atəş açdığını bilmir.

“Panika, tamamilə panikadır”, – 8 yaşlı nəvəsi ilə Luqanskdan çıxan Tatyana deyir. O, Luqanskdan şimaldakı Rubijneyə gedir.

“Niyə çıxmağa qərar verdik? Onlar kişiləri səfərbər etmək qərarı verdiklərinə görə”, – o deyir.

Ukraynanın Daxili İşlər Naziri və jurnalistlər atəşə tutulub
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Ölməkdə olan şəhər

Novoluqanske şəhəri hökumətin nəzəarətində olan tərəfdə cəbhə xəttində yerləşir, ölkənin daxili işlər naziri fevralın 19-da səfəri zamanı bu şəhər artilleriya atəşinə məruz qalıb. Radio müxbirinin müsahibə aldığı şəhər sakinlərinin əsas gileyi heç də Rusiya qüvvələrinin yeni işğal təhdidi ilə bağlı deyil. Onlar şəhərin ölməkdə olduğunu, hətta artıq öldüyünü deyirlər: Adamlar köçür, məktəblər bağlanır, bir neçə il öncəylə müqayisədə tələbələrin onda biri qalıb.

“Niyə köçməliyəm ki? Burada üç mənzilim var. Anam, nənəm burada yaşayır. Bir də ki hara gedim? Həyatım boyu burada yaşamışam. Evimdir burası. Şəhərimdir”, – 26 yaşl Sergey Kraynov deyir. Onun 6 yaşlı oğlu Jenya isə pas tutmuş uşaq meydançasında oynayır.

“Hə, son günlər atışma, artilleriya atəşi ciddiləşib; çoxdandır belə səslər eşitmirdik”, – o deyir.

“Hara gedim?”

“Gözəl şəhərimiz, çoxlu uşaqlar vardı. Evlərin hamısı doluydu. 2014, 2015-ci illərdən sonra hamı getdi”, – bunu isə 65 yaşlı təqaüdçü Olesiya deyir. O, ayda 3 min qrivna ($106) pensiya alır, əlavə qazanc üçün altı aydır köhnə köşkdə çörək satır.

Soruşanda ki, yeni müharibə başlasa, gedəcəkmi, gülür:

“Hara gedim? Heç kəsə lazım deyiləm. Bizi heç burda istəyən yoxdur”, – qadın söyləyir.

Stanitsya Luqanska keçid məntəqəsində isə İrina adlı qadın 7 və 2 yaşlı oğlanları ilə Starobilskdə qohumlarının yanına gedir. O, ərinin bir il öncə vəfat etdiyini, xəstəliyi ucbatından işləmədiyini deyir. Qayınlarının köməyi və hökumətin tənha analara verdiyi kiçik müavinətlə dolandığını bildirir.

“Bəziləri qalır, çoxu gedir. Deməzdim panika var. İndi ciddi qorxu var. İllərdi belə deyildi”, – o, məktəb yaşlı övladları olan ailələri nəzərdə tutaraq deyir.

Şəhərdə hər gün gecə vaxtı partlayışlar haqda deyilənlərə gəlincə, qadın sakitcə söyləyir: “Uşaqların yanında bu haqda danışmamağa çalışırıq”.

XS
SM
MD
LG