“Avropa İttifaqının (Aİ) "bir ölçü hamıya uyğundur" yanaşmasını tərk edərək Qonşuluq Siyasətinə yenidən baxış sərgiləməsi xoş bir addımdır”
Bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün, noyabrın 5-də Stokholmda "Şərq Tərəfdaşlığı (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlər seminarında deyib.
Onun çıxışının mətnini Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.
O daha sonra deyib:
“Aİ ölkələrin ehtiyac və istəklərinə əsaslanmalı olan fərqləndirmə və xüsusi hazırlanmış tərəfdaşlıq anlayışını əlavə etməyə çalışdı. Bu ölkələrin öz seçimləri olmalıdır, Avropa İttifaqının seçimi yox. İndi Azərbaycan, Avropa İttifaqı ilə özünəməxsus və fərqlənən gündəliyi həyata keçirmək üçün çoxsaylı fərqləndirmə yollarını gözləyir. Şərq Tərəfdaşlığının gələcək prosesini biz belə görürük”.
Nazirin vurğulamasına görə, hər bir tərəfdaşın iqtisadi inkişaf, geostrateji yerləşmə və regional təhdidlər üçün resursların təsiri altında formalaşan müxtəlif inkişaf strategiyaları, baxışları ola bilər:
“ Məsələn, Azərbaycan Şərq Tərəfdaşlığının tərəfdaşları arasında Aİ-nin ən böyük investorudur, lakin heç vaxt Şərq Tərəfdaşlığında "qabaqlayıcı" statusununa iddia etməyib. Önəm verdiyimiz ümumbəşəri dəyərlər mütləq gündəliyimizdə qalacaqdır. Bir ölkə digər ölkənin ərazilərinin 20 faizini işğal edib, əhalisinin 1 milyondan çoxunu qaçqın və məcburi köçkünə çevirib, özünü demokratik adlandıra bilməz”.
Nazirin dediyinə görə, Şərq Tərəfdaşlığının strukturlaşdırılmış dialoqu vaxtında həyata keçirilən bir çalışmadır. Ancaq onun sözlərinə görə, burada Aİ, ŞT prosesinin cəlbedici və canlı olmasını istəyirsə, tərəfdaş ölkələrə daha yaxşı qulaq asmalıdır:
“Təhlükəsizlik sahəsində əməkdaşlıq, böyük ehtimalla, Aİ ilə qarşılıqlı dialoqumuzda önəmli bir ölçü olacaq…”
“Azərbaycan ŞT-nin bugünədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir”
Nazir vurğulayıb ki, Azərbaycan ŞT-nin bu günədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir:
“ŞT-nin növbəti onilliyi nə gətirə bilər. Onun aləti və ya mexanizmi Azərbaycan üçün nə qədər cəlbedici olacaqdır, strukturlaşdırılmış bir dialoqun əvvəlki dialoq növündən fərqi necə olacaqdır, daha çox öhdəlik və ya real, maddi imkanlar olacaqdır. Bu cür suallar verdiyimiz və son 10 ildə Azərbaycanın Aİ ilə münasibətləri üçün Şərq Tərəfdaşlığının əlavə dəyərinin nə olduğunu düşünməyə vaxt ayırdığımız tamamilə aydındır. Şərq Tərəfdaşlığının genişləndirilməsi və ya onun institusional bazasının yaradılması barədə bəzi düşüncələr daxil olmaqla müxtəlif fikirlər eşidirik. Azərbaycan individual yanaşmaya üstünlük verir. Biz praqmatik və realist olmalıyıq…”
Xatırlatma
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov noyabrın 4-də İsveç Krallığına gedib.
Səfərdən məqsəd Şərq Tərəfdaşlığına üzv ölkələrin nazirlərinin bu proqramın 10 illik yubileyinə həsr olunmuş iclasında iştirak etmək idi. Toplantı noyabrın 5-də keçirilib.
Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramının əsası 2009-cu ildə qoyulub.
Proqram Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.
Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında də tərəfdaşlıq sazişi imzalanıb.
Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.