Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:55

Özbəkistan əfqanların təxliyəsində Almaniyaya köməyə hazırdır


Taliban Kabil aeroportunu qoruyur, 28 avqust, 2021-ci il
Taliban Kabil aeroportunu qoruyur, 28 avqust, 2021-ci il

Fransa və Britaniya Kabildə davamlı “humanitar əməliyyatlara” imkan verəcək, “BMT-nin nəzarəti altında təhlükəsiz zona” qurulmasını istəyir

Almaniyanın Xarici işlər naziri Heyko Maas deyir ki, Özbəkistan Əfqanıstanda Taliban idarəçiliyindən qaçanlara sərhədlərini açmağa hazırdır. Söhbət Almaniyanın siyahısında olan, köməyə ehtiyacı olanlardan gedir.

Maas Orta Asiya, Pakistan və Yaxın Şərqdə dörd günlük səfərdədir. O, avqustun 30-da deyib ki, Almaniya vətəndaşlarının, yerli əfqan işçilərin, eləcə də insan haqları fəalları və jurnalistlər kimi risk qrupunda olanların gələcəkdə təxliyəsi onun gündəliyinin əsas məsələsidir.

İki yol

Taliban iki həftə öncə Kabili tutandan sonra Almaniya bu ölkədən 40 min nəfəri çıxarmağı planlaşdırdığını deyib. Bu ya avqustun 31-dək Kabil aeroportundan təyyarə ilə, yaxud qonşu ölkələrin ərazisindən quru yoluyla həyata keçirilə bilər. Avqustun 31-də ABŞ əsgərləri Əfqanıstandan tam çıxarılmalıdır.

“Özbəkistan bu adamların məsələsində bizə kömək etməyə hazırdır”, – Maas Daşkənddə jurnalistlərə deyib.

Nazir bu gün axşam Tacikistana, ertəsi gün isə Pakistana yola düşür.

Avqustun 29-da Türkiyəyə baş çəkən Maas Əfqanıstanla birgə sərhədi olan ölkələrə iqtisadi və humanitar yardım vəd edib.

Qətər, Rusiya, Çin

Almaniyalı nazirin Qətərə də gedəcəyi, orada Taliban rəsmiləri ilə ABŞ qüvvələri ölkədən tam çıxarılandan sonra Kabildən təxliyə uçuşlarını müzakirə edəcəyi gözlənir.

Qətər ABŞ-ın Əfqanıstandan onminlərlə insanı çıxarmasında böyük rol oynayıb.

İndiyədək Kabil aeroportundan 117 mindən çox əcnəbi çıxarılıb. Qətər onlardan 43 mindən çoxunun öz ərazisindən keçdiyini deyib.

Maas Daşkənddə deyib ki, Rusiya və Çin də Əfqanıstanın gələcəyi üzrə danışıqlarda, əfqanların təxliyə planlarında iştirak etməlidir. Onun sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının avqustun 30-da axşama gözlənən iclasında Moskvayla Pekinin əməkdaşlığa nə dərəcədə hazır olması bilinəcək.

Təhlükəsizlik Şurasının üzvlərindən Britaniya, Fransa və Birləşmiş Ştatlardan fərqli olaraq Rusiya və Çin Kabildə səfirliklərini bağlamayıblar.

Birgə bəyanat

“Biz müəyyən əfqanlara səyahət sənədləri verəcəyik və Talibandan açıq gözləntimiz odur ki, onların uyğun ölkələrə gedə biləcəyinə dair öhdəlik götürsünlər”, – avqustun 29-da onlarla ölkənin Dövlət Departamentinin vebsaytında yerləşdirilmiş birgə bəyanatında deyilir.

Rusiya bəyanatı imzalamayıb. Amma Rusiyanın Kabildəki səfirliyi əlavə təxliyə reysləri ilə Əfqanıstandan çıxmaq istəyənlərin müraciətlərini qəbul etdiyini bildirir. Ötən həftə Moskva 360 nəfəri təxliyə edib.

Birləşmiş Ştatlar avqustun 30-da müttəfiq ölkələrin nazirlər səviyyəsində virtual görüşündə “gələcək günlər və həftələr üçün Əfqanıstana vahid yanaşma”nı müzakirə edəcək.

Fransa Prezidenti Emmanuel Makron deyib ki, Fransa və Britaniya avqustun 30-da BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasına qətnamə təqdim edəcək. Məqsəd Kabildə davamlı “humanitar əməliyyatlara” imkan verəcək, “BMT-nin nəzarəti altında təhlükəsiz zona” yaratmaqdır.

XS
SM
MD
LG