Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:12

Dünya Səhiyyə Təşkilatı malyariya vaksinindən istifadəyə icazə verdi


Keniyada malyariya vaksini ilə peyvəndləmə
Keniyada malyariya vaksini ilə peyvəndləmə

Bu, hər il yüzminlərlə insanın həyatına son qoyan xəstəliyə qarşı mübarizədə atılmış çox böyük addımdır

Dünya Səhiyyə Təşkilatı (DST) oktyabrın 6-da bildirib ki, malyariyaya qarşı yeganə təsdiq olunmuş vaksin afrikalı uşaqlara vurula bilər.

Reuters yazır ki, bu, hər il yüzminlərlə insanın həyatına son qoyan xəstəliyə qarşı mübarizədə atılmış çox böyük addımdır.

DST-nin tövsiyə etdiyi RTS,S və ya Mosquirix adlı vaksin Britaniyanın GlaxoSmithKline əczaçılıq şirkətində hazırlanıb.

2019-cu ildən bəri Mosquirix vaksininin 2.3 milyon dozasından Qana, Keniya və Malavidə azyaşlıların peyvəndlənməsi üçün istifadə olunub.

Bu, əslində DST tərəfindən idarə olunan pilot proqram idi. Malyariya xəstəliyindən ölənlərin böyük əksəriyyəti 5 yaşınadək uşaqlardır.

Çilidə bitən nadir ağac

Bundan əvvəl vaksin 10 il müddətində Afrikanın 7 ölkəsində kliniki sınaqlardan keçib.

DST-nin baş katibi Tedros Adhanom Qebreyesus deyib ki, vaksindən istifadə hər il on minlərlə uşağın tələf olmasının qarşısını alacaq.

Mosquirix vaksininin tərkibində olan maddələrdən biri də Çilidə bitən nadir həmişəyaşıl Kvillaya ağacından alınır.

Reuters yazır ki, bu nadir ağaclardan uzun müddət mənbə kimi istifadə edilə biləcəyi suallar doğurur.

COVID-19-dan daha ölümcül

Afrikada malyariya COVID-19-dan daha ölümcül xəstəlikdir.

DST-nin məlumatına görə xəstəlik 2019-cu ildə 386 min afrikalının həyatına son qoyub. Son 18 ayda koronavirus Afrikada 212 min insanın ölümünə səbəb olub.

DST bildirir ki, malyariyadan ölümlərin 94 faizi Afrikada baş verir. Qarşısı alına bilən bu xəstəliyin daşıyıcısı ağcaqanadlardır. Xəstəlik qızdırma, qusma və zəiflik kimi simptomlarla müşayiət olunur.

Bu da qeyd olunur ki, vaksinin bu xəstəliyin qarşısının alınmasında effektivliyi yalnız 30 faiz olsa da, o hələki rəsmən təsdiqlənmiş yeganə vaksindir.

Avropa Tibb Agentliyi vaksini 2015-ci ildə təsdiq edib.

Britaniyanın Oksford Universitetində hazırlanmış R21/Matrix-Mthat adlı başqa bir vaksinin effektivliyi 77 faizdir. Vaksin hazırda Burkina Fasoda 450 uşağın iştirakı ilə sınaqdan keçirilir.

XS
SM
MD
LG