Ukraynanın şərqində, Moskvanın qüvvələrini cəmlədiyi Donetsk vilayətindəki Baxmut və Avdiyevka şəhərlərində ağır döyüşlər gedir. Region rəsmisi cənubdakı Mariupol şəhərində məşhur teatrın rusiyalıların tərəfindən söküldüyünü bildirir.
Krımın şimalında mövqelər möhkəmləndirilir
Rusiya qüvvələri şərqi Sumı, Xarkov və Luqansk vilayətlərində də hərbi və mülki obyektləri bombalamaqdadır. Son 24 saat ərzində ümumilikdə 19 hücumun dəf olunduğu xəbər verilir.
Baş Qərargahın məlumatına görə, ağır itkilər Rusiya ordusunu Zaporojye vilayətindəki Berdyanskda səhra qospitalı açmağa vadar edib. Burada bur sıra kurortlar hərbi personalın məkanına çevrilib.
Rəsmi məlumatda o da vurğulanır ki, Ukraynadan qanunsuz ilhaq olunmuş Krım vilayətinin şimalında Rusiya ordusu müdafiə mövqelərini möhkəmləndirir, görünür, Ukraynanın mümkün hücumu sarıdan narahatdır.
Moskvada Baş Qərargah rəisi Valeri Gerasimov isə deyib ki, Ukraynada döyüş zonasında vəziyyət sabitdir, Rusiya qüvvələri Donetskin “tamamilə azad olunmasına” fokuslanıb.
Mariupol teatrı sökülür
Cənubda Azov dənizi sahilində yerləşən, bu ilin mayında ukraynalı döyüşçülərin bir neçə aylıq müqavimətindən sonra təslim olan Mariupolda Rusiya qüvvələri məşhur Dram Teatrını sökməyə başlayıblar. Bunu şəhər merinin müşaviri Petro Andryuşenko Telegram-da yazıb.
Tarixi abidə olan bu teatr Rusiya işğalının əvvəlində 600 nəfərin, o cümlədən xeyli uşağın sığınacağına çevrilmişdi. İçərisində uşaqların olması barədə binanın üstündə aydın xəbərdarlığa baxmayaraq, teatr Rusiyanın hava zərbələrinə məruz qalırdı.
“Bu dağıtma açıq-aşkar müharibənin birinci fazasının əvvəlində ukraynalıların rusiyalıların tərəfindən bilərəkdən öldürülməsinin fiziki dəlilini həmişəlik gizlətmək cəhdidir”, – Andryuşenko yazıb. O, teatrın yalnız ön tərəfinin, görünür, gələcək rekonstruksiyadan ötrü təməl kimi saxlandığını qeyd edib.
“Associated Press” araşdırma nəticəsində Mariupolda 10 mindən çox yeni məzarın aşkarlandığını yazır. Döyüşlər vaxtı yerlə-yeksan edilmiş şəhərdə ölü sayının ilkin dəyərləndiriləndən – azı 25 mindən üç dəfə yuxarı ola biləcəyi deyilir. “AP” rusiyalıların 50 mindən çox evi sökməyi planlaşdırdığını qeyd edir.