Qarabağda, Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında bugünlər baş vermiş toqquşma, buna Bakı və Yerevandan verilən reaksiyalar Rusiyanın media məkanında narahatlıqla izlənir.
Rusiyalı jurnalistlər, şərhçi və politoloqlar Rusiyanın bu bölgədə özünün ən böyük geosiyasi sınağı ilə üzləşdiyini etiraf edirlər.
“Sülhməramlıların Qarabağdan çıxması avtomatik olaraq Rusiya qoşunlarının Ermənistandakı bazadan da çıxması ilə nəticələnəcək.
Bunu özünün Donskoy kazak adlı teleqram kanalında Moskva Dövlət Beynəlxalq Münasibətləri İnstitutu (MGIMO) Avroatlantika təhlükəsizliyi mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov yazıb.
O qeyd edib ki, belə olduğu halda Yerevanın Qərbə istiqamət götürməsi media-piar deyil, real mahiyyət kəsb edəcək:
"Dağlıq Qarabağda yeni silahlı insidentlər baş verir. Stavkalar böyüyür. Bu istiqamətdə ultimatumlar yeni taktika olmasa da, aşkardır ki, bunların arxasında güc varsa, risklər də xeyli artır. Rusiya üçün Qafqazdakı bu nöqtənin xüsusi əhəmiyyəti var. Bunu hətta açar adlandırsaq yanılmarıq. Burada (hətta Qərblə artan rəqabət və Türkiyə ilə “rəqabətli partnyorluq” şəraitində də) əsas moderator rolunun saxlanması Moskvanın həm Ermənistana, həm də Azərbaycana təsir imkanını təmin edir”.
Bakı və Yerevan arasında neytrallıq
Politoloqun fikrincə, Moskvanın özünü hər iki tərəfdən aralı saxlamasını kimsə mühüm resurs, kimsə çətinlik hesab edir. O qeyd edir ki, belə mövqeyin həm xeyirləri, həm də ziyanları var və bu, Moskvanın məsələyə fəal müdaxilə etmək imkanlarını məhdudlaşdırır.
Bununla belə Markedonov bu qənaətə gəlir ki, Moskvanın Yerevan və Bakı arasında hansısa “yekun mövqe” tutması düzgün olmazdı.
Şərhçinin fikrincə burada variantlar olsa da, onlardan çəkinmək lazımdır:
“Rusiyanın Ermənistan və Azərbaycana təsirini itirməsi, buğun Gürcüstanda yer alan müsbət meylləri tormozlaya bilər. Aydın məsələdir ki, Türkiyənin səsi (təkcə Qafqaz, Suriya və Ukraynada deyil) bütün meydanlarda daha da ucalacaq. Beləliklə “Qarabağ açarı” uğrunda mübarizə aparmağına dəyər”.
Moskvasız da barışıq ola bilər
Markedonov yazır ki, bunu minimum ziyan, maksimum fayda ilə etmək lazımdır:
"Ermənistan və Azərbaycan arasında Rusiyasız sülh mümkündürmü? Moskvanın iştirakı olmadan regional nizam ola bilərmi? Beynəlxalq siyasətdə hər şey mümkündür. Tarixdə Rusiya dövlətinin bu və ya digər formada Qafqazda olmadığı və ya minimum mövcudluğunun olduğu vaxtlar olub. Hər halda 2000-ci illərdə Balkanları RF-in iştirakı olmadan barışdırıblar”.
Bununla belə Markedonov etiraf edir ki, Moskva Qafqaza yox, Qafqaz Moskvaya lazımdır:
“Rusiyanın özü Qafqaz dövlətidir. Bunu bir dəqiqəlik belə unutmaq olmaz. Buna görə də Moskvanın Cənubi Qafqazdakı məsuliyyəti xüsusidir. Daha bir emosional-psixoloji məqam da var. İstənilən ölkənin öz yaxın qonşuluğundakı təhlükəsizliyə xüsusi münasibəti olur. Qərb potensial sülhməramlı kimi Qafqaz regionunda fəaliyyət göstərir və göstərəcək. Nə olar? Qoy uzaq periferiyada olsun, qışqırmasın, dava salmasın, buna da şükür. Amma detallara və nyuanslara sirayət etmək Rusiyanın imtiyazıdır. Hərçənd buğun bizim özümüz heç də hər şeydə bu yüksək plankaya uyğun gəlmirik. Yaxşı ki, heç olmasa bunun mühüm olduğunu etiraf edirik”.
Moskva üçün “nala-mıxa vurmaq” çətinləşir
Kremlin aparıcı propaqandaçılarından biri, Kommersant qəzetinin şərhçisi Maksim Yusin isə yazır ki, düşmənçilik edən iki ölkə arasında “nala-mıxa vurmaq” Moskva üçün getdikcə çətinləşir.
Yusin qeyd edir ki, martın 5-də Qarabağda baş vermiş silahlı toqquşmaya görə həm Bakı, həm də Yerevan Moskvanı ittiham edirlər.
O konkret bu məsələdə (dediyinə görə video görüntülərinə əsaslanaraq) erməni tərəfinin haqlı olduğunu vurğulayır:
“Necə olursa olsun, bir fakt şübhə doğurmur, döyüş Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında baş verib.”
Bakı cəsarətlə və məharətlə
Yusin hesab edir ki, Bakı yaranmış vəziyyətdən “məharətlə” istifadə edir:
“Bakı Rusiyanın Ukraynada ilişib qalmasından və daha bir cəbhə açmağı özünə rəva görə bilməməsindən məharətlə istifadə edir, sərhədləri pozur, gah Qarabağda sülhməramlıların məsuliyyəti zonasında, hətta Qarabağdan kənarda, Moskvanın müttəfiqi, KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzvü, nəzəri baxımdan bu hərbi blokun himayəsində olan Ermənistanın ərazisindəki mövqelərə hücum etməklə gücə əl atır”.
Yusin etiraf edir ki, yaranmış vəziyyətdə Moskva öz müttəfiqini müdafiə etmək, münasibətlərini təkcə Azərbaycanla yox, buğun üçün daha mühüm partnyoru – Türkiyə ilə korlayacaq halda deyil:
“Bakıda bunu bilirlər və ona görə də özlərini belə cəsarətli, bəzən isə, daha ötkəm aparırlar. Dağlıq Qarabağın blokadası buna misaldır”.
Moskvanın “suqsvanq” vəziyyəti
Maksim Yusin yazır ki, Yerevanda da yaranmış vəziyyətdən narazıdırlar və Moskvaya başqa cür, geosiyasi metodlarla təzyiq göstərirlər:
“Ermənistan baş naziri Nikol Paşinyanın komandası hər imkan düşən kimi Kremlə vasitəçi, müdafiəçi və sponsor kimi Qərbi seçə biləcəyini göstərir. Təsadüfi deyildir ki, Yerevan son vaxtlar avropalı və amerikalı nümayəndələrlə kontaktlarını gücləndirib, Azərbaycanla münaqişədən çıxış yollarını Moskvada yox, Brüsseldə müzakirə edir”.
Siyasi şərhçi əlavə edir ki, Moskva daha çox Nikol Paşinyana bağlı teleqram kanallarında tənqid olunur.
Yusinin fikrincə bu, Paşinyana onsuz da şübhə ilə yanaşan Moskvanın daha da qıcıqlanmasına səbəb olacaq:
“Amma şahmat analogiyaları ilə desək, Rusiya üçün də vəziyyət getdikcə daha çox suqsvanqı xatırladır. Onun mövqeyi istənilən mümkün gedişlə daha da ağırlaşır”.
Danışıqlar
Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Brüssel formatını dəstəkləyir.
Amma ötən ilin sonları hər iki danışıqlar, əsasən, dayanıb. Bununla belə, ötən ay Avropa İttifaqı Şurası "sabitliyə töhfə vermək" məqsədilə Ermənistana mülki missiya göndərib.
Üstəlik, fevralın 18-də Münhendə Azərbaycan prezidentinin ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
Görüşdən sonra tərəflər danışıqlarla bağlı, əsasən, nikbin fikirlər dilə gətiriblər.
Bunun ardınca, ötən həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanda olub və orada da sülh danışıqları müzakirə edilən məsələlər sırasında olub.
Martın 5-də Qarabağda yenidən atəşkəsin pozulması ilə bağlı qarşılıqlı ittihamlar səslənib. Hər iki tərəfdən ölən və yaralananların olduğu deyilir.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.