Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:47

Marsda həyat olub keçib...


NASA-nın uçuş dispetçeri Robert Frost başqa planetlərdəki həyatlardan danışıb. Amma əvvəlcə bizə sual verib: Siz həyat nəyə deyirsiniz?

NASA-nın uçuş dispetçeri Robert Frost “başqa planetlərdə həyat varmı” sualına cavab verməzdən əvvəl əks-sual verib: Siz həyat deyəndə nəyi nəzərdə tutursunuz?

O deyib ki, biz başqa planetlərdə həyatdan danışanda nədənsə az və ya çox dərəcədə öz planetimizdəkinə bənzər həyatı nəzərdə tuturuq.

Məsələn, əgər həyat təbii artımdırsa, bəli heyvanlar və insanlar yaşayırlar.

Əgər söhbət böyümədən gedirsə, kristalı da canlı hesab etmək olar, axı o da böyüyür.

Frost hesab edir ki, biz əvvəlcə həyat anlayışının özü barədə müəyyən konsensusa gəlməliyik.

Başqa planetlərdə həyat varmı? Axı həyat nəyə deyirik?

Biz həyat deyəndə, öz planetimizdəki prosesləri göz önünə gətiririk. Yəni həyat üçün su, hava, karbon lazımdır. Onda belə çıxır ki, bu elementlərin mövcud olduğu bütün planetlərdə həyat olmalıdır, amma bu, məsələyə çox sadəlövh baxışdır.

“Bununla belə kimya elmi bizə deyir ki, həyat böyük bir ehtimalla hər hansı başqa bir elementdən daha çox karbon üzərində yarana bilərdi. Karbon ən yüngül və geniş yayılmış elementdir” – deyir Frost.

Marsda axar su olub
Marsda axar su olub

O izah edir ki, karbonun atomu öz xüsusiyyətlərinə görə ən müxtəlif və başlıcası ən mürəkkəb kimyəvi birləşmələrin əsasını təşkil edə bilər.

Həyat karbon birləşmələrinin özü qədər mürəkkbəbdir. Lakin karbon həm də həyatın özü kimi dəyişkəndir. Bəlkə də əksini demək lazımdır: Həyat karbon qədər dəyişkəndir.

Karbon dördvalentlidir. Bu o deməkdir ki, karbonun başqa maddələrlə birləşmək üçün dörd qolu var. Azotun 3, oksigenin isə iki qolu var. Bu, elementlərin kimyəvi dəyişkənliyini şərtləndirir.

Frost deyir ki, elə həyat da, davam etmək üşün dəyişməlidir.

Həyatın daha bir kimyəvi şərti sudur. Su sözün əsl mənasında “həlledicidir”. O müxtəlif maddələri həll edib məhlula çevirir. Bu isə o deməkdir ki, müxtəlif maddələr su məhlulunda saxlana, daşına və istehlak oluna bilər. Lap elə canlı hüceyrələrdəki su kimi.

Beləliklə, biz hər hansı bir planetdə həyatın mövcud olub-olmadığını orada karbon və suyun olub-olmaması əsasında söyləyə bilərik. Bir də əlbəttə, suyu maye halında saxlayan münasib temperaturlar zərurudir.

Marsda çay da olub, okeanlar da

Üç ay bundan əvvəl NASA xəbər vermişdi ki, Marsda axar su izləri aşkar edilib. Mars Reconnaissance Orbiter modulunun göndərdiyi fotoları öyrənən alimlər bu qənaətə gəlmişdilər ki, Marsın səthindəki “çay yataqları” su vasitəsilə nəql olunan duzları göstərir.

Ondan dörd ay əvvəl başqa tədqiqatçılar Marsın xlorlu duzlarını öyrənərkən bu nəticəyə gəlmişdilər ki, bu planetdə 3 milyard 600 milyon il əvvəl göl olub. Bu Arxey geoxronoloji dövründə olub. O vaxt Yer planetində artıq prokariotlar – nüvəsiz təkhüceyrləi orqanizmlər yaranmışdı.

Bundan da dörd ay əvvəl tamam başqa bir qrupdan olan alimlər Marsdakı atmosfer suyunu öyrənmiş və yazmışdılar ki, 4 milyard il bundan əvvəl Marsda qlobal ölçülərlə azı 137 metr dərinliyində su örtüyü olub.

Həyat üçün yararlı Kepler-186F planeti
Həyat üçün yararlı Kepler-186F planeti

Frosta görə, Marsda yüz milyonlarla il ərzində maye su olubsa, deməli orada, hətta geoloji baxımdan çox qısa müddətdə həyat ola bilərdi.

Başqa sözlərlə, ola bilsin ki,Marsda həyat olub və keçib. Amma kədərlənmək lazım deyil.

NASA-nın Cassini və Dawn kimi missiyaları Yerə təkcə heyranedici fotolar göndərmir. Onların topladığı məlumat əsasında Günəş sistemindəki suyun yayılma miqyası tədqiq edilir.

Ehtimal edilir ki, Yupiterin peykləri olan Qanimed və Kalistoda, habelə Saturnun peykləri Enkelad, Titan və Mimasda səthaltı duzlu okeanlar mövcuddur. Neptunun peyki Tritanda da səthaltı dənizlər mövcud ola bilər. Elə bir neçə ay bundan əvvəl New Horizons modulunun göndərdiyi şəkillərdən bəlli olub ki, Plutonda da donmuş su var.

Canlı planetlər tezliklə aşkar olunacaq

Ötən sentyabrda İcarus jurnalında dərc olunmuşç məqalədə kometlərin həyatın yaranmasında rolundan söhbət açılır. Kometlər planetlərə təkcə su yox, həm də peptidləri gətirir. Peptidlər hələ orqanizm sayılmasa da, canlı maddə hesab olunurlar. Bu “canlı maddələr”də bir-birinə bağlı amin turşuları olur.

Bəşəriyyət elə bu onillikdə, uzağı 20-30 ilə Yerdən kənarda həyatın mövcudluğunu isbat edəcək

Bir çox bioloji aktiv maddələr peptiddir. Məsələn,bir sıra hormonlar, ayrı-ayrı antibiotiklər, müxtəlif toksinlər, orqanizmdə gedən fizioloji proseslərə təsir edən maddələr və sair.

Ekzoplanetlərin – yəni Günəş sistemindən kənardakı planetlərin öyrənilməsi artıq elmin yeni sahəsi deyil. Alimlər deyirlər ki, başqa günəş sistemlərində həyat üçün yararlı 30-dək planet var.

Odur ki, sıxılmağa dəyməz. Bu yaxınlarda NASA-nın baş elmi işçisi doktor Stofan deyib ki, bəşəriyyət elə bu onillikdə, uzağı 20-30 ilə Yerdən kənarda həyatın mövcudluğunu isbat edəcək.

“Başlıcası budur ki, bizim lazımi texnologiyalarımız var və biz harda axtarmağlı olduğumuzu bilirik” – deyib alim.

XS
SM
MD
LG