►Gəyəçöl məktəbinə getmək istəməyənlər var
“Ötən il demişdilər ki, bu tədris ilinə məktəb tam təmirli şəkildə istifadəyə veriləcək. Tədris ili başladı, gəldik gördük, köhnə hamam, köhnə tas… Övladlarımız bu tədris ilini də soyuq, təmirsiz, başlarına uçan məktəb binasında başa vurmaq üzrədilər. Ancaq növbəti il də məktəb bu vəziyyətdə olsa, sentyabrın 15-də uşaqlarımızı aparıb Təhsil Nazirliyinin binasının qarşısına tökəcəyik”.
Bunu AzadlıqRadiosuna Masallının Gəyəçöl kənd sakini Nənəxanım Hacıyeva deyir.
Onun sözlərinə görə, iki övladı Nicat Həsənov adına Gəyəçöl kənd tam orta məktəbinin şagirdidir. Ancaq deməsinə görə, məktəb qəzalı vəziyyətində olduğundan övladlarını oraya yollamaqdan qorxur.
Kənd sakini İlham Əsgərov deyir, məktəbin damı və döşəməsi tamamilə sıradan çıxıb. Pəncərələr şüşəsizdir. Qapı sınıq-sınıq, partalar sovet dövründən qalmadır:
“Ancaq bu yaxınlara qədər məmurlar deyirdilər ki, ölkədə bircə təmirsiz məktəb qalmayacaq. Bəs niyə uşaqlarımız hələ də qəzalı məktəbə gedirlər?Əvvəl deyirdilər, “az qalıb, məktəb əsaslı təmir olunacaq. Hələ bəlkə söküldü, yerində təzəsi tikildi”. Bəs nə oldu? İndi deyirlər, “pul yoxdu””.
____________________________________________________________
Bunlara da bax:
-
İbrahim Ləmbəranskiyə yeni vəzifə verildi
-
Rauf Mirqədirovun anası: “Nəinki onu, anasını, atasını da sındırdılar”
-
Trump-ın Rusiya sevgisi nədən qaynaqlanır
____________________________________________________________
“SOYUQ CANLARINI ALIR”
Sakin deyir, yeni məktəbin tikintisinə və ya əlavə korpusun inşasına, onların müasir avadanlıqlarla təminatına ehtiyac var.
Sakinləri narahat edən odur ki, kənddə yararsız məktəbdən imtina edənlərin sayı gündən-günə artır. Bu isə kənd məktəblilərinin təhsilsiz qalmasına səbəb olur. İlham Əsgərov:
“Uşaq istəyir ki, özünü sinif otağında şagird kimi hiss etsin. Ancaq bizim uşaqlar özlərini siçovul yuvasında hiss edirlər. Sınıq-salxaq partaların arxasında sınıq stullarda paltolarına bürünüb otururlar. Fikirləri canlarını alan soyuqda qalır, dərs beyinlərinə girmir”.
NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT EDİLİB
Masallının təhsil şöbəsindən “Qaynat xətt"ə bildirilib ki, Təhsil Nazirliyi, Masallı rayonunun Gəyəçöl kənd tam orta məktəbi üçün yeni binanın inşası məsələsinə Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılmasından ötrü Nazirlər Kabinetinə müraciət edib.
Ancaq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Masallı rayonu üzrə təhsil müəssisələrinin tikintisi və yenidən qurulması tədbirləri sırasında Gəyəçöl kənd tam orta məktəbinin adı yer almayıb.