«Bir nəfərin ayağı sürüşdü, suya düşdü, axar su aparırdı, yazığı zorla dartıb çıxara bildik».
Masallının Əminli kəndinin Viləşçaya yaxın evlərini oktyabrın 26-da su basıb. İki gündür ki, bu kənddə evsiz qalanlar var. Onlardan biri də AzadlıqRadiosuna danışan Niyaməddin Zeynalovdur.
«MAL-QARANI ZORLA ÇIXARMIŞIQ»
Kənd sakininin deməsinə görə, sel sularının gəlib evlərə çatmasına səbəb Viləşçayın kənd istiqamətindəki bəndinin açılmasıdır: «Gördülər çay daşır, bəndi açdılar, güclü su axını başladı. Evlərimiz, əkin sahələrimiz qaldı suyun altında... Mal-qaranı zorla kənara çıxarmışıq».
N.Zeynalovun sözlərinə görə, oktyabrın 26-da əraziyə icra hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib. Hətta suyun qarşısını kəsməyə texnika da gətirilib: «Su çox sürətlə gəlir. Qarşısını almaq mümkün deyil. Gördülər əllərindən heç nə gəlmir, bir-bir dağılışdılar. 3 ədəd texnika gətirmişdilər, yeri qazırdılar, ancaq heç o texnikalar da bir işə yaramadı, yığışdırıb apardılar».
«CAMAAT BAŞINI İTİRİB»
Texnikaları yığışdırıb aparandan sonra, necə deyərlər, meydanda tək qalan kəndlilər özləri kisələrə qum dolduraraq sel sularının qarşısına yığmağa başlayıblar. Bununla, az da olsa, suyun qabağı kəsilib. Ancaq oktyabrın 27-də səhər saat 11-də güclənən sel qumla dolu kisələri yuyub aparıb və növbəti dəfə evlərə «hücum çəkib»:
«Hazırda durum çox kritikdir. Heç kəs yoxdur. Camaat səhər açılandan başını itirib. Sel irəlilədikcə başqa evlər də təhlükə altına düşür. Adamlar eləcə baxa-baxa qalıblar. İcra hakimiyyətinin, fövqəladənin işçiləri gəlirlər, eləcə başlarını bulayıb qayıdıb gedirlər. Deyirlər, «əlimizdən heç nə gəlmir»».
«SELİN QARŞISINI NECƏ ALSINLAR?»
Masallı rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Viləşçayın daşmasına səbəb aramsız yağışlardır. Qurum sakinlərin dedikləri ilə razılaşmır: «Elə deyil, necə yəni, gəlib, baxıb qayıdırlar. Fövqəladə Hallar Nazirliyinin briqadası əlindən gələni edir. Bu, seldir, selin qarşısını necə alsınlar?».
İcra hakimiyyətindən bildirilib ki, hazırda həm qurumun əməkdaşları, həm də Fövqəladə Hallar Nazirliyinin briqadası Əminli kəndində sel sularının basdığı ərazidədirlər.
Sakinlərsə deyirlər ki, ərazidə heç bir dövlət nümayəndəsi yoxdur və sel sularının qarşısını özləri bildikləri kimi kəsməyə çalışırlar. Onlar bildirirlər ki, gün ərzində dövlət qurumları əsaslı fəaliyyətə keçməsələr, sel suları irəliləsə, kənddəki bütün evlər su altında qala bilər.
Bir neçə gündür ki, bölgələrə yağan intensiv yağışlar nəticəsində çaylar daşaraq məcrasından çıxır. Çaylara yaxın ərazilərdəki evlər, əkin sahələri, iri və xırdabuynuzlu heyvanlar, ev quşları sel suları altında qalır.