-
«O torpaq 1997-ci ildən mənə məxsusdur. Əlimdə sənədim-sübutum var. Amma Aydın Sahibov adlı şəxs mənə məxsus 6 sot torpağın 3 sotunu aldığını iddia edir. İki dəfə məhkəmə olub və mən o məhkəmələri udmuşam. Çünki torpağın mənə məxsus olmasına dair əlimdə sənəd var. Amma torpağa iddialı şəxs gedib rayon polisinə şikayət edib və onlardan dəstək alıb. Ora-bura adam tapıb. Nəhayətdə, məhkəməni ələ ala bilib».
Masallı rayon sakini Şahdigar Teymurov ona məxsus torpaq sahəsinin bir işadamına satıldığını iddia edir. Deyir, rayonun Aşurlu Fermer Təsərrüfatının sahibi olmuş Əhmədağa Əzizovla Kolatan kənd sakini Aydın Sahibov əlbir olaraq onun oğlu Zaur Teymurovun əmlakını saxta sənədlərlə mənimsəyiblər:
«POLİS ŞÖBƏSİNDƏ MƏNİ ALDADIB SƏNƏDLƏRİ ƏLİMDƏN ALDILAR»
«Əhmədağa Əzizov vaxtilə oğlumun adına torpaq sahəsi rəsmiləşdirib. Sonradan həmin sənədlərə yalan məlumatlar daxil edərək, əslində, həmin torpağın qohumu Aydın Sahibova məxsus olduğunu deyib. Rayon prokurorluğuna müraciət edib ki, guya oğlum həmin torpağı zəbt edib. Masallı Rayon Polis Şöbəsində isə məni aldadaraq torpağın mülkiyyət sənədlərini araşdırma adıyla götürüb geri qaytarmadılar. Ramil Usubovadək hər yerə yazdım, xeyri olmadı. Sonradan araşdırdım ki, müstəntiqlə həmin adamların yaxın münasibəti varmış. Baş prokuror Zakir Qaralovun daqəbuluna düşdüm. Dedi, göstəriş verəcək, haqq-ədalət yerini tapacaq. Ancaq tapmadı...».
Şahdigar Teymurovun sözlərinə görə, iki məhkəmə onun oğlunun xeyrinə qətnamə çıxarsa da, Ali Məhkəmə qərarları ləğv edib. Sonuncu məhkəmə qərarı qarşı tərəfin xeyrinə olub:
«BİZİM TALEYİMİZİ PUL HƏLL ELƏDİ»
«Ailəm 15 nəfərdən ibarətdir. Bu qədər ailə üzvüylə 6 sot torpaqda ev tikib yaşayırıq. Birinin pulu çoxdur deyə, polislə, hakimlə əlbir olub 1997-ci ildən mənə məxsus torpağı saxta qərarlarla əlimdən aldı. Hər şeyi pul həll elədi... 3 il ərzində mənim və ailəmin başına gətirmədikləri oyunlar qalmadı... Axırda da icra məmurları ilə gəlib evimi başıma uçurdular. 22 ilin şəkər, təzyiq xəstəsiyəm. Bundan sonra harada, necə yaşayacağıq, hələ də bilmirik... Bizim taleyimizi pul və saxta qərar həll etdi».
Aydın Sahibov məhkəmə izahatında göstərib ki, həmin torpaq sahəsini vaxtilə həmkəndlisi Əhmədağa Əzizovdan alıb. Torpaq sahəsindən faktik yararlanan Şahdigar Teymurovdan zəbt olunmuş torpağı geri istəsə də, razılığa gələ bilməyiblər.
Masallı Polis Şöbəsindən «Qaynar xətt»ə bildiriblər ki, bu mübahisəyə məhkəmə öz hüquqi qiymətini verdiyindən münasibət bildirə bilməzlər. Müstəntiqin sənədləri məqsədli şəkildə alıb geri qaytarmaması ilə bağlı şikayəti vardısa, Şahdigar Teymurov hüquq-mühafizə orqanlarına o müstəntiqin əməllərindən şikayət edə bilərdi.
İndi Şahdigar Teymurov 15 nəfərlik ailəsiylə hara sığınacağını bilmir.
Məhkəmə mübahisəli torpaq sahəsinə Aydın Sahibovun mülkiyyət hüquqlarını tanıdığı üçün bu ilin martında həmin torpağın üzərindəki ev sökülüb.