Avropa Şurası aprelin 5-də özünün həbsxanalara dair illik statistik hesabatını dərc edib.
Bu hesabatda Azərbaycan da daxil 49 ölkəyə dair məlumatlar əksini tapıb.
Hesabatda qeyd olunur ki, 2021-ci il yanvarın 31-ə olan məlumata görə bütün Avropa boyunca məhbus sayı 1 milyon 414 min 172-dir.
Bu da bildirilir ki, hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə Avropa üzrə ümumi rəqəm 2020-2021-ci ildə 104.3-dən 101.9 nəfərə düşüb. Bu isə 2.3 faiz azalma deməkdir.
Hesabatda deyilir ki, məhbus sayına görə birinci yeri Rusiya tutur. Bu ölkədə 480 minə yaxın məhbus var.
Türkiyə üçün bu rəqəm 272 min, Britaniya üçün 87 min, Almaniya üçün 60 min nəfərdir.
Azərbaycanda hesabatda dövründə 21 min 813 məhbus olub. Bu, 2020-ci ildəki 21 min 12 məhbusdan çoxdur.
Rusiya və Türkiyənin antirekordları
Avropa üzrə hər 100 min nəfərə düşən məhbus sayına görə rəqəm 102 olub.
Rusiyada bu rəqəm 328, Türkiydə 325, Gürcüstanda 232, Azərbaycanda 216 olub.
Hesabatda qeyd olunur ki, bir sıra ölkələrdə hər 100 min nəfərə düşən məhbus sayı azalıb.
Məsələn Kiprdə bu azalma 28 faiz, Monteneqroda 24 faiz, Sloveniyada 22 faiz təşkil edib.
Gürcüstanda məhbus sayı 12 faiz, Ermənistanda 11.5 faiz azalıb.
Həmin müddət ərzində Azərbaycanda məhbus sayı 3.3 faiz artıb.
Hesabatda həbsxanalardakı məhbus sıxlığı ilə bağlı rəqəmlər də var. Avropada ümumi məhbus sıxlığı hər yüz yer üçün 90 məhbusdan 85.4 məhbusa düşüb.
Azərbaycan üçün bu rəqəm Avropa göstəricisinə çox yaxındır – 85.5 məhbus.
Qadınlar, əcnəbilər və intiharlar
Azərbaycanda qadın məhbusların sayı Avropanın orta rəqəmindən aşağıdır. Azərbaycanda məhbusların 2.7 faizi qadınlardır. Latviyada bu rəqəm 8.5, Çexiyada 8.2, İspaniyada 7.3 faizdir.
Avropa üçün orta rəqəm 4.7 faiz sayılır.
Hesabatda əcnəbi məhbuslara aid göstəricilər də var. Əcnəbi məhbus sayına görə birinci yerdə 73 faizlə Lüksemburqdur.
Onun ardınca İsveçrə (71 faiz), Yunanıstan (60 faiz), Avstriya (50 faiz) gəlir.
Azərbaycan üçün bu rəqəm 2.2 faizdir. Bu, Avropada ən aşağı göstəricidir.
Həbsxanada ikən intihar edənlərin sayı üzrə Avropada orta rəqəm hər 10 min nəfərə hesabı ilə 5.7 nəfərdir.
Azərbaycan üçün göstərici 1.8 nəfər olub.