Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:50

Məhkəmə Yunusları xaricə buraxmadı


Leyla Yunus və Arif Yunus
Leyla Yunus və Arif Yunus

-

Yasamal rayon Məhkəməsi hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunusun müalicə üçün xaricə getməsinə icazə verməyib. Bu haqda AzadlıqRadiosuna Yunusların vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, Leyla Yunus xroniki hepatit, arterial hipertenziya və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Bundan başqa, öd kisəsindəki daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur. Bu da xəstənin təcili əməliyyat olunması zərurəti yaradıb. Arif Yunus isə həyati təhlükəli arterial hipertenziya və boyun nahiyəsində ağrılardan əziyyət çəkir. Ekspert rəyinə əsasən, Yunusların yüksək ixtisaslaşmış xəstəxana şəraitində müalicəsinə ehtiyac var.

Barələrindəki məhkəmə hökmü ölkə hüdudlarından kənara çıxmalarına icazə vermədiyindən Yunuslar Yasamal məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə fevralın 11-də ərizəni rədd edib.

Vəkil məhkəmənin qərarının qanunsuz olduğunu, apellyasiya şikayəti verəcəklərini bildirib.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunaraq həbs edilmişdilər. Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum etmişdi. Bakı Apellyasiya Məhkəməsi isə Yunusların azadlıqdan məhrumetmə cəzalarını 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edərək, onları sərbəst buraxmışdı.

Leyla və Arif Yunus ictimai fəaliyyətləri, hökuməti tənqid etdikləri üçün həbs olunduqlarını deyirdilər.

XS
SM
MD
LG