Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:02

Mehman Əliyev azadlıqda [video]


Mehman Əliyev məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb. 11sept.2017
Mehman Əliyev məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb. 11sept.2017

Bu gün - sentyabrın 11-i “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən ev dustaqlığına buraxılıb.

Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar verib.

Müdafiə tərəfi məhkəməyə Mehman Əliyev barədə seçilən həbs qəti imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.

Mehman Əliyev: "Mən zona getməyə hazır idim..."

Buna da bax: Səməd Seyidov: ‘Mehman Əliyevin taleyi sıravi insan taleyi deyil’

“Mən hər şeyə hazir idim…”, - bunu məhkəmənin qərarı ilə sərbəst buraxılan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“Açığı mən cəzaçəkmə müəssisəsinə göndəriləcəyimi gözləyirdim. Polis idarəsi ilə tanış olum, təcridxana şəraiti ilə tanış oldum. “Zon”a baxmaq da mənə maraqlı olardı. Yəni hazırlaşırdım…”, – deyərək o vurğulayıb.

Mehman Əliyev azadlıqda
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

‘Bizə olan ittihamlar təsdiqini tapmayacaq’

Bunu yenicə məhkəmə qərarı ilə sərbəst buraxılan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.

Buna da bax:​ Deputat: “Buyursunlar beynəlxalq məhkəməyə müraciət etsinlər”

M.Əliyev daha sonra ona dəstək olan şəxslərə və qurumlara təşəkkürünü bildirib:

“İlk növbədə Azərbaycan ictimaiyyətinə təşəkkür edirəm ki, mənə dəstək oldular. İkincisi mənə dəstək olan xarici ölkələrə, beynəlxalq təşkilatlara təşəkkür edirəm. Ailəmə minnətdaram ki, onlar özlərini güclü apardılar. Bu mənə vacib idi. Mənimlə bir kamerada olan dostlara da təşəkkür edirəm ki, mənə hörmətlə yanaşırdılar”.

Mehman Əliyev prezidentə müraciətindən da danışıb. O qeyd edib ki, müraciətdə Azərbaycanda jurnalistika sahəsində xidmətlərindən və ona olan ittihamlardan bəhs edib:

“Qeyd etdim ki, mən istintaqdan yayınmamışam. Onlarla əməkdaşlıq etmişəm. Bunu nəzərə alaraq, xahiş edirdim ki, qəti imkan tədbiri dəyişdirilsin. Bu gün də (sentyabrın 11-i) yenə eyni şəkildə Yasamal Rayon Məhkəməsinə bir məktub göndərdim. Bu da baş verdi”.

Buna da bax:​ Fərhad Bədəlbəyli: 'Mehman Əliyev bandit deyil, qatil deyil'

Mehman Əliyev “Turan Agentliyinin bundan sonrakı fəaliyyətinə də toxunub:

“Vəziyyətimiz çox çətindir. Hesablar dondurulub. Bundan əvvəl də maddi imkanımız aşağı idi. Ona görə də indi fəaliyyətimizi davam etdirmək çox çətin olacaq…”

Fuad Ağayev: ‘Cinayət işinə xitam verilməyib’

“Turan” İnformasiya Agentliyinin bu gün, sentyabrın 11-i azadlığa buraxılan direktoru Mehman Əliyevin vəkili Fuad Ağayev Yasamal Rayon Məhkəməsinin bununla bağlı qərarını şərh edib. O, qərardan razı qaldıqlarını bildirib.

“Mehman Əliyevin tutulması, onun barəsində həbs qəti imkan tədbirinin seçilməsindən fərqli olaraq bu dəfə qanunun bütün tələblərinə əməl olundu”, – vəkil bildirib.

Buna da bax: WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası

Fuad Ağayev
Fuad Ağayev

Fuad Ağayev qeyd edib ki, M. Əliyev azadlığa çıxsa da, cinayət işi ilə bağlı yenilik yoxdur.

“Cinayət işi üzrə icraata xitam verilməyib. M.Əliyev barəsində qəti imkan tədbirinin növü dəyişdirilib. Ondan başqa yerə getməmək barəsində iltizam alınıb”, – vəkil deyib.

XATIRLATMA

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Buna da bax:​ Əli Həsənov: ‘Prezident Mehman Əliyevlə bağlı aidiyyətı orqanlara tapşırıq verib’

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər.

Buna da bax:​ Heydər Əliyev 'Mehman Əliyevə görə' iki il bir vəzifəni boş saxladı

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-i prezidentin köməkçisi Əli Həsənov da bildirmişdi ki, prezident İ. Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tapşırıq verib.

XS
SM
MD
LG