Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:11

Türkmənistan və Tacikistan Mərkəzi Asiya dostluq müqaviləsini imzalamadılar


Mərkəzi Asiya prezidentləri Çolpan-Ata sammitində
Mərkəzi Asiya prezidentləri Çolpan-Ata sammitində

Politoloq deyir ki, Rusiya Mərkəzi Asiya ölkələri arasında hər hansı potensial inteqrasiya cəhdlərinə mane olmaqda davam edəcək

Türkmənistan və Tacikistan iyulun 21-də Qırğızıstanda keçirilən sammitdə Mərkəzi Asiya ölkələri arasında daha geniş əməkdaşlıq haqqında müqaviləni imzalamaqdan imtina ediblər.

Bu iki ölkənin prezidentləri bildiriblər ki, onlar “Mərkəzi Asiyanın 21-ci əsrdə İnkişafı üçün Dostluq, Qonşuluq və Əməkdaşlıq Müqaviləsini” imzalamazdan əvvəl öz ölkələrinin daxilində “müvafiq prosedurları” başa çatdırmalıdırlar.

Amma Türkmənistan və Tacikistan prezidentləri bu “prosedurların” nə vaxt həyata keçiriləcəyinə dair heç nə vəd etməyiblər.

Təhlilçilər deyirlər ki, Türkmənistan və Tacikistanın mövqeyi bəhanə kimi başa düşülməlidir, çünki bu ölkələrdə bütün qərarları avtokrat prezidentlərin özləri verirlər.

Britaniyada mənzillənmiş Central Asia Due Diligence analitik mərkəzinin əməkdaşı Alişer İlxamov deyib:

"Onlar üçün ölkə daxilində “prosedurlar” heç bir rol oynamır. Onlar bu müqaviləni elə yerindəcə imzalaya bilərdilər”.

İlxamov bildirib ki, Türkmənistanın mövqeyi onu təəccübləndirməyib. Politoloqun sözlərinə görə bu ölkə adətən regional müqavilələrə və inteqrasiya təşəbbüslərinə qoşulmur.

Türkmənistan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, nə də Avrasiya İqtisadi İttifaqına qoşulmayıb.

Ukrayna limanlarından taxıl ixracı ilə bağlı razılaşma imzalandı
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Sərhəd mübahisəsi

Ekspertlər Emomali Rahmonun bu müqaviləni imzalmamasının səbəbini onun ölkəsi ilə Qırğızıstan arasında sərhəd mübahisələrinin olması ilə bağlayırlar.

Tacik politoloq Şerali Rizoiyon deyib ki, Düşənbə və Bişkek iki ölkə arasındakı sərhəd məsələlərini ikitərəfli qaydada həll edəcəklər.

Politoloq bu səbəbdən də Rahmonun sözü gedən müqaviləni imzalamamasını düzgün addım hesab edir.

Bu da qeyd olunur ki, Tacikistan və Qırğızıstan arasındakı 970 kilometrlik sərhədin 35 faizi hələ də demarkasiya olunmayıb.

Sammitdə çıxış edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sərhəd mübahisələrinin həll edilməsi üçün öz vasitəçiliyini Tacikistan və Qırğızıstan hökumətlərinə təklif edib.

Yalnız Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən imalanmış müqavilənin təfərrüatları barədə məlumat verilmir.

Rəsmilər deyirlər ki, sənədin ən mühüm maddələrindən biri də onu imzalayan ölkələr arasında zorakılığn yolveriməzliyi barədədir.

Beş Mərkəzi Asiya ölkəsi prezidentlərinin Çolpan-Atada keçirilən sammitindən əvvəl bir sıra təhlilçilər burada imzalanacaq sənədin bu ölkələr arasında Rusiya və Çinin təsirindən kənar münasibətlərə imkan verəcəyinə ümid edirdilər.

Moskva xofu

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, sözü gedən sammit Rusiyanın Ukraynaya müdaxiləsinin davam etdiyi bir vaxta təsadüf edib.

Təhlilçilər bildirirlər ki, Rusiya xüsusilə də Tacikistan və Qırğızıstanda böyük təsir gücünə malikdir.

Moskva son aylarda Qazaxıstan neftini Avropaya nəql edən Xəzər Kəmərini dəfələrlə dayandırıb.

Bir sıra təhlilçilər bunu prezident Kasım-Jomart Tokayevin Ukraynadakı separatçı bölgələrin müstəqilliyini tanımamasına Moskvanın reaksiyası kimi qiymətləndirirlər.

İlxamov da deyir ki, Rusiya Mərkəzi Asiya ölkələri arasında hər hansı potensial inteqrasiya cəhdlərinə mane olmaqda davam edəcək.

Politoloqun fikrincə Moskva Mərkəzi Asiyadakı kəmər və yolların şaxələnməsini və onun nəzarətindən çıxmasını istəmir.

Tacikistana gəlincə isə bu ölkədəki daxili stabillik Moskvaya bağlıdır, beləki yüzminlərlə tacik Rusiyada işləyən qohumlarının göndərdiyi puldan asılıdır.

Tacikistandakı Xocənd Universitetinin professorlarından biri deyib:

“Rusiya taciklərə alternativ işçi qüvvəsi tapa bilər, amma Tacikistanın milyonlarla miqrant işçini qəbul edəcək başqa alternativi yoxdur”.

O əlavə edib ki, Emomali Rahmon sözü gedən müqaviləni məhz Moskvadan çəkindiyinə görə imzalamayıb.

Bəzi təhlilçilər Türkmənistanın da sənədi imzalamaqdan imtina etməsini eyni səbəblə bağlayırlar.

XS
SM
MD
LG