Elm aşırı hava şəraitinin səbəb olduğu yanğınları, daşqınları iqlim dəyişikliyi ilə əlaqələndirə bilərmi? “Financial Times” qəzeti bu suala cavab axtarır.
Ötən ay Çinin Henan vilayətində daşqınlarda azı 302 nəfər həlak olub. Ekstrim hava şəraitinin səbəblərini təhlil edən ekspertlər qrupu qarşısında iki əsas sual dayanır: İqlim dəyişikliyinin bu fəlakətin baş verməsində rolu olubmu, yaxud onu pisləşdiribmi?
Sual konkretləşirsə...
Qəzet 2014-cü ildə təsis edilmiş Dünya Hava Təşəbbüsünün işinə tələbatın artdığını yazır. Bu quruma cəmi yeddi könüllü tədqiqatçı daxildir, amma illərdir vəsaitsiz qalıb.
Məqalədə deyilir ki, son iki ayda aşırı hava hadisələri iqlim dəyişikliyinin, orta temperaturun artmasının nəticəsi hesab oluna bilər. Amma daşqın, yanğın, tufanla daha geniş iqlim dəyişikliyi arasında birbaşa əlaqə qurmaq elmin işidir. Relyef forması, insan seçimi, təbiətdə dəyişiklik təbii fəlakətə səbəb ola bilər. Ancaq iqlim dəyişikliyi olmadan da belə isti dalğaları yarana bilər.
Böyük Britaniyanın Meteorologiya İdarəsinin eksperti Piter Stot deyir ki, iqlim dəyişikliyi ilə ekstrim hava hadisələri arasında əlaqə çoxdan “düz-qoş olunub”.
“Konkret hadisə barədə sual verəndə elmin işi çətinləşir, məsələn, soruşuruq ki, ‘buna iqlim dəyişikliyimi səbəb olub’, yaxud ‘iqlim dəyişikliyinin bunda rolu nə olub’”, – o, sözlərinə əlavə edib.
Elmi qənaətlər
Məqalədə alimlərin gəldiyi bəzi qənaətlərdən də söz açılır. Məsələn, Kanadanın Litton kəndində temperaturun 49.6 dərəcəyə yüksəlməsinin mənbəyi sayılan Şimali Amerika isti dalğası barədə belə bir nəticə çıxarılıb ki, bu, “insanın səbəb olduğu iqlim dəyişikliyi olmadan mümkün deyildi”.
Yaxud 2014-15-ci illərdə Braziliyada quraqlığın iqlim dəyişikliyindən qaynaqlanmadığı açıqlanıb. Səbəblərdən biri əhalinin artması idi.
Məqalədə son günlərin meşə yanğınlarını detallı model olmadan təhlil etməyin çətinliyi vurğulanır. Bu yanğınlar kiçik əraziləri əhatələyərək yerli hava şəraitindən də qaynaqlana bilər. Ümumiyyətlə, havayla bağlı rekord qıran hadisələr sürətlə artdığından, bir çox tədqiqatçılar daha dəqiq modellərdən istifadənin vacibliyini qeyd edirlər.
Son günlər cənub-şərqi Avropa, Rusiya və Türkiyədə qeyri-adi istilər və güclü küləklər meşə yanğınlarını gücləndirir. Yanğınlar ökələrə milyonlarla dollar ziyan vurur və minlərlə insanın evini tərk edir.