Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:46

Elçin Şıxlı: “Hansısa ölü qəzetlərə pul paylanıb’


Elçin Şıxlı
Elçin Şıxlı

“Təsəvvür edin ki, qəzet ölüb, onu süni nəfəs aparatına calayırsan, yaşatmaq istəyirsən”

Azərbaycanda “Media Klubu” yaradılıb. Klubun üzvləri Arif Əliyev, Elçin Şıxlı, Elmidar Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Qulu Məhərrəmli, Mehman Əliyev və Zahir Əzəmətdir.

Onlar klubun Azərbaycan informasiya məkanının üzləşdiyi, ənənəvi KİV-in yaşadığı böhrana cavab olaraq yaradıldığını bildirirlər.

“Media Klubu”nun bəyanatında deyilir ki, informasiya cəmiyyətinin aktual problemlərini müzakirə etmək üçün diskussiya platforması yaradılacaq, informasiya cəmiyyəti həmrəyliyi gücləndiriləcək, sağlam informasiya cəmiyyətinin inkişafı və qorunması üçün qanunvericilik təklifləri ilə çıxış ediləcək, KİV-in iqtisadi tərəqqisinə, jurnalist peşəkarlığının artırılmasına, etik standartların tətbiqinə, kommunikasiya vasitələri və informasiya məkanı iştirakçılarının hər cür təzyiq formalarından müdafiə olunmasına kömək məqsədi ilə tədqiqatlar aparılacaq, tövsiyələr hazırlanacaq və həyata keçiriləcək.

Klubun üzvü Elçin Şıxlı bununla bağlı AzadlıqRadiosu-nun suallarını cavablandırıb.

Elçin bəy, “Media klubu” bəyanatda sadaladığınız, KİV-in üzləşdiyi problemlərin həllində pozitiv addımlar ata biləcəkmi? İndiki böhranlı durumda neyləmək mümkündür?

İndiki durumda problemləri heç kim səsləndirmir, heç kim problem haqda danışmaq istəmir. Hamı deyir ki, hər şey əladır, hər şey gözəldir. Biz ilk növbədə problemləri səsləndirəcəyik, ictimaiyyətin nəzərinə çatdıracağıq. Amma sadəcə, “bu problem var” deməyəcəyik. Onu araşdıracağıq. Tutalım, etik normaların mediada pozulması. Bununla bağlı araşdırma aparıb, nəticələrlə bağlı mətbuat konfransı keçirəcəyik. Orda araşdırmanın nəticələrini adlarla, misallarla ortaya qoyacağıq. Eyni zamanda orda müzakirələr aparılacaq. Beləliklə, biz heç olmasa problemləri səsləndirməklə, adını çəkməklə, onlara diqqət yönəltməklə bir az hərəkət yarada biləcəyik. Yoxsa hamı deyir ki, hər şey yaxşıdır, problem yoxdur. Amma problem var.

Siz problemləri göstərəcəksiniz yəni?

Məqsəd ilkin mərhələdə bundan ibarətdir.

Məqsəd ictimai qınaq mexanizmini işə salmaqdır?

Söhbət tək ictimai qınaqdan getmir. İctimai qınaq nədir? Sözünü dedi, qınadı, fırlanıb getdi. Amma bu, davamlı olmalıdır. Cəmiyyəti bir az hərəkətləndirmək lazımdır.

Siz mətbuat konfransında konkret adlar, misallar gətirəndə adı çəkilənlər bundan nəticə çıxaracaqlarmı?

Mən öz adımdan və orda olan dörd nəfərin təcrübəsindən çıxış edərək deyirəm ki, Mətbuat Şurası yeni işə başlayanda biz qəzetlər üzrə 10-12 kateqoriya əsasında monitorinq keçirirdik. Məsələn, filan qəzetdə hansı etik norma pozuldu və s. Altı aya, bəlkə də bir ilə hər ay qəzetlərdə nəticələr yerləşdirilirdi. Mən qəti əminliklə deyirəm ki, monitorinqin lap əvvəlində etik normanı 50 dəfə pozan qəzetlər sona doğru maksimum 5-10 səhvə yol verirdilər. Belə şeylərin təsiri var. Vaxtilə bundan istifadə olunub.

Elçin bəy, bəyanatda informasiya cəmiyyətinin həmrəyliyini gücləndirməyə də toxunmusunuz. Sizcə, indiki halda informasiya cəmiyyəti həmrəydirmi? Və bir də qütbləşən tərəfləri bir araya gətirmək mümkündürmü?

Mən öz adımdan deyirəm ki, tərəfləri bir araya gətirmək mümkün deyil. Tərəfləri təmizləmək lazımdır, sadəcə olaraq.

Necə təmizləmək?

İctimai qınaq demirdiniz? İctimai qınaq yoluyla yalan, böhtan yazanların reytinqini aşağı salırsan. Daha doğrusu, bunu cəmiyyət etməlidir. Altı nəfərlə heç nə etmək mümkün deyil. Yəni onları oxumurlar, qınayırlar və biz onlara yaxşı nümunələr göstərəcəyik. Hamı bu yaxşı nümunənin arxasınca gedəcəksə, onda bəlkə nəsə əmələ gətirmək olar.

Lütfən KİV-lərin iqtisadi tərəqqisi məsələsindən danışın. Bunu necə həll etmək olar? Son illər hakimiyyət KİV-ə müəyyən yardımlar göstərməyə başladı, dəstək verdi...

Müəyyən yardım göstərmədi. Milyonlarla pul xərcləndi. Amma hara xərclənib, necə xərclənib, o başqa məsələdir. Biz buna istiqamətlənməliyik. Məsələn, bizdə yayım şəbəkəsi məhv edilib, yoxdur. Milyonlarla manat icra başçılarıyla görüşlərə xərclənib. Hansısa ölü qəzetlərə pul paylanıb. Təsəvvür edin ki, adam ölüb, daha doğrusu, qəzet ölüb onu süni nəfəs aparatına calayırsan, onu yaşatmaq istəyirsən. Halbuki, o ölü qəzetə pul xərcləməyə dəyməz, olmaz. Məsələn, yayım şəbəkəsini ayağa qaldırmaq lazımdır. Bundan başqa, aksiyalar keçirmək lazımdır, universitetlərdə, məktəblərdə görüş keçirmək lazımdır ki, cavanlarımız oxumaq vərdişi əldə etsinlər. Oxumaq vərdişi olmayan yerdə heç nə əldə etmək mümkün deyil. Nə üçün Gürcüstanda qəzetlər on minlərlə tirajla satılır, cavanlar qəzet oxuyur, amma bizdə yox? Bizdə sayta hansısa ciddi xəbəri qoyursan, amma baxan yoxdur Konkret misal deyim. Xəbər belədir: “Erdoğan erkən seçimlərə gedir”. Yanında da bir xəbər qoyursan: “Almaniyada polis narkomanlara qarşı reyd keçirib”. Həmin narkomanlara reyd keçirilməsi xəbərini yüz adam oxuyur, amma Türkiyədə erkən seçkini beş adam. Bizim problemimiz budur. Niyə narkoman sözü olan kimi hamı tökülür bu xəbərin üstünə, amma Türkiyədəki erkən seçim məsələsiylə, Türkiyənin taleyinin nə olacağı ilə maraqlanmırlar? Bu ölkədə nə baş verəcəyindən bizə də pay düşəcək, axı. Heç kim bunu düşünmür. Almaniyada narkoman tutublar, tutsunlar da, adi xəbərdir, amma bunu oxuyurlar. Yəni zövqlər bu qədər korlanıb. Biz indi çalışmalıyıq ki, insanları ciddi, normal şeylərə öyrədək. Sizi inandırıram ki, bizim gənclərə, tələbələrə, yuxarı sinif şagirdlərinə ciddi informasiyanın nə demək olduğunu göstərsək, normal qəzet, normal informasiya versək, yaxşı qəzet təklif etsək, onda onlar oxumaq da istəyəcəklər, oxu vərdişi də yaranacaq. Nə qədər ki, narkoman tutuldu, filankəs filankəsi döydü, o bunu bıçaqladı... Aydındır, bunlar da olmalıdır. Amma birinci yerdə olmamalıdır. İnsanları daha ciddi məsələlərə yönəltmək lazımdır.

Deyirsiniz ki, hakimiyyət son illər KİV-lərə dəstək məqsədilə milyonlar xərcləyib və xərcləməkdədir, burda qəzetlərə yardım da var, jurnalistlərə evlərin paylanması da və sair. Tənqidçilər hakimiyyətin bu yolla medianı çökdürdüyünü, böhranlı vəziyyətə saldığını iddia edirlər. Siz isə böhran yaşayan KİV-in dirçəldilməsi yönündə savaşa, obrazlı desək, əliyalın çıxırsınız. Sadəcə, intellektinizə arxalanırsınız. Bu savaşın sonunu necə görürsünüz?

Vallah mən buna savaş kimi baxmıram. Hər kəs öz işini görməlidir. Tutalım, qırmızı işıqdırsa, yolu keçmək olmaz. Amma bizdə qırmızı işıqda bütün maşınlar keçir, adam oldu-olmadı. Mən qırmızı işıqda yolu keçmirəm, ətrafdakılar da məni maraqlandırmır. Bir dəfə, on dəfə bunu edəndə qıraqdakılar da dayanacaq. Bu, bəsit misal oldu, deyəsən. Bağlarda adətən camaat zibili küçənin ortasına atır. Mənim dostum 10-12 yaşlı uşaqlarını da götürüb əlində əlcək bir-iki ay küçədəki zibilləri böyük kisələrə yığıb daşıyıb. O danışırdı ki, sonda bir qonşu küçəyə zibil atmaq istəyəndə o biri qışqırdı ki, “sən görmürsən bu adam balaca uşaqlarla hər gün buranı təmizləyir, zibili apar zibilqabına at”. Yəni heç kimə çağırış etmirsən, heç kimlə müharibə aparmırsan, sadəcə, bir nümunəni göstərirsən. Arxanca beş nəfər gələr, on nəfər gələr, sonra o on nəfərə də baxıb yüz nəfər gələr. Əlimə avtomat alıb dava etmək fikrim yoxdur. Sadəcə, düzgün bildiyimi edəcəm.

Hakimiyyətə təkliflərinizi verəcəksinizmi?

Yəqin ki, təkliflər veriləcək. Ancaq hələlik, maraqlanan olmayıb. Biz işimizi görürük, sadəcə.

Mətbuat Şurasından cavab: “Böhran yoxdur”

“Əvvəla, Azərbaycan mediasının böhran dövrü yaşaması haqda mülahizələri əsaslı saymıram. Əksinə mediaya, jurnalistlərə dövlətin dəstəyi var, jurnalistlərin vəziyyəti əvvəlki illərlə müqayisədə nisbətən yaxşılaşıb. Hətta bir neçə il qabaq sağlamlıq təhlükəsi ilə üzləşən media orqanları üçün bu təhlükə sovuşub”, – Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin redaktoru Aydın Quliyev tənqidlərə cavab olaraq söyləyir.

O, dövlətin ayırdığı maddi vəsaitin səmərəsiz xərclənməsi haqda Elçin Şıxlının iddialarını da qəbul etmir: “Uzun illərdir dövlətdən yardım alan, layihələrdə, müsabiqələrdə iştirak edən qəzetin redaktoru kimi deyə bilərəm ki, orda gündəlik çap olunan sanballı qəzetlər var. Düşünmürəm ki, dövlətin ayırdığı vəsait hədər yerə gedir, jurnalistlərin vəziyyəti yaxşılaşır, qəzetlərin maddi-texniki bazası möhkəmlənir. Qəzetlərin də qarşısında onların müstəqil kursuna sığışmayan elə bir tələb qoyulmur. İcra hakimiyyətləri ilə keçirilən görüşlərə gəlincə, on il əvvəl icra qurumları ilə media orqanları arasında keçilməz sədd vardı, bir-birinə xor baxırdılar. Amma bu görüşlər işgüzar əməkdaşlıq mühitinin yaranmasına, qaranlıq, şübhəli əməkdaşlıqların aradan qalxmasına səbəb olub”.

Aydın Quliyev “Media Klubu”nun yaradılmasına skeptik yanaşdığını gizlətmir. O, ötən 20 ildə dəfələrlə media ilə bağlı bu cür qurumların, klubların yaradılmasına şahid olduğunu bildirir: “Doğrusu, bilmirəm bu klub hansı məqsədlə, hansı missiya ilə yaradılıb. Nə kimi imkanlara malikdir? Sadəcə, bir neçə nəfər yığışıb klub yaradaraq böyük bir missiyanı üzərinə götürməklə iş bitmir. Bunun üçün ciddi potensial, dəstək, qüvvə olmalıdır. Hər halda, onlara uğur arzulayıram və gözləyək”.

XS
SM
MD
LG