Azərbaycan hökumətinin aktual istəklərindən biri neftdənkənar məhsul ixracını artırmaqdır. Səbəb anlaşılandır: Ölkəyə valyuta gətirən neft dəfələrlə ucuzlaşıb...
Əksər ekspertin ortaq qənaəti budur ki, Azərbaycanın neftdənkənar ixracı artırmaq potensialı var. Məsələn, dünyada, o cümlədən Azərbaycanda meyvəçilik çox nəhəng ixracat potensialı olan sektordur. Qlobal ticarətdə meyvə ixracının ümumi həcmi hazırda 105 milyard dollara çatır. Azərbaycanın təzə meyvə ixracından gəlirləri heç 50 milyon dollara da çatmır. Rəsmi statistikaya görə, ölkənin əkinəyararlı torpaqlarının çox az hissəsi - təxminən 7,7 faizi (143 min hektarı) meyvə bağlarına məxsusdur. İqtisadçı ekspert Rövşən Ağayev AzadlıqRadiosu-na müsahibəsində Azərbaycanın bu sahədə potensialından və indiki durumdan danışıb.
Buna da bax: "Bazarda saxta mal çoxdur"
– Rövşən bəy, Azərbaycan meyvəsinin hər hansı bazarda yer tutmasından nə dərəcədə danışmaq olar?
– Arxada buraxdığımız illərdə Azərbaycanın yüksək ixrac dəyərinə malik Qərb bazarları bir yana, hətta Rusiya kimi aşağı ixrac dəyərli bazardan pay alması mümkün olmayıb. Məsələn, hələ sovetlər dönəmində yetərincə böyük ərazilərdə yetişdirilən üzüm və alma ixracatı da nəhəng bazarı olan qonşu ölkədə əhəmiyyətli yer tuta bilməyib. Ötən il şimal qonşumuz 282 milyon dollarlıq 253,3 min ton təzə üzüm idxal edib. Bu həcmdə Azərbaycanın ixrac həcmi dəyər ifadəsində 1,7 milyon dollar (Rusiyanın bütün idxalının 0,6 faizi) olub. Azərbaycandan bu ölkəyə üzüm idxalının natural ifadədə həcmi 2 min tondur. Müqayisə edək: MDB-ni digər ölkələrindən, tutalım, Moldovadan Rusiyaya üzüm ixracı bizdən 13 dəfə, Özbəkistanın ixracı 6 dəfə çox olub. Yaxud 2015-ci ildə Rusiya 385 milyon dollar dəyərində, 880 min ton həcmində alma idxal edib. Azərbaycandan bu ölkəyə 14, 5 milyon dollar dəyərində alma göndərilib – qonşu ölkənin ümumi idxalının təxminən 3,5 faizi qədər. Natural ifadədə Azərbaycandan Rusiyaya alma ixracı 36,5 min ton olub. Məlumatların təhlili göstərir ki, Azərbaycan Rusiyaya göndərilən üzüm və almanı ən ucuz satan ölkələrdən biridir.
Buna da bax: Meyvə satılmır, alma bağları məhv edilir
– Sizcə, hökumət nə etməlidir?
– Tutalım, Latın Amerikası ölkələrinin üzüm və alma ixracı qiyməti bizdən 2 dəfə yüksək olsa da, bu ölkələr Rusiya bazarında həlledici paya sahibdirlər. Bu baxımdan səlahiyyətli qurumlar və tədqiqat institutları məhsulun keyfiyyətinin, nəqli və qablaşdırılmasının, çeşid və tələbatın, eləcə də standartlara əməl edilməsinin durumunu qiymətləndirməli, yüksək ixtisaslaşma potensialı olan meyvə növləri üzrə rəqabət Azərbaycanın qabiliyyətliliyini dəyərləndirən hesabatlar hazırlamalıdırlar.
– Bunlar nə dərəcədə yetərli olacaq?
– Yetərli deyil, təbii. Çox önəmli məsələlərdən biri yüksək istehsal potensialının mövcudluğudur. Ölkə öz daxili tələbatından xeyli çox həcmdə məhsul istehsalı imkanına malik olmalıdır ki, artıq məhsulun ixracına bazar axtarsın. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda hər adama 25 kq alma, 16 kq üzüm istehsal edilir. Halbuki ölkənin ərzaq istehlakı ilə bağlı minimum normativləri baxımından, hər kəs ildə, ortalama, 50 kq meyvə və giləmeyvə yeməli, bunun da yarısı alma olmalıdır. Başqa sözlə, alma istehsalının həcmi ilə bağlı rəsmi bəyan edilən göstərici yalnız ölkə əhalisinin minimum səviyyədə istehlakını ödəməyə çatır. Hələ nəzərə alaq ki, bizdə alma şirəsi və alma qurusu sənayesində yerli xammaldan istifadə edilsə, alma istehsalının indiki həcmləri daxili tələbata belə yetərli olmaz. Üzüm istehsalı da eyni durumdadır.
Buna da bax: Neftdən qıraq nələr var?
– Hansı təcili tədbirlərə ehtiyac var?
– Meyvəçilik sektorunu inkişaf etdirmək bir təcili şəkildə bir neçə işi görmək lazımdır: bu sektorun inkişafına yönəlik sahə proqramı qəbul edilməli, bir neçə vacib meyvə növü üzrə rəqabət imkanlarının və istehsal potensialının dəyərləndirilməsinə imkan verən master-planlar hazırlanmalıdır. Üstəlik, meyvə bağları salmaq istəyən fermerlərə hökumətin güzəştli kreditləri hesabına müddəti 10 ildən az olmayan, faizsiz və girovsuz və dövlət zəmanətli kredit xətləri açılmalıdır.