Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadə haqqında meyxananın müəllifi, narkotik ittihamı ilə həbsdə olan Cavid Babaşov özünü təqsirli bilmir. O, ailə üzvləri ilə telefon danışığında şərləndiyini deyib. Bu barədə AzadlıqRadiosuna onun qardaşı Telman Babaşov danışıb.
"Vəkili yoxdur"
Qardaşı deyir ki, meyxanaçı mayın 15-dən həbsdədir. Bu müddətdə onunla cəmi iki dəfə telefonla danışıblar - həbs olunduğu ilk vaxtlarda və iki həftə əvvəl: "Birinci dəfə zəng eləyəndə dedi ki, məni tutublar, filan yerdəyəm. Onun ailəsi ilə telefon danışıqlarına, görüşlərinə qadağa qoyulub. Bir də iki həftə əvvəl zəng eləyib dedi ki, məni "tubzon"a (Penitensiar Xidmətin İxtisaslaşmış Müalicə Müəssisəsi-red.) köçürüblər. Getdik, orada da görüşə bilmədik".
Babaşovun sözlərinə görə, qardaşı telefon söhbətində şərləndiyini bildirib. Meyxanaçı deyib ki, cinayət işinin materiallarında yazılanlar yalandır, onu orada göstərilən yerdə saxlamayıblar: "Vəkili yoxdur, xahiş elədi ki, onun üçün vəkil tutaq. İstəyir ki, mobil operatordan onun telefonunun anten məlumatları alınsın. Onda məlum olacaq ki, o, cinayət işində yazılan yerdə heç olmayıb, onu tamam başqa yerdə tutublar".
"Bir nəfər dedi ki, bu telefon sizdə nə gəzir?"
Qardaşı deyir ki, müstəntiq hələ də Cavidin telefonunu qaytarmayıb. Bundan əvvəl onlara başqa bir adama məxsus telefonu veriblər. Təxminən bir həftə sonra bunu başa düşüb, aparıb müstəntiqə qaytarıb: "Adamlar zəng eləyib başqasını soruşurdular. Bir nəfər dedi ki, bu telefon sizdə nə gəzir? Başa düşdüm ki, başqasınındı, aparıb qaytardım".
Qardaşı əlavə edib ki, meyxanaçının ara-sıra narkotikdən istifadə etdiyi vaxtlar olub. Amma narkotik satışının ona aidiyyəti yoxdur.
"Cavid Sumqayıtlı" kimi tanınan meyxanaçı CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunur. 2021-ci ilin mayında Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən ondan 206 qram heroin və elektron tərəzi aşkarlandığı iddia olunur.
DİN təkzib edir
Sosial şəbəkələrdə Babaşovun Rəsulzadə haqqında 2016-cı ildə oxuduğu meyxanasına görə cəzalandırılması barədə fikirlər yayılıb. Daxili İşlər Nazirliyi (DİN) isə bu iddiaları təkzib edib.
"Meyxanaçı Cavid Babaşovun siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar yalandır, əsassızdır. İddia olunur ki, bir neçə il əvvəl dediyi hansısa qafiyəyə görə cəzalandırılıb. Doğrudanmı bu iddiaları yayanlar o qədər təəssübkeşdir? Elədirsə, bu təəssübkeşlər məhkəmə prosesində iştirak edib istintaq materialları tanış ola bilər", – nazirliyin mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev belə deyib.
DİN rəsmisi vurğulayıb ki, Babaşov istintaqa ifadəsində əməlini etiraf edib. Hacıyevin sözlərinə görə, artıq istintaq başa çatıb, iş materialları araşdırılması üçün məhkəməyə göndərilib.
Meyxanaçının ailəsi isə işin məhkəməyə göndərilməsindən məlumatsızdır.
Babaşovun ittiham olunduğu CM-in 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.