Yardımlı rayonun Hamarkənd kəndində kitab köşkü qoyulub. Köşkdə oxumaq üçün pulsuz kitablar var. Maraqlanan kənd sakinləri həmin kitabları nəzərdən keçirdir, seçdiyini özü ilə aparır. Oxuduqdan sonra kitab köşkə qaytarılmalıdır. Qonşu kənddən olan sakinlər də ora baş çəkirlər. Amma köşkə heç kim nəzarət etmir. Orada bütün işlər könülü şəkildə həyata keçirlir.
Köşkün təşəbbüscüsü, naşir Şahbaz Xuduoğlu bu yolla kitabsızlıq mühitini aradan qaldırmaq istədiyini söyləyir:
“Kənd yerlərində kitabxanaların əksəriyyəti fəaliyyətini dayandırıb”
“Kənd yerlərində kitabxanaların əksəriyyəti fəaliyyətini dayandırıb. Bunu onunla əsaslandırırlar ki, kitabxanaların yerləşdiyi binalar köhnədir, yensini tikmək mümkün deyil, yeni kitablar gəlmir. Kitabsızlıq mühitini qismən aradan qaldırmaqdan ötürü, fikirləşdim ki,belə bir “Kitab qovşağı” yaradım.Bu köşkdən birini doğma kəndimdə, Hamarkənddə qoymuşam. Qonşu kəndlər də, uşaqlar, yaşlı adamlar gəlib faydalansınlar. Çox adamın evində kitablar var,onları gətirib qoyur qovşağa, maraqlananlar oxumaq üçün kitabları götürürlər.”
Şahbaz Xudoğlu qeyd edir ki, özü nəşiriyyatçıdır, yeni kitablar nəşr elədikcə daim ora aparacaq:
“Bu, həm də kitab dəyişmək deməkdir. Sən bir kitab oxuyub oraya qoyursan, kimsə bir kitab gətirib sənin kitabını aparır. Kitab dövriyyəsi yaranır.”
“Bunu yalnız kəndlərdə yox rayon mərkəzlərində də qurmaq olar”
O, qeyd edir ki,“Kitab qovşağı” yaratmaq böyük xərc istəmir:” Mən təklif edirəm ki,xüsusən dağ rayonlarında “Kitab qovşağ”ları yaradılsın. Böyük xərc istəmir. Bir köşk 200 manat istəyir.Amma, burda 200 min ktab dövr edə bilər. Bunu yalnız kəndlərdə yox rayon mərkəzlərində də qurmaq olar.”
“Kitab oxuyanımız azdır”
Onun fikrincə kitab gəlirli sahə olmadığına görə, ona diqqət də azalıb:
“Rayonlarda kitab mağazaları yoxdur. Çünki kitab oxuyanımız azdır. Azərbaycanda 30 min adamdan biri kitab oxuyur. Fransada 2 min adama bir kitab dükanı düşür. Tutaq ki, Cəlilabad rayonun 200 mindən çox əhalisi var, bir kitab dükanı yoxdur.Lənkəranda, Astarada və digər rayonlarda da eyni vəziyyətdir. Hökmət dəstək verməlidir. Kitab mağazaları tikilməlidir, sahibkara icarəyə verilməlidir. Belarusda kitab satan mağazalardan kirayə haqqı almırlar...”
O hesab edir ki,Azərbaycanda kitaba az marağın olması iqtisadi vəziyyətlə bağlı deyil:
“Elə adam var ki, 80-90 min manatlıq maşını var, baxırsan evində kitab yoxdur. Kitab yemək kmi deyil. İnsan kitabı gərək görsün, yadına düşsün. Kitab oxuyan cəmiyyət təşkil olunmaldır. Kitab oxuyan insan baryerləri asanlıqla aşmaq imkanına malik olur. İnsan başa düşməlidir ki, oxumaqla nailiyyətlər əldə etmək mümkündür.”
“Arıçılıqla bağlı yüzlərlə kitab var”
Şahbz Xudoğlu deyir ki, tesərrüfatla məşğul olanlara da elmi kitabların faydası var:
“Arıçılıqla bağlı yüzlərlə kitab var, amma bu Azərbaycanın kitab bazarında yoxdur. Yaponya ən çox kitab oxuyan ölkələrdən biridir. Texnologiya baxımdan öndə gedən ölkələrdəndir. İsrailin 7 milyon əhalisi var, nələr yaradır. Bunlar hamısı elmlə, təhsillə bağlıdır, kitabla bağlıdır.”
Şahabaz Xuduoğlu kitabxanaların bağlanmasını düzgün saymır. Onun xatırlatmasına görə, bu sahəyə cavabdeh şəxslər bir müddət əvvəlki açıqlamalarında kitabxanaların bağlanmasını dövlətin yükünün azaldılması kimi dəyərləndiriblər:
“Milləti kitabdan ayırdılar”
“İndi o kitabxanaları pərpa etmək dövlətə daha baha başa gələcək. Eyni zamanda xalqın mədəniyyətinə, mənəviyyətinə çox böyük zərbə dəydi. Milləti kitabdan ayırdılar.”
“İslahatlar gedir, yollar axtarırlar”
Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə baş məsləhətçisi Ayaz Əliyev isə bu təşəbbüsə müsbət yanaşsa da, rayon ərazisində kifayyət qədər kitabxananın olduğunu düşünür:
“Kitabxanaların sayında azalma var. 2005-ci ildə Yardımlı rayonunda 57 kənddə kitabxana var idi. Hazırda 37 kənddə kitabxana qalıb. Elə kitabxana var ki, birləşdirilib, eləsi var bağlanıb. Müxtəlif səbəbləri var. Hamarkəndə kənd kitabxanası var. Amma köşk kitabxanaını əvəz edə bilməz. Son illərdə kitabxanalarda oxucuların sayı azalsa da, uşaq oxucular çoxdur. Kitab oxuyan yaşlı adamlar da az deyil. Deyirlər ki, kitab oxuyan yoxdur.Düz deyil. Kitab oxuyanlar var. Amma azdır. İslahatlar gedir, yollar axtarırlar”
O daha sonra da sözlərinə belə davam edib:
“Köşkün xeyirdən başqa ziyanı yoxdur. Şahbaz Xuduoğlu nəşiriyyat işçisidir. Yeni kitablar gətirəcək. İndi kitabxanalara yeni kitablar az daxil olur. Vaxtı ilə Yardımlı rayon Mərkəzi Kitabxanası ildə alırdısa 100 min yeni kitab, indi alır 200 kitab. O da hədiyyələr yolu ilə.”