Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:31

Ermənistan Azərbaycandan yeni təklif aldığını bildirir


Ararat Mirzoyan
Ararat Mirzoyan

Azərbaycan XİN Mirzoyanın dediklərinə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın onlardan yeni təkliflər almaları ilə bağlı açıqlamasına münasibət bildirib.

Nazirliyin saytında yer alan açıqlamada vurğulanır ki, A.Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim olunub. Lakin o, təkliflərin detallarına toxunmayıb.

Onun fikrincə, "Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır".

A.Hacızadənin qeyd etməsinə görə, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq ötən ilin dekabrında danışıqlardan imtina edib. Onun fikrincə, indi isə sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradırlar: "Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır".

Danışıqların dayanması

Son iki ildə müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Amma ötən ilin sonları hər iki danışıqlar dayanıb.

Azərbaycan rəsmiləri Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların dayanmasına səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib. Praqada Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti də iştirak etmişdi. Azərbaycan rəsmiləri hesab edirdilər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Hərçənd Fransa rəsmiləri bəyan edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Bir qədər sonra - dekabrda isə Yerevan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində Moskvada planlaşdırılan görüşün Laçın dəhlizindəki vəziyyət tənzimlənədək təxirə salınmasını istəmişdi.

+++

Ermənistan Azərbaycandan sülh müqaviləsi üzrə yeni təklif alıb və hazırda onun mətni üzərində işləyir. "Azatutyun" yazır ki, bu barədə hazırda Almaniyada olan Xarici İşlər naziri Ararat Mirzoyan məlumat verib. O, təklifin mətninə dair detallara varmayıb.

"Azatutyun" yazır ki, Ermənistan tərəfi təxminən bir ay bundan əvvəl Azərbaycana sülh müqaviləsinin layihəsi ilə bağlı yeni təkliflərini təqdim edib. Mirzoyan bu təkliflərin nədən ibarət olduğu barədə suala da cavab verməyib. O deyib ki, sülh müqaviləsi üzrə danışıqlar "fasiləsiz prosesdir".

Mirzoyan bir daha təkrar edib ki, ötən ilin dekabrında Moskvada üçtərəfli danışıqlarda Laçın dəhlizinin bağlı olmasına görə iştirak etməyib: "Buna baxmayaraq, biz Azərbaycan tərəfinə sülh müqaviləsi üzrə yeni təkliflərimizi vermişik və deməliyəm ki, bir neçə gün bundan əvvəl Azərbaycandan növbəti cavab və təklif almışıq. Təkrar edirəm ki, bu, fasiləsiz prosesdir və biz mətn üzərində işimizi davam etdirir, bir neçə mərhələdə təkliflər mübadiləsi ilə müzakirələrimizi davam etdiririk".

Xatırlatma

Özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları ötən il dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yolunda növbəli aksiya keçirirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG