Rusiya Ermənistanın ABŞ-la daha bir müştərək hərbi təlimlərə ev sahibliyi etmək qərarını tənqid edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 12-də deyib ki, bu qərar Rusiya və Ermənistan arasında təhlükəsizlik bağlarına daha bir zərbə olacaq:
“Bu təlimlər xüsusilə də Yerevanın KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red) fəaliyyətini virtual olaraq dondurduğu və bu təşkilata açıq hücumların edildiyi bir şəraitdə xüsusilə təəssüf doğurur. Qərblilərin hansısa sülhsevər və sülhyaradıcı məqsədlər elan etməsinə baxmayaraq onların əsas məqsədi öz geosiyasi layihələrinin həyata keçirilməsi üçün körpü yaratmaqdır”.
Zaxarova Xarici İşlər Nazirliyində keçirdiyi brifinqdə deyib ki, bu layihələr Rusiyanı və İranı regiondan sıxışdırıb çıxarmaq məqsədi güdür.
Onun sözlərinə görə Ermənistanın bütün təhlükəsizlik sisteminin formatının dəyişdirilməsi Qərbə Yerevanın özünə qarşı “əlavə təsir aləti” verir:
“Rusiya Ermənistanın təhlükəsizliyi də daxil özünün müttəfiqlik öhdəliklərinə daim sadiq olub və sadiq olaraq qalır. O daim qarşılıqlı məqbul həll yolları tapmağa çalışıb. Lakin Yerevanın sistematik hal alan bu kimi addımları bu ərazidə artıq oturuşmuş qarşılıqlı əlaqə mexanizmlərini sarsıdır”.
Birgə təlimlər
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, iyulun 15-24-də keçiriləcək The Eagle Partner 2024 (Qartal partnyorluğu 2024) kod adlı təlimlərdə Ermənistanın sülhməramlı briqadasının əsgərləri, ABŞ-ın Avropa və Afrikadakı qüvvələri, habelə Kanzas ştatının Milli Qvardiyası iştirak edəcəklər.
Bu da vurğulanır ki, təlimlər zamanı xəyali münaqişə zonasında “stabilləşdirmə hərəkətləri” ilə müşayiət olunan sülhməramlı əməliyyat məşq ediləcək.
Ötən sentyabrda ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi Yerevan yaxınlığında buna bənzər iki birgə təlim keçirmişdilər.
O vaxt Rusiya və İran bu təlimləri tənqid etmişdi.
Bundan əvvəl
Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay parlamentdəki çıxışında yenidən ölkəsinin KTMT-dən çıxa biləcəyinə işarə etmişdi.
Ermənistan hakimiyyəti KTMT-nin daha bir bəyanatını cavabsız buraxıb. Təşkilat Ermənistandan onunla münasibətlərinin perspektivinə aydınlıq gətirməsini tələb etmişdi.
Ermənistan artıq xeyli müddətdir ki, KTMT-nin iclaslarında iştirak etmir və bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsini dayandırıb.
Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi.
Bundan bir gün əvvəl, iyulun 11-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin demişdi ki, Qərbin Ermənistanla yaxınlaşması Rusiyanın maraqlarına qarşı yönəlib:
“Məqsədi Rusiyanın “strateji məğlubiyyəti” olanlarla əməkdaşlığın belə sürətlə dərinləşdirilməsi ilə Yerevan öz əlləri ilə Cənubi Qafqazdakı vəziyyəti, öz təhlükəsizliyi də daxil ciddi şəkildə sabitsizləşdirmək riskinə girir. Düşünürəm ki, Ermənistanın məlumatlı ekspert və siyasətçiləri belə məsuliyyətsiz addımların bədəlindən xəbərdardırlar”.
Azatutyun yazır ki, Rusiya XİN-də keçmiş sovet respublikaları ilə münasibətlərə baxan Qaluzin Ermənistanın ABŞ və başqa Qərb gücləri ilə yaxınlaşmasının onun təhlükəsizliyini necə təsirləndirəcəyini izah etməyib.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.