Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

‘Moskva’nın itkin matros anaları. ‘Dinc missiyaya getmişdilər’


"Moskva" kreyseri
"Moskva" kreyseri

“Moskva” gəmisinin heyətinin isə “tamamilə” evakuasiya olunduğu bildirilib. “Tamamilə” sözü sonrakı bəyanatlardan çıxarılıb

Rusiyanın Qara Dəniz donanmasının flaqman gəmisi “Moskva”nın batmasından bir həftə keçir, amma gəmidəki 500-dən çox heyətin taleyi qaranlıq qalır. Rusiya komandanlığının susqunluğu, Kremlin gəminin Ukrayna raketlərinin vurub-vurmaması haqda izahat verməməsi valideynlərin qəzəbini, inamsızlığını artırır.

Tamara Qrudinina gəminin batması xəbərini alandan dərhal sonra Rusiyanın Qara Dəniz Donanmasının qərargahına mesaj göndərib, 21 yaşlı oğlu Sergeydən xəbər tutmaq istəyib.

“Oğlunuz itkin düşüb. Üzügünük”, – qadın belə bir cavab aldığını deyir.

“Hər şey qaydasındadır”, amma...

Bir neçə gün sonra isə özünü gəminin komandir müavini kimi təqdim edən Pavel Vakula adlı şəxs onunla əlaqə saxlayıb. Vakulanın sözlərinə görə, gəmidə yanğın başlayam kimi Sergey də digər matroslar kimi evakuasiya edilənlər sırasında olub, amma sonra o birilərdən ayrı düşüb.

“Daha sonra Müdafiə Nazirliyindən bizə zəng edib dedilər ki, ‘hər şey qaydasındadır, oğlunuz salamatdır, yaxşıdır’”, – qadın “Current Time”a danışıb.

Qrudinina hadisədən altı-yeddi gün keçməsinə baxmayaraq, oğlundan səs çıxmadığını, hər gün qaynar xəttə zəng etdiyini söyləyir.

O, “Moskva”da nə baş verdiyini dəqiq bilməyən valideynlərdən yalnız biridir.

2000-ci ildə Kursk sualtı ballistik gəmisindən sonra “Moskva”nın batması Rusiya donanması üçün ən ağır faciə sayılır. Kurskda 118 matros həlak olmuşdu. “Moskva” heyətinin başına nə gəldiyi isə bəlli deyil, 500-dən çox heyətdən neçəsinin həlak olduğu açıqlanmayıb.

Çağırışçının kontrakt imzalamasını istəyiblər

Ukrayna gəmini sahildən iki Neptun raketilə vurduğunu deyir. Rusiya isə gəminin yanğından sonra limana aparılarkən dalğalı dənizdə qərq olduğunu bildirir.

Rusiya qanunvericiliyi çağırışçıların aktiv döyüş zonalarına göndərilməsini qadağan edir. Amma onların Ukraynaya quru, yaxud dəniz yoluyla, özlərinin bilgisi, yaxud razılığı olmadan göndərilməsi haqda məlumatlar var.

Qrudinina danışır ki, aprelin 10-dan əvvəl çağırışçı oğlundan kontrakt imzalaması, yəni döyüş zonasına göndərilməyə razılıq verməsi istənilib:

“Onunla sonuncu dəfə aprelin 10-da danışanda dedim ki, nəbadə kontrakt imzalamasın. O heç bir kontrakt imzalamayıb, 100 faiz. Amma müharibə barədə də heç nə demirdi. Elə deyirdi ki, ‘hər şey yaxşıdır. Ana, evə dönəcəyəm’”.

Ukrayna ordusu Rusiyanın 10 hücumunu dəf edib
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

“Yanğın olmayıb”

AzadlıqRadiosu-nun Ukrayna xidmətinin “Sxemlər” araşdırmaçı proqramı isə başqa bir qadınla söhbətləşib. O, aprelin 14-də axşam “Moskva” gəmisində olan oğlu ilə danışdığını deyib.

“Oğlum mənə zəng elədi… göz yaşları içində deyirdi: ‘Ana, bilirsən nə baş verib? Bizə üç raket atıblar! Uşaqlardan bəziləri evakuasiya olunub… Qalanlar Sevastopola aparılıb’”, – qadın deyib.

Adının çəkilməsini istəməyən qadın oğlunun gəmidə yanğınla bağlı dediklərini yada salır. “Yox, ana, bu doğru deyil. Yanğın olmayıb”, – oğlu deyirmiş.

Qadın gəmidə nə baş verdiyini heç kimin izah etmədiyini söyləyib. O həm də israrla vurğulayıb ki, oğlu “dinc” missiyaya yollanmışdı. Rusiya dövlət təbliğatı Ukrayna ilə müharibə getmədiyini, “xüsusi hərbi əməliyyat” aparıldığını bildirir.

“Tamamilə” sözü çıxarılıb

Ukrayna indiyədək müharibədə Rusiyanın 20 mindən çox hərbi itki verdiyini desə də, Rusiya bircə martın 25-də rəsmi rəqəm açıqlayıb, 1370 hərbçinin öldürüldüyünü bildirib.

“Moskva” gəmisinin heyətinin isə “tamamilə” evakuasiya olunduğu bildirilib. “Tamamilə” sözü sonrakı bəyanatlardan çıxarılıb.

“Meduza” onlayn media orqanı Qara Dəniz Donanmasına yaxın mənbəyə istinadla 37 heyət üzvünün öldüyünü, 100-dək yaralının olduğunu yazıb. İtkinlərin sayı bəlli deyil.

“O birilər hardadı?”

Aprelin 16-da Rusiya dövlət mediası donanma komandiri Admiral Nikolay Yevmenovun Sevastopolda “Moskva”nın heyətilə görüşdüyünü xəbər verib. Ancaq həmin görüşdən çəkildiyi bildirilən videoda iki cərgə, təxminən 100 matros vardı.

Oğlu Yeqor “Moskva”da aşpaz işləmiş Dmitri Şkrebets də oğlunun taleyi haqda ziddiyyətli informasiya alıb.

Ona çağırışçı oğlunun adının itkinlər siyahısında olduğu deyilib. Həyat yoldaşı İrina ilə birlikdə Sevastopolda hərbi xəstəxanaya gediblər. İrina xəstəxanada 200-dək gəncin yanıq xəsarətilə yatdığını, amma oğlunun onların içində olmadığını söyləyib. “Orada cəmi 200 nəfər vardı, kreyserdə isə 500-dən çox heyət olub. O birilər hardadı?”, – o, “The Insider” xəbər saytına deyib.

XS
SM
MD
LG