2016-cı il sentyabrın 26-da prezidentə müstəsna səlahiyyətlər verən referendumda səs verərkən seçicilər əllərində tutduqları bülletenin, əslində, qiymətli kağız olduğunun fərqində deyildilər. Yox, yox, kağızın elə bir özəlliyi yox idi, üstündə xüsusi qoruyucu işarələr də qoyulmamışdı. Bazara çıxarıb satmaq da mümkün deyil. Amma o bir vərəq kağız ölkə büdcəsinə, nə az, nə çox, 1 manat 72 qəpiyə başa gəlmişdi - 1 dollardan da baha.
Mərkəzi Seçki Komissiyası bir ədəd bülletenin çapına görə 1 manat 72 qəpiyi Milli Məclisin Aparatının mətbəəsinə ödəyib. Söhbət, nə az, nə çox, 5 milyon 270 min 613 seçici sayı qədər bülletendən gedir. Bu, təkcə çap işlərinə sərf olunan 9,1 milyon manatdır. Kağız alınmasına da xeyli vəsait xərclənib.
ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ? MSK-DA BELƏ DÜŞÜNMÜRLƏR
İqtisadiyyat Nazirliyi MSK-nın 2016-cı ildəki satınalmaları haqda məlumatları bu həftə (28 mart 2017-ci ildə) açıqlayıb. Əsasən Konstitusiya dəyişikliyinə dair Referendumun təşkili ilə bağlı xərclərin ümumi məbləği 22 milyon manatı aşır.
MSK-nın material alqı-satqısı üçün tender keçirmədən, ikitərəfli müqavilə bağlamaqla milyonlarla manat dövlət vəsaitinin istifadəsinə cəlb etdiyi şirkətlərin bir çoxu onların nə istehsalçısı, nə də ölkəyə birbaşa idxalçısıdır.
Xüsusi kağızda, üzərində çoxsaylı qoruyucu işarələri olan 100 dollarlıq əskinas Azərbaycanda referendum bildirişi ilə təqribən eyni qiymətə - 15.5 sentə başa gəlir.
Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin uyğunluq sertifikatlarına dair məlumat bazası təsdiq edir.
25 QƏPİYƏ BİLDİRİŞ OLAR?
Referendumla bağlı vəsaitlərin əsas hissəsi çap işlərinə sərf olunub. Milli Məclisin mətbəəsinə bu məqsədlə ümumi dəyəri 15.7 milyon manatdan çox olan 9 sifariş verilib. Təkcə seçicilərə paylanan əl boyda bildirişlərin çapı üçün 1 milyon 557 min 872 manat 58 qəpik ödənilib. MSK ilə parlamentin mətbəəsi arasında razılaşma belədir:
- 1 əd. səsvermə bülleteni - 1 manat 72 qəpik;
- 1 əd. səsvermənin yeri və vaxtı barədə bildiriş – 25.91 qəpik.
Müqayisə üçün: Xüsusi kağızda, üzərində çoxsaylı qoruyucu işarələri olan 100 dollarlıq əskinas Azərbaycanda referendum bildirişi ilə təqribən eyni qiymətə - 15.5 sentə başa gəlir.
Və ya hazırda bir ədəd 12-vərəqli məktəbli dəftəri pərakəndə satışda 15 qəpiyədir. Topdansatış qiymətləri isə daha ucuzdur. Surətçıxarma məntəqələrində isə bir vərəqin surətini 1 qəpikdən çıxarırlar. Nə səsvermə bülleteninin, nə də bildirişin xüsusi mühafizə nişanları var. Odur ki, müqavilənin belə yüksək qiymətlə bağlanması səbəbləri haqda yalnız ehtimallar qurmaq mümkündür.
Bakı mətbəələrindən birinə müraciət edib, referendumda istifadə olunan səsvermə bülleteninin və bildirişin formatında eyni tirajla təcili çap üçün qiymət təklifi verməsini xahiş etdik.
Mətbəənin meneceri, kağız və ƏDV daxil olmaqla, bülleteni 15 qəpiyə, bildirişi isə maksimum 3 qəpiyə çap edə biləcəklərini bildirdi. Bülletenin çapına 1 manat 72 qəpik, bildirişə isə 25.9 qəpik qiymətin hansı şərtlərlə verilə biləcəyini soruşanda, heyrətlə «belə qiymət deməyə görə adamı güllələyərlər», - cavabını verdi.
BİR UCDAN ÇAP EDİBLƏR
Bunlardan başqa, MM-in mətbəəsi 2016-cı ildə dövlət büdcəsindən təşviqat plakatlarının çapı üçün 2 milyon 265 min 600 manat; istiqamətverici, maarifləndirici, təşviqat plakatlarının və kitabçaların çapı üçün 1 milyon 245 min 502 manat; «Yaddaş kitabçası» və trafaretlərin çapı üçün 869 min 424 manat və Referendum aktı layihəsinin çapı üçün 672 min 600 manat vəsait alıb.
MSK-NIN ƏN YAXIN TƏRƏFDAŞI – «HƏR İŞİ BACARAN» «PLUTON C» ŞİRKƏTİ
MSK ilə fəal biznes münasibətlərində olan şirkətlərdən biri «Pluton C» MMC-dir. 2009-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən küçəsində yaradılan bu şirkətin nə əlaqə telefonu, nə də internet səhifəsi var. Şirkətin MSK ilə əməkdaşlığının tarixçəsi də məlum deyil. O səbəbdən ki, ölkədə seçkilərin keçirilməsinə cavabdeh olan bu qurum 2017-ci ilədək iri satınalmalara dair məlumatları, demək olar ki, açıqlamayıb. Nə mediada, nə qurumun saytında, nə də satınalmaların tənzimlənməsinə məsul olan İqtisadiyyat Nazirliyinin idarə etdiyi tender.gov.az portalında bu haqda bir məlumat var.
2016-cı ildə «Pluton C» şirkəti MSK-dan 8 birbaşa müqavilə bağlamaq yolu ilə 5 milyon 277 min 135 manat alıb. Seçki məntəqələrində yerləşdiriləcək 10 min məlumat lövhəsinin hazırlanmasına görə şirkətə 1 milyon 365 min 625 manat ödənilib. Yəni, bir ədədinə görə 136 manat 56 manat.
Şirkətin təsisçisi Əlibaxış Baxşiyev bir neçə başqa şirkətin də sahibidir. Onun digər şirkətləri də MSK sifarişlərindən yararlanır.
SEÇKİ QUTUSU - 238 MANAT 94 QƏPİYƏ
Bu rəqəmin çox şişirdilməsi qənaətində olan keçmiş MSK üzvü Akif Qurbanov AzadlıqRadiosuna deyir ki, əslində, həmin lövhələr məntəqə seçki komissiyalarının anbarında saxlanılır və seçkilərarası dövrdə heç də hamısı yenilənmir.
MSK 552 ədəd daşınmaz seçki qutusunun satın alınmasına görə «Pluton S» MMC-yə 131 min 900 manat ödəyib. Bir belə qutu büdcəyə 238 manat 94 qəpiyə «oturub».
Bu qutulardan savayı, MSK həmin şirkət vasitəsilə ötən il daha 5 min 500 ədəd seçki qutusu və 19 min ədəd gözlə görünməyən ultrabənövşəyi mürəkkəb alıb. Buna görə şirkətə 1 milyon 749 min 173 manat ödənilib.
SƏSVERMƏ KABİNƏSİ ÜÇÜN LAMPA - 24 MANAT 54 QƏPİK
MSK bildirir ki, məntəqə seçki komissiyalarında 15 min 400 ədəd səsvermə kabinetləri var. Son referendumda onların işıqlandırılması üçün lampaların satın alınmasına 377 min 977 manat pul xərcləndiyi bildirilir. Bir «işıqlı» kabinet «Pluton C» MMC-nin köməyilə 24 manat 54 qəpiyə başa gəlib.
Gözəgörünməz mürəkkəbi müəyyən edən detektor və bu detektorlar üçün batareya alınması xərci 499 min 305 manat olub. Ölkədəki bütün seçki məntəqələrinin sayını nəzərə alsaq, bir ədəd detektora görə «Pluton C» MMC-yə 88 manat 73 qəpik ödənilib. Bu, həmin dövrdə Azərbaycanda qüvvədə olan minimum əmək haqqından 16 manat 27 qəpik az idi.
Qeyd olunanlardan başqa, «Pluton C» MMC MSK-nı ümumi dəyəri 691 min 244 manat olan ofset kağızı, tabaşirli kağız və ağ yazı kağızı ilə təmin edib. Şəffaf lövhəcik qabları üçün 99 min 120 manat, zəncirli sənəd çantası, kisə və protokollar üçün xüsusi qovluqların alınmasına görə 362 min 791manat da bu şirkət vasitəsilə istifadə olunub.
MSK-NIN SUMQAYITLI BİZNESMENLƏRƏ SİMPATİYASI VAR?
Maraqlıdır ki, referendumun keçirilməsi və MSK-nın fəaliyyətinin təşkili ilə bağlı digər alqı-satqılara dair əksər müqavilələr Sumqayıt şəhərində qeydiyyatda olan və adları biznes ictimaiyyəti üçün heç nə deməyən şirkətlərlə imzalanıb.
Bunların bir çoxu isə 2015-2016-cı illərdə yaradılıb. Eyni iş adamının müxtəlif adlı şirkətlər vasitəsilə MSK-dan sifariş qazanması halları da var. Komissiya ilə işləyən «F1Advert», və «Katrin» MMC-lərin direktoru Nüsrət İbrahimov, «Siluet-SL», «Dizayn-LTƏ» şirkətlərinin direktoru isə Nağı Qasımovdur.
Sumqayıtdakı «Lotospromo», «F1Advert», «Siluet-SL», «Dizayn-LTƏ», «Milla», «Lider-2008», «Bərəkət-2013», «Çinan», «Azpekt-AM», «Kometa 15» və «Katrin» MMC-lər MSK-dan toplam 245 min manata yaxın sifariş alıb. Bu vəsaitin kağız, katric, dəftərxana ləvazimatı, parça və s. alınmasına xərcləndiyi yazılır.
7 REKLAM ÇARXI ÜÇÜN 180 MİN MANAT ÖDƏNİLİB
MSK-nın saytında ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi haqda qərarında o da qeyd olunur ki, referendumun keçirilmə tarixi və səsvermə qaydalarına dair müxtəlif məzmunlu 7 reklam çarxı «səsvermə günü də daxil olmaqla, mütəmadi şəkildə hər gün müxtəlif televiziya və radio kanallarında nümayiş etdirilib». Bu video-çarxların hazırlanmasına görə «Prime-Time» MMC-yə 180 min 395 manat ödənilib.
İqtisadiyyat Nazirliyinin dövlət satınalmalarına dair illik hesabatında belə yazılır. Bu şirkətin harada yerləşməsi haqda bilgi yoxdur, amma AzTV barədə jurnalist araşdırmalarında «Prime-Time» MMC ilə «İdman» kanalının alqı-satqı müqavilələrindən söz açılıb.
MSK-nın çoxsaylı təchizatçıları arasında «İtsol», «Formcond», «Svins-D», «Tembr», «Zuvand Grand System», «Ag Sung Company», «Dizayn İnşaat» MMC-lər də var. Bu şirkətlərin bəzilərinin nəinki saytı, heç əlaqə telefonunu da tapmaq mümkün deyil. MSK onları necə tapıb, sifariş verib, qaranlıqdır.
«QƏRARI BİR NƏFƏR VERİR, HESABATI İSƏ HEÇ KƏS»
Akif Qurbanov deyir ki, onun MSK-nın üzvü olduğu dönəmdə komissiya bir dəfə də olsun maliyyə məsələləri haqda müzakirələr aparmayıb.
«Qanunvericiliyə görə, seçkiləri MSK təşkil edir. Amma orada elə bir struktur formalaşdırılıb ki, MSK üzvləri faktiki olaraq maliyyə məsələlərindən kənarda qalıblar. Struktura görə, MSK sədri həm də qurumun aparat rəhbəridir. Bütün maliyyə məsələlərini o, təkbaşına həll edir. MSK-nın həm də maliyyə-təftiş komissiyası var. Amma onun da hesabat verdiyini görən olmayıb. O öz yazılı hesabatını MSK sədrinə verir. O hesabatda isə nə yazılıb, bir özləri bilir, bir də sədr». Akif Qurbanovun sözləridir.
Adları çəkilən şirkətlərin bir çoxu ilə MSK-nın əvvəlki seçki dönəmlərində əməkdaşlıq etməsi haqda bir məlumat yoxdur. Çünki, komissiya bu məlumatları açıqlamayır.
Mərkəzi Seçki Komissiyası elektron poçt vasitəsilə göndərdiyimiz informasiya sorğusuna və telefon zənglərinə cavab verməyib.