Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:29

'MTN işi': 'Razılaşdıq ki, özlərinə və ailə üzvlərinə tur-paketlər verim'


'MTN işi'. İllüstrasiya. Gündüz Ağayev
'MTN işi'. İllüstrasiya. Gündüz Ağayev

“MTN əməkdaşları gəlib şirkətimizdən özlərinin, ailə üzvlərinin adlarına tur-paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, sanki şirkət onlarındır”, - MTN generalı Elçin Quliyevin məhkəməsində dindirilən Xalıq Sadıqov belə deyir.

General Elçin Quliyev uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik edib. 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra o, əvvəlcə vəzifəsindən çıxarılıb, MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra müdiri göndərilsə də, sonradan bu vəzifədən də çıxarılıb. Ardınca da həbs olunub.

Buna da bax:​ Tağı Əhmədov: 'Pulumu geri istəyirəm' [yenilənib]

“Şirkətə gəlib özlərinə, ailə üzvlərinə tur-paketlər götürürdülər”

Xalıq Sadıqov isə MTN generalının cinayət işində zərərçəkmiş qismində tanınıb. O, “Elite Travel” MMC-nin təsisçisi və direktorudur.

MTN generalının məhkəməsində dindirilən Xalıq Sadıqov bildirib ki, onu 2010-cu ildə tutub nazirliyin binasına gətiriblər. MTN-də onu Ayaz Gərayzadə adlı əməkdaş dindirərək, adamlara saxta viza verməkdə ittiham edib: “Həmin Ayaz Gərayzadə mənə dedi ki, 100 min manat verməlisən, yoxsa həbs olunacaqsan. Məni həmçinin şirkətin lisenziyasını ləğv eləməklə hədələdilər. O 100 mindən əlavə, məndən hər ay da ayrıca pul verməyimi tələb elədilər”.

Zərərçəkmişin sözlərinə görə, onu ikinci dəfə MTN-ə 2013-cü ildə aparıblar. Bu dəfə də onu hədələyiblər. Axırda razılaşıblar ki, Xalıq Sadıqov onların özlərinə və ailə üzvlərinə xarici ölkələrə səyahət üçün tur-paketlər versin: “Ayaz Gərayzadə, Nail Tağızadə və digər MTN əməkdaşları şirkətimizdən özlərinin və ailə üzvlərinin adlarına tur-paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, sanki şirkət onlarındır”.

Buna da bax: 'MTN işi'ndə zərərçəkənlərin intihar cəhdləri [yenilənib] [fotolar]

“Elite Travel” MMC-nin işçiləri də məhkəmədə şahid qismində dindirilib. Onlar da Xalıq Sadıqovun söylədiklərini təsdiqləyiblər.

“Məndən 120 min manat aldılar”

Başqa bir zərərçəkmiş Zaur Əzimov MTN-də ondan hədə-qorxu ilə 120 min manat pul alındığını deyir. O, dindirilərkən general Elçin Quliyevlə aralarında mübahisə yaranıb.

Zaur Əzimov bildirib ki, Amil Yusifovla birlikdə siqaret satışı ilə məşğul olublar. 2015-ci ilin yanvar-fevral aylarında MTN-in Binəqədi şöbəsinin əməkdaşları onları saxlayıb, yüz qutu siqaretləri də əllərindən alınıb: “Mənim “Range Rover” markalı maşınım var idi, onu da götürüb apardılar: “Amil Yusifovun tanışı var idi, onun vasitəsilə problemini MTN-in Binəqədi şöbəsində həll elədilər. Məndən isə pul istədilər”.

Buna da bax:​ MTN polkovnikindən çağırış: 'Mənim səhvimi təkrarlamayın...'

Zərərçəkmiş ifadə verərkən Elçin Quliyev onun söylədiklərinə etiraz edib. Deyib ki, bu adam özü siqaret qaçaqmalçılığı ilə məşğul olurdu. Elə bu səbəbdən də onunla bağlı əməliyyat keçirilib.

Zaur Əzimov isə MTN generalına belə cavab verib: “Əgər biz “kontrabanda” ilə məşğul idiksə, bizi niyə həbs eləmədiniz? Pulumuzu alıb, bizi buraxdınız. Deməli, məqsəd bizdən pul almaq olub”.

Elçin Quliyevin məhkəməsi iyunun 23-də davam edəcək.

Buna da bax:​ 'AzerGold' 81 milyon manatı 10 manat kapitalı olan şirkətə verdi

Xatırlatma

E.Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Amma general ittihamları qəbul etmir və kimsədən hədə-qorxu ilə pul almadığını deyir.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG