Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:13

Keçmiş MTN-çilərin işi: General xanım peşman oldu?


General Natəvan Mürvətova
General Natəvan Mürvətova

MTN-dəki əməliyyat və bu nazirliyin beş generalı da daxil, 21 nəfər vəzifəlisinin həbsindən iki il sonra 2017-ci ildə daha bir nəfər həbs olunmuşdu.

Söhbət keçmiş nazir Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisioğlu olan Vüqar Mahmudovdan gedir.

Ötən ilin noyabrından həbsdə olan polkovnik-leytenant Vüqar Mahmudovun işi üzrə istintaq davam edir.

Bakı Hərbi Məhkəməsindən AzadlıqRadiosu-na bildirilib ki, bugünlərdə Vahid Mahmudov haqqında həbs-qətimkan tədbirinin uzadılması barədə prokurorluğun təqdimatına baxılıb.

Hakim Rauf Əliyev sabiq nazir köməkçisinin həbsdə saxlanma müddətini daha üç ay artırıb. Bu müddətdə istintaqın yekunlaşacağı ehtimal edilir.

Yeni ittihamlar elan olunub

Cinayət məsuliyyətinə cəlb olunmuş başqa MTN-çilər kimi, Vüqar Mahmudovun işi də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır.

Vüqar Mahmudov həbs olunarkən mənimsəmə, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanıb.

Bugünlərdə ona yeni ittihamlar elan olunub. İndi o, CM-in 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə də ittiham edilir.

Vüqar Mahmudovdan öncə cəzalandırılan keçmiş MTN-çilərin bir qismi Ali Məhkəməyə, qalanları da Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Onlar təqsirsiz olduqlarını iddia edir və bəraət istəyirlər.

Apellyasiya şikayəti verənlər işinə ən axırıncı baxılan 10 nəfərlik qrup olub. Onların arasında MTN-in ayrı-ayrı idarələrinə rəhbərlik etmiş generallar - Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova da var.

Sözügedən 10 nəfər haqqında hökm apreldə çıxarılıb. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən Natəvan Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib.

General Mürvətova istintaq və məhkəmə dövründə də həbsdə olmadığından, onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmişdi. Həbsdə olan digərlərininsə ikisi hökmdən sonra azadlığa buraxılıb.

Xanım general fikrindən daşınıb

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, bu qrupda təqsirləndirilən 10 nəfərdən 9-u hökmdən şikayət vermiş, yalnız şərti cəza ilə məhkəmə zalından buraxılan Elşad Əzizov şikayətçi olmamışdı.

Həbs edilməsə də, hökmə əsasən, general rütbəsi əlindən alınan Natəvan Mürvətova da hökmdən narazı qaldığından, bəraət üçün apellyasiya şikayəti vermişdi.

Ancaq general xanım sonradan fikrindən daşınaraq, apellyasiya şikayətini geri götürüb.

Natəvan Mürvətovanın vəkili Adilə Məmmədova bildirib ki, şikayətin geri götürülməsi müvəkkilinin təşəbbüsü olub. Amma vəkil imtinanın səbəbləri barədə danışmaq istəməyib.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar.

Mirəziz Əsgərova - 3, V.Ələkbərova - 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq Vüsal Ələkbərovun cəzasını 5 ilə endirib.

MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb.

Çovdarova - 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. Elçin Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.

Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlar hökmdən narazı qalıb apellyasiya şikayəti versələr də, hökm dəyişməyib. İndi onlar Ali Məhkəməyə üz tutublar.

Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq, özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə suçlanırlar.

XS
SM
MD
LG