Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:39

'MTN işi'ndə MSK-nın sədr müavininin də adı hallanır


Natiq Məmmədov
Natiq Məmmədov

«MTN işi»ndəki zərərçəkənlər Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədovun qardaşının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Onlar bununla əlaqədar Prezidentə və birinci vitse-prezidentə məktub yazıblar.

N.Məmmədovun qardaşı Yasin Məmmədov MTN-də İstintaq Baş İdarəsinin şöbə rəisi işləyib. Nazirlik ləğv olunub, bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılandan sonra ona dəyib-dolaşan olmayıb, hazırda da bu qurumda fəaliyyətini davam etdirir. Baxmayaraq ki, MTN generalları ilə bağlı cinayət işində bir neçə epizodda onun adı hallanır, zərərçəkənlər ondan şikayətlənir, pullarının qaytarılmasını tələb edirlər.

600 MİNDƏN 300 MİNƏ DÜŞÜB

MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, polkovnik Füzuli Əliyev və digərlərinin cinayət işində zərgər Rauf Həsənovdan hədə-qorxu ilə 300 min dollar alınması epizodu var. Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olan R.Həsənov deyir ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini olmuş Füzuli Əliyev onu nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb. Həbs olunmamasından ötrü 100 min dollar pul istəyib. Onun sözlərinə görə, ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu çalışıb verəcəyini deyib və buraxılıb. Amma pulu düzəldə bilməyib. İki-üç həftə sonra hüzr mərasimindən qayıdanda, onu saxlayıb MTN-in Səbail şöbəsinə gətiriblər. Oradan da F.Əliyev və işçiləri onu MTN-nin əsas binasına, İstintaq İdarəsinin müstəntiqi Yasin Məmmədovun yanına aparıblar. Müstəntiq də ona sənəd göstərərək həbs olunduğunu bildirib.

***Buna da bax-MTN-in 'dadını' görənlər içində 'exchange' işçiləri də var

Zərərçəkən istintaqa ifadəsində deyib ki, Y.Məmmədov ondan cinayət məsuliyyətinə cəlb olunmaması və sərbəst buraxılmasından ötrü 500 min dollar tələb edib. O, günahsız olduğunu, deyilən pulu ödəməyə maddi imkanı çatmadığını deyəndə isə, müstəntiq məbləği bir qədər də artırıb – 600 min. Rauf Həsənovun sözlərinə görə, bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Y.Məmmədov rəisinin 300 min dollara razılıq verdiyini söyləyib: «Yasin Məmmədov dedi ki, evimizdə axtarış aparılmalıdır. Dedim ki, anam xəstədir, xahiş edirəm, belə şey eləməyin. Söhbət əsnasında Yasin dedi ki, səhər tezdən banklar açılan kimi gedib 300 min dollar kredit götürüb çatdırım. Biz Yasinlə söhbət eləyəndə Füzuli Əliyev də dəfələrlə gəlib-gedir, söhbətin nəticəsi ilə maraqlanırdı. Mən qorxudan Y.Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım».

Dollar
Dollar

«YASİN MƏMMƏDOV DEDİ Kİ, 300 MİNDƏN 200 DOLLAR ƏSKİKDİR»

Zərərçəkənin dediyinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları düzəldib və Y.Məmmədova zəng edərək, pulun hazır olduğunu deyib. Onlar nazirliyin binasının yanında – Mərkəzi Klinik Xəstəxananın qapısında görüş təyin ediblər. Görüşə Y.Məmmədov və F.Əliyev birlikdə gəlib. Zərərçəkən deyir ki, 300 min dolları manata çevirib, pul dolu sellofan torbanı şəxsən F.Əliyevin özünə verib: «Qayıdıb evə çatandan təxminən yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenidən ora qayıdıb Yasin Məmmədova 200 dolları verdim».

Bu hadisə 2010-cu ildə baş versə də, o vaxt götürdüyü borcları hələ də verib qurtara bilmədiyini deyən Rauf Həsənovun sözlərinə görə, həmin olaydan sarsılan anası bir qədər sonra dünyasını dəyişib.

***Buna da bax-'MTN işi'ndə dəhşətli intihar: Zərərçəkmiş əvvəl damarını kəsib, ...

MTN generallarının martın 28-də keçiriləcək məhkəməsində R.Həsənovla bağlı məsələnin araşdırılacağı bildirilir.

Məlumata görə, MTN işi üzrə istintaqda R.Həsənovla Y.Məmmədov üzləşdirilib. Zərərçəkən ifadəsində söylədiklərini onun üzünə də deyib.

Y.Məmmədov isə deyilənləri təkzib edib. Haqqında söylənilən fikirlərin yalan olduğunu deyən Məmmədov kimsədən nə pul tələb etdiyini, nə də aldığını bildirib.

«DEYİRLƏR, QARDAŞI MSK-NIN SƏDR MÜAVİNİ OLDUĞUNA GÖRƏ ONA TOXUNMURLAR»

«MTN işi»ndəki zərərçəkən Cahangir Məmmədovun dəhşətli intiharı haqda AzadlıqRadiosu məlumat vermişdi. Bu həmin Cahangir Məmmədovdur ki, ailəsi onun heç bir günahı olmadan MTN tərəfindən həbs olunduğunu, beş aydan sonra 80 min verib canını qurtardığını, borcları ödəyə bilmədiyinə görə də evinin satıldığını deyir. Ailəsinin ağır vəziyyətə düşdüyünü görən C.Məmmədov əvvəlcə damarlarını doğrayıb, ikinci dəfə ürək nahiyəsindən özünü bıçaqlayıb. Bu dəfə xəstəxanada gözünü açıb sağ qaldığını görəndə, özünü beşinci mərtəbədən atıb.

MTN işi. Foto illüstrasiya
MTN işi. Foto illüstrasiya

C.Məmmədovun anası, 85 yaşlı Nərgiz Məmmədova Prezident Əliyev və xanımına, eləcə də DTX rəisi Mədət Quliyevə məktublarında yazır ki, oğlunu şərləyib həbs eləmişdilər. İstintaqı da Yasin Məmmədov aparırdı: «Oğluma və onunla birlikdə həbs elədiklərinə dedilər ki, dediyimiz pulu düzəldin, məhkəmədən şərti cəza ilə buraxılacaqsız. Konkret mənim oğlumdan 80 min pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən. Bir az qohum-əqrəbadan borc aldıq, bir az bankdan kredit götürdük. O biri oğlum Məzahir Məmmədov aparıb pulu Yasin Məmmədova verdi».

C.Məmmədov 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan üç ay əvvəl intihar edib. Onun qardaşı Arif Məmmədovu istintaq zərərçəkmiş qismində tanıyıb. Amma hələ konkret bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan yoxdur. İndi ailənin tələbi odur ki, həm C.Məmmədovun ölümünə səbəb olanlar cəzalandırılsın, həm də 80 min manat geri qaytarılsın: «MTN ləğv olunub, nə qədər adam işdən çıxarılıb, həbs olunub, amma mənim oğlumla bağlı saxta iş düzüb-qoşanlar, bizdən 80 min alanlar, beləliklə də balamın ölümünə səbəb olanlar hələ də öz işindədir. Deyirlər ki, Yasin Məmmədov MSK-nın sədr müavininin qardaşıdır, buna görə ona toxunmurlar. Heç olmasa, pulumuzu qaytarsın... Mehriban xanımdan bir ana kimi xahiş edirəm, ədalətin bərqərar olmasına göstəriş versin. İnanıram ki, əlindən gələni eləyəcək».

Qardaşının həbsdən buraxılması üçün 80 min manatı aparıb verdiyini iddia edən Məzahir Məmmədovla Yasin Məmmədov arasında da üzləşmə keçirilib. Üzləşmədə M.Məmmədov pulu şəxsən ona verdiyini bildirib. Amma Y.Məmmədov deyilənləri təkzib edib.

«MƏN DAHA NEÇƏ İL GÖZLƏMƏLİYƏM?!»

Cahangir Məmmədovla birlikdə həbs olunan və beş ay həbsdə saxlandıqdan sonra azad edilən Sərdar İsmayılov da iddia edir ki, Y.Məmmədov ondan 53 min dollar pul alıb.

«Əgər MTN əməkdaşı Yasin Məmmədovun məndən aldığı 53 min dollar qaytarılmırsa, bu adam hələ də vəzifəsində çalışırsa, mən hansı günün zərərçəkəniyəm? Zərərçəkən kimi, mənim hüquqlarım necə qorunur? Əgər istintaq orqanı mənə dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir addım atmırsa, mən daha neçə il gözləməliyəm?!», – Sərdar İsmayılov prezidentə məktubunda belə yazır.

XS
SM
MD
LG