Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, direktor, direktor müavinlərinin və gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları 10 faiz artırılıb.
Bununla bağlı fevralın 23-də prezident sərəncam verib. Artım fevralın 1-dən tətbiq ediləcək.
Prezidentin başqa bir sərəncamı ilə həmin tarixdən eyni miqdarda və eyni formada artım peşə məktəblərində çalışanlara da şamil ediləcək.
Azərbaycanda müəllimlərin diaqnostik qiymətləndirilməsinə 2014-cü ildən başlanılıb. 2020-ci ildən diaqnostik qiymətləndirilmə ayrıca keçirilmir və işə qəbul imtahanları onunla bir tutulur. 2022-ci ildən başlayaraq ölkədə müəllimlərin sertifikasiya imtahanları keçirilir.
Sonuncu dəfə diaqnostik qiymətləndirilmədən keçən peşə təhsili müəssisələrinin müəllimlərinin maaşı ötən ilin yanvarında artırılıb. Onda direktorlarının aylıq vəzifə maaşı 660 manatdan 792 manata, müavinlərinin, baş mühasiblərin 595 manatdan 714 manata, dərs hissə müdirlərinin də 530 manatdan 636 manata qaldırılıb. Müəllimlərin maaşları isə peşə stajına uyğun müəyyənləşdirilmişdi: ali təhsilli müəllimlərin əməkhaqqısı 552-714 manat, orta ixtisas təhsilli müəllimlərin maaşı isə 504-636 manat.
Müəllimlərin sayı azalır
Rəsmi məlumata görə, Azərbaycanda 2007-ci ildən başlayaraq müəllimlərin sayı azalmağa başlayıb. Rəsmi statistikaya görə, 2009-2010-cu tədris ilində müəllimlərin ümumi sayı 161 min 299, 2014-2015-ci illərdə 149 min 602, 2019-2020-də isə 141 min 749 nəfər olub.
2022-ci ildə isə Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə bildirib ki, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində 129 min müəllim fəaliyyət göstərir: "11 minə yaxın direktor və direktor müavini də dərs deyir, müəllim kimi fəaliyyət göstərir. Bunu da nəzərə alanda ümumilikdə 140 minə yaxın dərs deyən müəllim var".
10 min müəllim…
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda hazırda 4 min 432 orta təhsil məktəbində 151 min müəllim çalışır və onların 142 mini 2014-2019 illərdə diaqnostik qiymətləndirilmədən keçiblər: "Diaqnostik qiymətləndirilmədən keçməyənlər diplomların dövlət nümunələri olmayan, mərkəzləşdirilmiş yox, hansısa daxili qaydada imtahanlardan keçən şəxslərdirlər. Bu şəxslərin işə qəbulu, onların təhsili ilə bağlı real mənbələrdə məlumat olmadığı üçün onlar diaqnostik imtahana buraxılmayıblar".
Ekspertin sözlərinə görə, diaqnostik imtahandan keçməyənlər də əməkhaqqı alır və onların da maaşları artır: "Həmin şəxslərin maaşları yanvarda minimum əməkhaqqı artırılanda qalxıb".
"…Müəllimlərin əməkhaqqısından vergi tutulmur"
Əsədovun fikrincə, diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin maaşları kifayət qədər çox artıb: "Azərbaycan MDB ölkələri arasında müəllimlərin orta aylıq əməkhaqqısı üzrə 5-ci yerdədir. Son altı il ərzində müəllimlərin əməkhaqqısı 90 faizə qədər artıb. Son artımdan sonra müəllimin dərs saatlarına və əmək stajına görə rəqəm dəyişir. Məsələn, yeni işə qəbul edilmiş və 18 saata qədər dərs saatı olan müəllim 607 manat əməkhaqqı alacaq. 18 saat dərs olan və 18 illik stajı olan müəllimlər isə 785 manat maaş alacaq".
Minimum əməkhaqqından az?
O qeyd edib ki, indi Azərbaycanda 34 min 382 müəllimin dərs saatı 24-dən çoxdur, onlar aylıq 1400 manat maaş alırlar: "Həftəlik dərs saatı 6-12 arasında dəyişən müəllimlərin sayı 18 min 530 nəfərdir. Onlar artımla 360 manat maaş alacaqlar. Diaqnostik qiymətləndirmədən keçməyən 4 min 430 müəllimlərin isə dərs yükü 6 saatdan azdır və onların maaşı 180 manat olacaq". (Azərbaycanda minimum əməkhaqqı 345 manatdır-red.)
"Rəsmi inflyasiya 14 faiz olubsa…"
İqtisadçı Qubad İbadoğlu isə artımı az sayır. Onun fikrincə, rəsmi inflyasiya 14 faiz olubsa, maaşların artımı onu üstələməlidir.
Üstəlik, o sual edir ki, təqvim ili yanvarın 1-dən başladığı halda, artım nədən fevralın 1-dən tətbiq olunur: "Görünür, bu hökumət 1 aylıq ödənişə qənaət etməyi qənimət bilir. Nəhayət, hazırkı artım bütüm müəllimlərə nədən şamil olunmur? Məktəblərdə diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlər də çalışır".