Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş bankların rəhbər şəxslərinə ittihamlar irəli sürüb.
Fond bildirir ki, lisenziyaları geri alınmış, məhkəmə qərarları əsasında müflis elan edilmiş bankların idarəetməsini gerçəkləşdirməyə başladıqdan bir müddət sonra rəhbər vəzifələrdə işləmiş bəzi şəxslərin cinayət əməlləri törətdiyini üzə çıxarıb.
Fondun açıqlamasına görə, sözügedən şəxslər ləğvetmə prosesinədək vəzifə saxtakarlığına yol verərək, vəzifə səlahiyyətlərini aşaraq, həm də mənimsəmə və dələduzluq ediblər:
“Həmin şəxslər əmlak satışından əldə olunmuş vəsaiti kredit borcunun bağlanılmasına yönəltməyiblər.Onlar həmin vəsaitin çox cüzi hissəsini kreditlərin bağlanmasına yönəldərək, bununla müştərilərini pis vəziyyətdə qoyublar. Banka gəlib kredit almayan şəxslərin adlarına saxta imzayla çox sayda kredit rəsmiləşdirilib. Sözügedən şəxslər bir çox işdə zamin duraraq, müəyyən miqdarda vəsait çıxarıb və bununla da banklara külli miqdarda zərər vurublar”.
Buna da bax: "Mərkəzi Bankı yoxlasalar, Beynəlxalq Bank toya getməli olacaq..."
Fondun açıqlamasında bununla əlaqədar materialların toplanıb Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərildiyi də deyilir.
“Daha böyük cinayətlər olub”
Bank məsələləri eksperti Əkrəm Həsənov bankları müflisləşdirənlərin cəzalandırılmasını xeyli öncədən təklif edib:
“Mən aylardır ki, bunu təklif edirəm. Nəhayət, proses başlandı. Amma bu, hələ xırda-xuruşdur. Daha böyük cinayətlər olub”.
Ekspert deyir ki, baş verənlərin arxasında yalnız rəhbər şəxslər deyil, bank sahibləri və Mərkəzi Banka nəzarəti həyata keçirmiş vəzifəliləri də durub:
“Onları da məsuliyyətə cəlb etmək lazımdır. Ardı gəlsin!”.
Əkrəm Həsənov ötən il Cahangir Hacıyevdən (Beynəlxalq Bank İdarə Heyətinin keçmiş sədrindən - red.) başqa heç kim cəzalandırılmamasına diqqət çəkib:
“Halbuki “Bank Standard” və “Texnikabank” kimi iri banklar da çökdü və dövlətə xeyli zərər vurdu. Amma onların nə sahibləri, nə də idarəçiləri məsuliyyətə cəlb olundular. Əksinə, bəziləri hazırda heç nə olmamış kimi digər banklarda çalışır. Onlara bərbad nəzarət etmiş Mərkəzi Bankda da heç kəs cəzalandırılmadı”.
Buna da bax: Deputat 'dollar oyunu'nu açdı - Parlamentdə gərgin müzakirə
Prezident xəbərdarlıq etmişdi
Azərbaycan prezidenti İlham Əliyev hökumətin son iclasında demişdi ki, qanunu pozan şəxslər cəzalandırılacaq:
“Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.
Ötən il Azərbaycanda, azı, 10 bank bağlanıb.