“Ölkəyə bir neçə dəfə səfər etdikdən, hakimiyyətlə dialoqa girməyə cəhd etdikdən sonra qərara gəldim ki, Azərbaycan hakimiyyəti ilə danışmağın ən effektiv yolu bunu Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə etməkdir”.
Bunu AzadliqRadiosuna müsahibəsinə Avropa Şurası İnsan Haqları Komissarı Nils Muiznieks deyib.
Onun sözlərinə, davamlı şəkildə insan haqları müdafiəçilərinin məhkəmə işləri ilə maraqlanmaq qərarına gəlib, ümumilikdə yeddi müxtəlif məhkəmə işini nəzərdə saxlayıb:
“Bundan başqa qərara gəldim ki, Qərb mediası vasitəsilə Avropa Şurasının başqa üzv ölkələrində də Azərbaycanla bağlı ictimai rəyə təsir edək. Çünki insan haqlarının pozunması ilə bağlı təqdim etdiyim faktlara baxmayaraq, üzv ölkələrdə, Azərbaycan hakimiyyətini daha hesabatlı olmağa çağıra biləcək siyasi iradə görmürdüm. İndinin özündə də bu, böyük problemdir. Düzdür, kiçik dəyişiklik var, amma məncə, Azərbaycan öz öhdəliklərinə əməl etmir”.
Azərbaycanın Avropa Şurasında üzvlüyü ilə bağlı isə Mujniks deyib ki, o, insan haqları pozuntuları barədə məlumat verə bilər, amma Azərbaycanın qurumda üzv qalıb-qalmaması ilə bağlı siyasi qərarı üzv ölkələr verməlidir.
“Guardian” qəzeti sentyabrın 13-də yazmışdı ki, Avropa Şurasının baş katibi Thorbjon Jagland bildirib ki, Azərbaycan, Avropa Şurası qarşısında öhdəlikləri barədə yaxşıca düşünməli, onlara əməl edib-etməmək barədə qərar qəbul etməlidir, bunun vaxtı gəlib.
Jagland müxalif ReAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov haqqında danışıb, deyib ki, ən ali məhkəmənin qərarına rəğmən Azərbaycanın Məmmədovu həbsdə saxlamasına Avropa Şurası dözə bilməz.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.
İlqar Məmmədov 2013-cü ilin fevralında həbs olunub, ona 7 il iş kəsilib. Müxalifət lideri, elə həmin il İsmayıllıda baş vermiş nümayişlərin təşkilində ittiham olunur.
Azərbaycan hakimiyyəti bu ittihamlarla razılaşmır, heç kimin siyasi baxışına görə həbs olunmadığını deyir.