Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:52

İntihara cəhd işinə görə rüşvət almaqda suçlanan müstəntiqə şərti cəza


Müstəntiq (Foto illüstrasiya)
Müstəntiq (Foto illüstrasiya)

İcraatındakı intihara cəhd işi ilə əlaqədar rüşvət almaqda ittiham olunan müstəntiqlə bağlı araşdırmalar yekunlaşıb. Söhbət Qaradağ Rayon Prokurorluğunun keçmiş müstəntiq Emin Seyidovdan gedir. Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Məhkəmə onu təqsirli bilsə də, şərti cəza vermək qərarına gəlib.

Seyidov istintaq və məhkəmə dövründə də həbs olunmamışdı. Onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilmişdi.

Seyidov 2017-ci ildə prokurorluqda işə başlayıb. 2020-ci ildən Qaradağ Rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb. 2022-ci ildə vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb olunub.

Əvvəl 30 min manat rüşvət tələb etdiyi deyilir

Onun icraatında Gülşad Mirzəyeva adlı qadının özünə qəsd etməsi ilə bağlı cinayət işi olub. 2021-ci ildə baş vermiş bu hadisə ilə əlaqədar Qaradağ Rayon Prokurorluğunda dindirilən Mirzəyeva üç nəfərdən şikayətçi olub, onların üzündən intihar həddinə çatdırıldığını iddia edib.

Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işinin istintaqını aparan müstəntiq Seyidov sözügedən üç nəfəri çağırıb dindirərkən onlardan 30 min manat rüşvət tələb etdiyi iddia olunur. Bu, Seyidovla bağlı cinayət işinin materiallarında əksini tapıb. İttihama əsasən, danışıqlardan sonra məbləğ əvvəl 15 min manata, daha sonra 10 min manata düşüb. Sözügedən üç nəfər Elçin Nağdəliyev, Emin Oruczadə və Sərxan Quliyev olub.

Sabiq müstəntiq Emin Seyidov istintaqda özünü təqsirli bilib. Lakin məhkəmədə bildirib ki, istintaqdakı ifadəsi həqiqətəuyğun deyil. O, ittihamları qəbul etmir. Seyidov kimsədən rüşvət tələb etmədiyini və almadığını söyləyib. O, ünvanına səslənən iddiaları da böhtan adlandırıb.

Seyidovun təqsirli bilindiyi külli miqdarda rüşvət alma maddəsində (311.3.3) 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG