Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:44

Kələki Əbülfəz Elçibəyi unutmur - AzadlıqRadiosunun arxivindən


Əbülfəz Elçibəy, 1989-cu il, Goranboy rayonu.
Əbülfəz Elçibəy, 1989-cu il, Goranboy rayonu.
-


İyunun 24-ü Əbülfəz Eıçibəyin doğum günüdür. Bu münasibətlə AzadlıqRadiosunun arxivindən onunla bağlı bəzi reportajlarımızı təqdim edirik.


****


Mərhum eks-prezidentin qaldığı evə baş çəkirəm. İndi qapısı bağlı bu evdə, heç kim yaşamır. Bələdçimiz qonşu uşağı çağırıb Əbülfəz Elçibəyin düz 4 il yaşadığı bu kimsəsiz evin qapısını açdırır: "Bu, Əbülfəz Elçibəyin iş otağıdır..."


Naxçıvana gəlmək çətindir. Ancaq ondan da çətini Naxçıvandan getməkdir. Əslində Naxçıvana bir gəlib çatanda sevinirsən, bir də oradan getdiyinə tam əmin olanda. Çünki təyyarəyə minmək, trapın təyyarədən ayrılması və təyyarənin uçuş zolağına çıxması hələ uçuşun olacağı anlamına gəlmir. Uçuş qərarı hər dəqiqə dəyişə bilər. Bu barədə sonda.


Əvvəlcə ötən verilişimizdə yarımçıq qalan bir mətləbə aydınlıq gətirməyə çalışaq. Necə olur ki, əhalinin ilbəil azaldığı, iri müəssisə və zavodların hələ də tam işə düşmədiyi Naxçıvanda mehmanxanaların sayı durmadan artır? Bu sualın cavabı çox sadədir. Naxçıvanda danışırlar ki, mehmanxanalar əsasən qonşu İrandan gələn tacirlərin sayəsində gəlir qazanırlar. Onlar həm bu mehmanxanalarda gecələyir, həm də orada yaradılan sərbəstlikdən geninə-boluna istifadə edirlər. İranlı tacirlər gözləməkdə olsunlar, Sizə yerli bazarlardan bəhs edim.


"Saat 11 olub hələ siftə etməmişəm. Ya soyuqdur, ya da başqa bir səbəb var ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Ancaq keçən qış bundan yaxşıydı…" Bunu Naxçıvanda «57» adlanan bazarın bir satıcısı dedi. Satıcılar alverin getməməsindən gileylənirdilərsə, müştərilər də qiymətlərin bahalığından narazılıq edirdilər: "Bazar od tutub alışır. Almaq istədiklərimizin çoxunu ala bilmirik…"

Naxçıvan bazarı, 25 yanvar 2006
Naxçıvanın başqa bazarlarında da eyni vəziyyətlə qarşılaşacaqsan. Yeni istifadəyə verilən «Cahan» Ticarət Mərkəzində də satıcıların sayı alıcılardan çoxdur.

Ancaq deyəsən, «Cahan» Ticarət Mərkəzində müştərilərin azlığı təkcə onların alıcılıq qabiliyyətinin aşağı olmasıyla bağlı deyil. Satıcılar danışır ki, köhnə bazarda alver daha yaxşı gedirmiş. Sadəcə orada "quş qripi"nin olmasıyla bağlı şayiə yayılıb və bunun ardınca da onları məcburi qaydada «Cahan»a köçürüblər. Deyilənə görə, hələlik "yer pulu" verməsələr də, əvvəlki qədər də qazana bilmirlər. Çünki bu bazar əhalinin gediş-gəlişi üçün münasib yerdə tikilməyib. Bununla belə, bazara gələn müştərilərin bəziləri deyirdilər ki, iş yerləri olsa, nə bazarın uzaqlığı, nə də qiymətlərin bahalığı onların gözünə görünməz.


Bütün narazılıqların başlıca səbəbi işsizlikdir. İşsizliklə bağlı giley-güzarı təkcə bazarlarda yox, demək olar ki, hər yerdə sadə insanlardan eşitmək mümkündür. Ancaq bir də görürsən ki, 100-200 nəfərlik balaca bir iş yerinin açılması bir neçə kəndə əhalinin güzəranını dəyişdirir. Belə bir halla Ordubad rayonun kəndlərində qarşılaşdım.


Ordubad rayonunda qızıl yatağının istismarı ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə Kələki və ətraf kəndlərdən təqribən 100-150 nəfər işçi götürülüb. Bununla da bu kəndlərdə həyat bir növ yenidən canlanıb.

Kələki kəndi, Abülfəz Elçibəyin qaldığı ev, 26 yanvar 2006

"Əvvəllər Kələki və ətraf kəndlərdə əhali mağazadan ərzağı belə nisyə alırdı. İndi qızıl mədənində iş yerlərinin açılması əhalinin vəziyyətini olduqca yaxşılaşdırıb. İndi mağazalara olan borcları ödəmək üçün Türkiyə və Rusiyaya işləməyə gedənlərin yolunu gözləməyə ehtiyac bir elə də qalmayıb...". Bunu mənə Kələki kəndində dedilər. Ancaq bu qızıl mədəni də hələ Kələki kəndinə 10 il əvvəlki qaynarlığı gətirməyib.

1993-cü ilin iyun qiyamından sonra mərhum eks-prezident Əbülfəz Elçibəyin Kələkiyə pənah aparmasıyla onun doğulduğu bu kənd az qala Azərbaycanın ikinci paytaxtına çevrilmişdi. Deyilənlərə görə, Əbülfəz Elçibəyin Kələkidə qaldığı 4 ildə bu kəndə nəinki Bakı və Azərbaycanın müxtəlif rayonlarından, hətta qonşu Türkiyədən saysız qonaqlar gəlib. Balaca bir dağ kəndin bu qədər qonaq-qaranı necə qəbul edib yerləşdirdiyi çoxlarına hələ də təəccüblü görünür. Kələkidə nə Əbülfəz Elçibəyi, nə də o günləri unudublar.

Əbülfəz Elçibəy Kələkidə olarkən çəkilmiş bir video.


Mərhum eks-prezidentin qaldığı evə baş çəkirəm. İndi qapısı bağlı bu evdə, heç kim yaşamır. Bələdçimiz qonşu uşağı çağırıb Əbülfəz Elçibəyin düz 4 il yaşadığı bu kimsəsiz evin qapısını açdırır: "Bu, Əbülfəz Elçibəyin iş otağıdır...".


Əbülfəz Elçibəyin iş otağı o qədər də böyük deyil. Divarda Məmməd Əmin Rəsulzadənin, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin və Seyid Cəfər Pişəvərinin portretləri var. Yazı masasının üstündə isə prezident seçildikdən sonra ona verilən vəsiqə, vəsiqənin yanında isə içində hələ də bir neçə siqaret qalan «Camel» qutusu var. Görünür Əbülfəz Elçibəy 1997-ci ildə Bakıya qayıdarkən həmin vəsiqəni özü ilə götürməyi lazım bilməyib. Prezident kimi gəldiyi bu kənddən sadə vətəndaş kimi gedib. Bələdçimiz isə Əbülfəz Elçibəylə bağlı xatirələrinə ara vermir:


Əbülfəz Elçibəyin yazı masası, 26 yanvar 2006
"Bəyin Bakıya qayıtmasına iki il qalmışdı, düz Kələki kəndinin girişinə polis postu qoyuldu. Bəy həmin polisləri bizdən ayırmırdı. Bizə tapşırmışdı ki, kəndə bir toy oldumu, polislərin də payı göndərilsin. Baxmayaraq ki, bu polis postu onun yolunu kəsmək üçün qoyulmuşdu...".

Düz 12 il əvvəl də mən Naxçıvana gəlib Kələki kəndinə baş çəkmişdim. O vaxt Culfa rayonunun girişindən Kələki kəndinə qədər düz 8 yerdə polis postu var idi. Hətta o vaxt biz bu postlardan keçə bilmədiyimizdən, dağ yolu ilə Kələkiyə getmişdik. İndi nə Əbülfəz Elçibəy var, nə də həmin polis postları.


Naxçıvanda olduğum bu 4 gün ərzində isə hara getdimsə, bir neçə polis daim ardımca gəldi. Hətta geri Bakıya qayıdarkən Naxçıvan Hava Limanında da onlar bir növ məni tək buraxmadılar. Ancaq onların hər hansı müdaxiləsi ilə qarşılaşmadım. Düzdür, uçuş yenə də ləngidi. Ancaq daha bundan danışmaq istəmirəm. Çünki onsuzda Naxçıvanda təyyarələrin uçuş cədvəli formal xarakter daşıyır və bu heç kimi təəccübləndirmir.


XS
SM
MD
LG