Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:29

'Nardaran işi-3': 'Şeyxin gəlməsini gözləyirdik...'


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

“Bizim əqidəmiz, ümumiyyətlə, silah götürməyə, insanları öldürməyə imkan vermir”, – həbsdə olan ilahiyyatçı Zülfüqar Mikayılovun sözləridir.

O, fevralın 20-də məhkəmədə ifadə verib.

Zülfüqar Mikayılov 2015-ci il noyabrın 26-da Nardaranda - ikisi polis, dördü yerli sakin - 6 nəfərin öldüyü əməliyyatla eyni vaxtda öz evində həbs olunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı hakim önünə çıxarılan 3-cü qrupda təqsirləndirilənlər arasındadır.

Buna da bax:​ 'Nardaran işi-2': 'Dedilər imzalamasan arvadını tutub, silahı onun adına yazacağıq'

“Allahşükür Paşazadənin gəlməsini gözləyirdik”

Zülfüqar Mikayılov deyir ki, 2015-ci ili noyabrın 5-də Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımovun həbsindən sonra gərginlik yaranmışdı. Bununla bağlı məsələləri yoluna qoymaq üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət olunub: “Bizim Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqəmiz vardı. O hadisədən sonra indi burada adını çəkmək istəmədiyim, Şeyxə yaxın bir adama dedik. Həmin şəxs bildirdi ki, elə özləri də problemin həllinə çalışırlar. Həmin vaxt Allahşükür Paşazadə Livanda idi. Dedi ki, “gəlsin, həll eləyərik”. Bu söhbət noyabrın 13-də olub, həmin gün rayona gedib, bir də 23-ü gəlmişəm”.

Necə həbs olunmasından danışan Zülfüqar Mikayılov deyir ki, noyabrın 26-da evdən çıxıb “İnterAz” kanalına verilişə gedərkən, həyətdə bir neçə nəfər ona hücum çəkərək, əllərini qandallayıb, evə qaytarıb. O adamlardan axtarış üçün order tələb etsə də, əhəmiyyət verən olmayıb: “Məndən əvvəl bir neçə nəfər evə daxil oldu. Öz gətirdiklərini qoyub, özləri də götürdülər. Sonra da dedilər ki, guya o silahlar evimdən çıxıb. Heç bir hal şahidi yox idi”.

Buna da bax:​ Nardaran məhbusu: ‘İlham Əliyevin iki dəfə vəkili olmuşam...’

“Silahı İo Kio baba qoyub”

İlahiyyatçının sözlərinə görə, ardından onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb, orada hədələyiblər: “Mənə dedilər ki, bu sənədlərə imza atmasan, qardaşını və sürücünü də tutacağıq. Mən də razılaşdım ki, onları buraxsınlar. Mənə fiziki yox, mənəvi işgəncə veriblər, ailəmlə hədələyiblər”.

Zülfüqar Mikayılov deyir ki, cibinə tapança qoyub, sonra da belə rəsmiləşdiriblər ki, guya, üstündən çıxıb: “Onu mənim cibimə “İo Kio” baba qoyub” (İo (İqor) Kio – sovet dönəminin məşhur illüzionisti – gözbağlayıcısı olub – red.).

İstintaqda imzaladığı ifadələri təsdiqləməyən ilahiyyatçı Taleh Bağırovla Qum şəhərində tələbə yoldaşı olduqlarını bildirib: “Əminliklə deyirəm, Taleh heç yerə bağlı adam deyil”.

Buna da bax:​ Nardaran məhbusunun işgəncə şikayəti təmin edilmədi

“Noutbuk da mənim deyil, o qeydlər də”

Zülfüqar Mikayılov iş materiallarında onun evindən iki kompüter və bir planşet tapıldığının yazılmasına diqqət çəkib və bir kompüterin onun olmadığını vurğulayıb: “Özləri qoyduqları noutbukda Nardaran hadisələri haqda qeydlər var. Halbuki mən Nardaranda əməliyyat keçirildiyi vaxtlarda öz evimdə tutulmuşam. Orada Nardaran hadisələri haqda qeydlər ola bilməzdi. Noutbuk da mənim deyil, o qeydlər də. Mən “bandotdel”də olanda səs-küy eşitdim, dedilər ki, Talehgili də gətiriblər. Yəni biz paralel tutulmuşuq”.

“Desəydilər, evindən tank çıxıb, ona da qol çəkəcəkdim”

Təqsirləndirilən Əli Hüseynov da ifadə verib. O, Nardaran əməliyyatında aldığı güllə yarasından iflic olub hərəkət qabiliyyətini itirən, bir ildən artıq həbsdə saxlandıqdan sonra 2016-cı ilin dekabrında evə buraxılan Əbülfəz Bünyadovun qohumudur.

Buna da bax:​ 'Nardaran işi-2': 'Rəis seyfdən başıqotazlı çubuq çıxardı, dedi 'diz çök...''

Nardaran sakini olan Əli Hüseynov deyib ki, əməliyyat keçirilən gün xəstəymiş və evində yatırmış:"Məni dekabrda həbs ediblər. Polislər əllərində silah evə hücum elədilər, mən çıxanda dedilər ki, müqavimət göstərsən, güllələyəcəyik. Polislərdən biri mənim eynəyimi əli ilə sındırdı, ardınca da ”bandotdel”ə apardılar. Orada silah, dövlət çevrilişi barədə ifadəni imzalamağımı tələb etdilər. İmzalamaqdan imtina edəndə, məni övladlarımla hədələdilər. Başa düşdüm ki, qol çəkməsəm, oğlanlarımı tutacaqlar. Ona görə də qorxudan imzaladım”.

Əli Hüseynov deyir, həmin vaxt ondan evindən tank çıxması haqda ifadəni imzalamağı tələb eləsəydilər, onu da imzalayacaqdı.

XS
SM
MD
LG