Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:44

Nardaran işi: “Ramil Usubov şahid kimi dindirilsin”


Arxiv fotosu: Nardaran polis əməliyyatından az sonra, noyabr 2015
Arxiv fotosu: Nardaran polis əməliyyatından az sonra, noyabr 2015

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

"Nardaran işi" üzrə həbs olunanlardan biri Abbas Hüseynov Daxili işlər naziri Ramil Usubovun məhkəmədə şahid qismində dindirilməsini istəyir. Bu barədə o, avqustun 18-də keçirilən məhkəmə iclasında vəsatət qaldırıb.

"Çünki bizə "bandotdel"də işgəncə verən banditlər deyirdilər ki, “bütün baş verənlərdən DİN rəhbərliyinin xəbəri var. Dövlət başçısı da bu işlə yaxından maraqlanır”. Ona görə də Ramil Usubov gəlsin, soruşaq görək ki, işgəncələrdən xəbəri var idimi? Bizim üstümüzə yazdıqları silahları hardan tapıb boynumuza qoyublar?", – Abbas Hüseynov vəsatətini əsaslandırarkən bildirib.

Vəsatəti təqdim edərkən onun vəkili prosesdə iştirak etmədiyinə görə vəsatətin müzakirəsi də təxirə salınıb.

“İKİ XÜSUSİ MAŞINLA GETMİŞDİK”

Məhkəmə iclasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCQMİ) şöbə müdiri Elman Bayramov və bu idarənin baş əməliyyat müvəkkili İslam Ağabəyov ifadə verib. Onlar noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda, o cümlədən hazırda mühakimə olunan şəxslərin tutulub BMCQMİ-yə gətirilməsində iştirak ediblər.

Elman Bayramov ifadəsində bildirib ki, əməliyyat zamanı Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovu o tutub. Polisin dediyinə görə, noyabrın 5-dən internetdə, telekanallarda Taleh Bağırov çevrilişə çağırış xarakterli çıxışları yayılırdı:

"Noyabrın 26-da səhər saat 11-in yarısında Kərim Əlimərdanovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirildi. Taleh Bağırovun Nardaranda olması, Əbülfəz Bünyadovun evində toplantılar keçirilməsi və digər məsələlər barədə əməliyyat məlumatı daxil olmuşdu. Günorta saat 12.45-də Nardarana çatdıq, 15 dəqiqə ərzində mövqe seçdik. Saat 13.00-da əməliyyata başladıq. Bizim idarənin əməkdaşları təxminən 20 nəfər idi. Daha 15 nəfər mühafizə polisindən olardı. İki xüsusi hərbi maşınla getmişdik. Əvvəlcə iki nəfər əməkdaşımız qapıdan girdi, daha bir neçə nəfər hasardan tullandı".

Bunlara da baxın:
Nardaran işi ilə bağlı bundan öncəki məhkəmə iclaslarından reportajlarımız

“TALEH BAĞIROV ŞOKDA İDİ”

Elman Bayramov deyir ki, içəri daxil olan kimi qarşı tərəf qumbara atıb: "Qumbaranın atıldığını özüm görməmişəm, amma partlayış səsi eşitdim".

O, vəkillərin suallarına cavab olaraq, əvvəlcə xəbərdarlıq məqsədilə səsgücləndiricidən istifadə etmədiklərini bildirib və bunu kənddə səs-küy salmaq istəməmələrilə izah edib. Həmçinin qeyd edib ki, saxlanılanlara qarşı fiziki təzyiq, işgəncə olmayıb.

Elman Bayramov Taleh Bağırovun tutulmasından da danışıb: "Taleh Bağırov şokda idi. Müqavimət göstərmədi. Əllərini bağlayıb, gətirib mühafizə polisinə təhvil verdik. Həmin vaxt otaqdan Talehin kompüterini də götürdük".

Həbs olunan şəxslərin bəzilərini müstəntiq dindirərkən özünün də orada iştirak etdiyini deyən polis həmçinin Taleh Bağırovun çıxışlarına da toxunub: "Deyirdi ki, "qanımızla boğarıq sizi"; "bu hakimiyyət zalımdır, Yeziddir"... Belə çıxışlar eləyirdi".

“MƏNİM NOUTBUKUM OLUB”

Taleh Bağırov kompüterinin götürülməsi barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib: "İş materiallarında əsasən planşetdən söhbət gedir. Mənim isə ümumiyyətlə, planşetim olmayıb. Mənim noutbukum olub. Amma götürülməyib. Yəni bunların iddia etdiyi kompüterin mənə heç bir aidiyyəti yoxdur. Əgər dedikləri kompüter mənimdisə, onda mənim kişilikdə payım yoxdu, yox, əgər mənim deyilsə, onda mənim üzərimə qoyanların kişilikdə payı yoxdu".

İlahiyyatçı çıxışlarına da aydınlıq gətirib: "Bəli, mən demişəm ki, "qanımızla sizi boğarıq", öz qanımızla. Yəni, nə qədər əzab versəniz də, öldürsəniz də, qanımızı töksəniz də, sizə təslim olmarıq. Mən heç vaxt deməmişəm ki, kiminsə qanını tökəcəyik. Bəli, bu hakimiyyətin zülmkar, Yezid xislətli olduğunu demişəm. Buna da konstitusiya imkan verir. Bu ifadə həm də onu təsdiqləyir ki, məni məhz çıxışlarıma görə həbs ediblər".

POLİS İŞGƏNCƏNİ TƏKZİB EDİR

Elman Bayramov dindirilərkən təqsirləndirilən şəxslərdən Rasim Cəbrayılov bildirib ki, "bandotdel"də bu polis onu ailəsilə şantaj eləyib: "Mən ifadəyə qol çəkmədiyimə görə işgəncə verənlərdən biri də məhz bu adam olub".

Elman Bayramov onun dediklərini təkzib edəndə Rasim Cəbrayılov belə cavab verib: "Yalan deyirəmsə, bu "Quran" mənə qənim olsun, yoxsa da səni zəlil eləsin".

Digər təqsirləndirilən Abbas Quliyev də ona işgəncə verənlərdən birinin bu polis olduğunu bildirib. Lakin Elman Bayramov bunu təkzib edib.

Digər polis İslam Ağabəyov da bənzər ifadə verib. Deyib ki, əvvəl Nardaranda işlədiyinə görə onların xasiyyətini, adətlərini bilirdi: "Ona görə dedim ki, “namazın qurtarma vaxtını gözləyək”. İçəri daxil olanda qrupun rəhbəri Kərim Əlimərdanov polis olduğumuzu bildirdi, təslim olmaları barədə xəbərdarlıq etdi. Lakin onlar qumbara atdılar, atəş açdılar. Biz də silahdan istifadə etdik".

İslam Ağabəyov da deyir ki, saxlanılan şəxslərə təzyiq göstərilməyib.

Bunlara da baxın:
Nardaran qarşıdurması - jurnalist araşdırmasının nəticələri-


ZƏRƏRÇƏKMİŞLƏRƏ ZİYAN DƏYMƏYİB

Polis əməkdaşları zərərçəkmiş qismində dindirilsə də, onların hər ikisi əməliyyat zamanı heç bir xəsarət almadıqlarını, ziyan çəkmədiklərini bildiriblər.

İslam Ağabəyovun dindirməsi avqustun 24-də növbəti məhkəmə iclasında davam edəcək.

İstintaqın iddiasına görə, 2015-ci il noyabrın 26-da polis əməkdaşları Bakıda Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirərkən silahlı müqavimətlə üzləşiblər. Silahlı qarşıdurmada ikisi polis olmaqla, 6 nəfər həlak olub.
Qeydə alınmayan “Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir. Daha yüngül maddələrlə ittiham edilənlərdən bir neçəsinin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Özləri bu ittihamları rədd edib.

XS
SM
MD
LG