Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:17

Nardaran işi: 'Cins şalvarın cibindən qumbara çıxdı'


Nardaran məhbusları (İllustrasiya MEYDAN TV)
Nardaran məhbusları (İllustrasiya MEYDAN TV)

*Hər gün ən yeni videoları burdan izlə - Abunə ol

«Bu rejim nə qədər azğınlaşsa da, bizi əqidəmizdən, haqq yolumuzdan döndərə bilməzlər. Xalqa edilən zülmlərə görə İlham Əliyevin aqibəti Qaddafi-dən betər olacaq».

Bunu Nardaran işi üzrə məhkəmədə təqsirləndirilən şəxslərdən Abbas Hüseynov qardaşlarının həbsi ilə bağlı hakimlərə müraciətində deyib.

Bildirib ki, üç qardaşı onun hökumətin ünvanına tənqidlərinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Məqsəd də onu susdurmaqdır.

«NƏ QƏDƏR QƏDDARLIQ ELƏSƏLƏR DƏ...»

Abbas Hüseynovun sözlərinə görə, onun xəstə anasını da bir müddət əvvəl saxlayıblar: «Bizim həbsimizin səbəbi fikirlərimizi dilə gətirməyimiz, ölkədəki haqsızlığa, zülmə etiraz etməyimizdir. Qardaşlarımın üçünü də həbs eləyiblər, «bandotdel» heç bir açıqlama da vermir. Bu rejim anlasın ki, nə qədər qəddarlıq eləsə də, bizi haqq bildiyimiz yoldan döndərmək mümkün deyil. «Bandotdel»də döydülər, ömürlük həbsə göndərirlər, amma yenə də istədiklərinə nail ola bilməyəcəklər. Görün nə qədər cılızlaşıblar ki, xəstə anam Rusiyadan müalicədən qayıdanda aeroportda saxlayıblar».

Buna da bax-Nardaran işi: ‘Xəzər’ TV-nin rəhbəri məhkəməyə çağrıldı...

A.Hüseynov qardaşlarının ona görə həbs olunduğunu vurğulayaraq, hakimlərdən onların həbsi ilə bağlı BMCMİ-yə müraciət etməsini xahiş edib.

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, bu məsələnin baxılan işə aidiyyəti yoxdur: «Məhkəmə ancaq icraatına qəbul etdiyi iş çərçivəsində sorğular göndərə bilər».

Daha sonra məhkəmədə BMCMİ-nin əməkdaşı Həmzə Zahidov dindirilib. O bildirib ki, əməliyyat zamanı təqsirləndirilən şəxslərdən Ramin Yarıyevi saxlayıb: «Əlində sağa-sola bıçaq oynadırdı. Baxış zamanı əynindəki qara cins şalvarın arxa cibindən qumbara çıxdı».

«CİNS ŞALAVRIN CİBİNƏ QUMBARA YERLƏŞƏR?»

Ramin Yarıyevin vəkili Gülşən Salmanovanın «cins şalvarın cibinə qumbara yerləşər» sualına polis «tapdım da» cavabını verib.

Buna da bax-Taleh Bağırov polisin nəşinin qəbirdən çıxarılmasını istədi

Zahidovun dediyinə görə, əməliyyat zamanı ölən polislərdən başqa heç kimdə rezin güllə atan silah olmayıb. Onlar da yaralanıb əməliyyatın davamında iştirak edə bilməyiblər. Təqsirləndirilən şəxslərin əksəriyyətinə, o cümlədən Ramin Yarıyevə çoxsaylı rezin güllələr dəyib. Həmzə Zahidov vəkillərin bu barədə suallarına cavab verə bilməyib.

Məhkəmə prosesi davam edir.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov, müavini Abbas Hüseynov və bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir.

Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər. Ancaq məhkəmədə ifadə verən hüquq-mühafizə əməkdaşları işgəncələrlə bağlı şikayətləri təkzib edirlər.

XS
SM
MD
LG