2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş hadisələrlə bağlı məhkəmə işində şahid olanlar yenə polisə çağrılıb. Qəsəbə sakinləri olan daha iki şahid – Allahverdi Hadıyev və Yusif Fərəcov noyabrın 23-də səhər Sabunçu rayonu 42-ci polis bölməsinə aparılıblar.
Bu barədə AzadlıqRadiosuna «Nardaran işi» üzrə təqsirləndirilən bir neçə nəfərin, o cümlədən «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun vəkili Yalçın İmanov məlumat verib.
Müdafiəçi bildirib ki, adları çəkilən iki nəfər axşama qədər polis bölməsində saxlanılıb.
Vəkil bu saxlanılmanın «Nardaran işi» üzrə şahidlərə təzyiqlərin tərkib hissəsi olduğunu istisna etmir: «Allahverdi Hadıyev və Yusif Fərəcov ittiham tərəfinin şahidləridir və hələ məhkəmədə dindirilməyiblər. Məhkəmədə ittiham tərəfinin şahidlərinin əksəriyyəti dindirilərkən istintaqda təqsirləndirilən şəxslərin əleyhinə verdikləri ifadələrdən imtina etdilər. Bildirdilər ki, o ifadələrdə yazılanlar onların fikirləri deyil, həmin ifadələrə təzyiq altında, oxumadan imza atıblar. Məhkəmədə bu cür ifadələrin sayı artandan sonra polislərin şahidlərə təzyiqləri başladı. İstintaqdakı ifadələrindən imtina edən iki nəfər fiziki təzyiqlərə məruz qaldı. Hələ dindirilməmiş şahidləri – Nardaran, Maştağa sakinlərini də polisə aparıb, onlara hədə-qorxu gəlib, istintaqdakı ifadələrini məhkəmədə də təsdiqləməyi tələb ediblər. Polisin şahidləri bölmədə toplayıb xüsusi avtobusla məhkəməyə gətirməsi, orada gözləyib, məhkəmə başa çatandan sonra yenidən onları ora qaytarıb, bir müddət saxlamasını məhkəmədə şahidlər özləri də təsdiqlədilər», – Y.İmanov bildirib.
XATIRLATMA
Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilən bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.
Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.