Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:56

Nardaranlı məhkəməyə xərəkdə gətirildi


Nardaran əməliyyatı zamanı güllələnmiş Əbülfəz Bünyadov. 06 fevral 2018
Nardaran əməliyyatı zamanı güllələnmiş Əbülfəz Bünyadov. 06 fevral 2018

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat keçirilən evin sahibi, özü də həmin gün güllələnərək hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadov fevralın 6-da məhkəmə qarşısına çıxarılıb. Amma xərəkdə, uzanmış vəziyyətdə...

Ə.Bünyadov əməliyyat günü həbs olunsa da, bir ildən artıq müddətdə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandıqdan sonra 2016-cı ilin dekabrında barəsində həbs qətimkan tədbiri dəyişdirilmişdi. O, polis nəzarətinə vermə qətimkan tədbiri ilə evə buraxılıb.

Məhkəməyə Təcili Tibbi Yardım vasitəsilə gətirilən Ə.Bünyadov Nardaran hadisələrindən sonra axtarışa verilib, 2017-ci ilin martında həbs olunan Elxan İsgəndərovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax: 'Nardaran işi-2': 'Biri övladlarını, o biri atasını qorumaq üçün etmədiyini üzərinə götürüb'

BİR ƏMƏLƏ GÖRƏ İKİ DƏFƏ CƏZALANDIRILMAQ

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Ə.Bünyadovun dörd, E.İsgəndərovun isə üç azyaşlı övladı var.

E.İsgəndərovun vəkili Fariz Namazlı hüquqlarını müdafiə etdiyi şəxs barəsində cinayət işinə xitam verilməsini, bu vəsatət təmin olunmasa, onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılmasını istəyib: "İş materiallarında Müsəlman Birliyi Hərəkatı "cinayətkar, terrorçu təşkilat", Elxan İsgəndərov isə onun üzvü kimi təqdim olunub. Amma bununla bağlı heç bir sübut yoxdur. Terrorçu təşkilat təsis olunması haqda elan vermir, dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə müraciət eləmir".

Buna da bax: Nardaran hadisələrindən 2 il ötdü [Video]

E.İsgəndərovun 5 noyabr 2015-ci ildə "Müsəlman Birliyi" hərəkatının sədr müavini Elçin Qasımovun həbsi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı etiraz aksiyasına görə suçlandığını deyən vəkilin sözlərinə görə, halbuki, o, həmin hadisəyə görə 15 sutka inzibati həbs cəzası alıb: "Bu artıq adamın bir əmələ görə iki dəfə cəzalandırılmasıdır. Qanun da buna yol vermir".

Ə.Bünyadovu vəkili də vəsatətlə çıxış edib. Bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var və onun məhkəməyə bu şəkildə gətirilməsi ona əzab verir. Vəkil Ə.Bünyadov haqqında cinayət işinin ayrıca icraata ayrılmasını tələb edib.

Dövlət ittihamçısı Fərid Nağıyev bildirib ki, E.İsgəndərov ev dustaqlığına buraxılarsa, onun qaçıb gizlənmək ehtimalı var. Onun eyni əmələ görə iki dəfə cəzalandırılması fikrilə razılaşmayan prokuror deyib ki, inzibati həbs qərarı prokurorluğun protesti əsasında ləğv olunub, onun barəsində cinayət işi başlanıb.

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

Məhkəmə də qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığını elan edib. Bu iş üzrə məhkəmə baxışı fevralın 13-nə təyin olunub.

F.Namazlı da növbəti vəsatətində cinayət işinin ayrıca icraata ayrılmasını istəyib.

Ə.Bünyadov CM-nin 120 (qəsdən adam öldürmə), 228 (qanunsuz silah saxlama), 28, 214 (terrorçuluğa cəhd), 274 (dövlət çevrilişinə cəhd) və s. maddələrlə təqsirləndirilir. E.İsgəndərova da qəsdən adam öldürmə istisna olmaqla, onunla eyni maddələrlə ittiham verilib.

Buna da bax: Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]

Xatırlatma

«Müsəlman Birliyi» hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib. Amma təqsirləndirilən şəxslər ittihamları rədd edir, saxta olduğunu bildirirlər. Onlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Amma idarənin əməkdaşları məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib edib.

XS
SM
MD
LG