Ağdaş sakininin - 5 kiloqram narkotik ittihamıyla iki ilə yaxın həbsdə saxlanılandan şəxsin təqsirsiz olduğu ortaya çıxıb.
Şəki Apellyasiya Məhkəməsi bu nəticəyə gəlib və ona bəraət verərək, məhkəmə zalından azadlığa buraxıb.
Elə Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri və iki hakimi onu təqsirli sayıb, 7 il cəza kəsmişdi. Apellyasiya şikayəti də məhz onların çıxardığı hökmdən verilmişdi və həmin şikayət bir il idi ki, araşdırılırdı.
Yaşı 30-u keçmiş Nəriman Nərimanov dostu Ziya Əliyevlə birlikdə tutulsa da, sonradan dostundan onun əleyhinə ifadə alıb, özünü buraxmışdılar. Onlar saxlanılarkən gecə saatlarında Ağdaşın Qəribli kəndində, Nəriman Nərimanovun mərhum babasından qalma evin qarşısında olublar.
Polislər iddia edir ki, Nərimanovun narkotik dövriyyəsilə məşğul olması haqda məlumat alıblar. Bunun əsasında da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbənin əməkdaşları Gəncədən gələrək, Ağdaşın Qəribli kəndində əməliyyat keçiriblər.
Polislərin dediyinə görə, gecə saat 3-də Nəriman Nərimanovla dostu evin qarşısında olub. Özlərini tanıdıb, həyətə baxmaq istədiklərini söyləyiblər. Razılıq alınandan sonra baxış keçiriblər. Bu zaman həyətdəki tövlədən 4 kiloqram 950 qram narkotik tapılıb. Ardınca dostlar şöbəyə - Gəncəyə aparılıblar. Şöbədə səhər saat 7-də Ziyanın üstündən təxminən 3 qram marixuana tapılıb. Bundan 15-16 saat keçəndən sonra da axşam saat 7-də maşından daha 6 kibrit qutusunda marixuana tapılıb.
Məcburiyyət qarşısında ifadə verdiyini deyir
Sözügedən evdə daimi yaşayış yoxdur, Nərmanovlar ailəsinin üzvləri arabir gəlib, ora baş çəkib gedirlər. Ziya Əliyev deyir ki, həmin gün də dostu onu maşında həmin evə aparmağı xahiş eləmişdi:
“Dedi ki, deyəsən, mal-heyvan girib həyətə. Axşam 10 olardı, qapıya çatanda məlum oldu ki, açarı unudub. Elə qapının ağzındaydıq, mülki geyimlilər gəldi, Nərimandan kim olduğunu soruşdu. O da adını dedi. Qapını sındırdılar, həyətə girdilər. Bir az sonra çıxıb, Nərimanı da döyə-döyə apardılar həyətə...”.
Ziya Əliyevin sözlərinə görə, sonradan hər ikisini Gəncəyə aparıblar. Orada polislər ona narkotik verib, onu Nərimandan alması haqda ifadə verməyi tələb ediblər. Deyir ki, məcburiyyət qarşısında belə ifadə verib. Ardınca onları Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Bu idarədə sənədləşmə işləri yekunlaşandan sonra buraxıblar.
Nəriman Nərimanov məhkəmədə danışıb ki, işgəncəyə məruz qaldığına və üstəlik, dostunun buraxılmasından ötrü ona aidiyyəti olmayan külli miqdarda narkotiki üzərinə götürüb. O deyir ki, ilk işgəncələr babasının həyətində başlanmışdı. Onun sözlərinə görə, həyətdəki tövlədən tapıldığı iddia olunan 5 kiloqrama yaxın narkotiki qara sellofan torbada polislərin özü gətirmişdi.
Cinayət işinə ehtiyac yoxmuş?
O vurğulayıb ki, polislər döyməkdən əlavə, əlinin üstünə, dizinə yanan siqareti basmaqla, ona işgəncə verib, törətmədiyi cinayəti boynuna qoyublar.
Şəki Ağır Cinayətlər Məhkəməsində onun işgəncə haqda dedikləri özünümüdafiə cəhdi kimi dəyərləndirilib.
Nərimanovun vəkili ona qarşı pis rəftarın araşdırılması və işgəncə verən polislərin cəzalandırılmasından ötrü prokurorluğa da şikayət edib. Ancaq prokurorluq belə nəticəyə gəlib ki, onun dedikləri təsdiqini tapmır, cinayət işinə ehtiyac yoxdur.
Bu qərardan məhkəməyə şikayət olunub. Səbail rayon Məhkəməsi prokurorluğun o qərarını ləğv edib. İşgəncə məsələsinin araşdırılması Baş Prokurorluğun İstintaq, təhqiqat və qanunların icrasına nəzarət idarəsinə tapşırılıb. Yenidən ekspertiza təyin edilib. Ekspertiza da rəy verib ki, Nərimanovun bədənində xəsarət izləri var. Məsələn, əlinin, dizinin üstündəki izlər yüksək hərarətli əşyanın təsirindən yarana bilərdi. O da deyir ki, siqaretlə yandırılmışdı.
Ancaq bu dəfə də prokurorluq cinayət işi başlamaqdan boyun qaçırıb.
İstər prokuroluq, istərsə məhkəmə məsələni üzdən araşdırıb
Apellyasiya Məhkəməsi isə bu nəticəyə gəlib ki, istər prokurorluq, istərsə Şəki Ağır Cinayətlər Məhkəməsi vətəndaşın işgəncəyə məruz qalmasıyla bağlı şikayəti effektli araşdırmayıb:
“Ekspertizanın rəyində göstərilən xüsusat təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlarla bağlı üst-üstə düşür...”
Apellyasiya Məhkəməsində işgəncə ilə yanaşı, işdə yol verilən başqa pozuntular da nəzərə alınaraq, Nərimanov haqqında bəraət hökmü çıxarılıb.