Bakının Keşlə qəsəbəsinin sakini Zaur Əhmədov narkotik ittihamıyla həbsdədir. O, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onu 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Özü isə deyir ki, günahsızdır, onu şərləyiblər.
43-yaşlı Əhmədov aprelin 22-də məhkəmədə deyib ki, avtomobildə getdiyi yerdə metronun "Koroğlu" stansiyasının yaxınlığında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayıb, idarəyə gətiriblər.
"Açıq şəkildə dedilər ki, getməlisən"
Onun sözlərinə görə, həmin vaxt yas məclisindən gəlirdi. Üstündə nə narkotik, nə də başqa qanunsuz əşya olduğunu vurğulayan Əhmədov deyir ki, buna baxmayaraq, həbs olunacağını açıq şəkildə ona deyiblər: "Mənə idarədə açıq şəkildə dedilər ki, getməlisən. Dedim ki, yaxşı, silah (ittihamı) verin, boynuma götürüm. Bildirdilər ki, "silah yoxdur, narkotik götürməlisən, yığımdır, külli miqdarla gedəcəksən, başqa söhbət eləmə". Nə aparıb qanımı yoxlatdırıblar, nə ekspertizadan keçiriblər...".
Əhmədov əlavə edib ki, nəinki narkotik satışıyla məşğul olmayıb, heç istifadəçisi də deyil. Sadəcə, polislər tərəfindən şərlənib.
Əhmədov saxlanılanda tək olmayıb. Həmin vaxt onunla eyni avtomobildə olmuş Rəvan Həkimov da dindirilib. Deyir ki, Zauru Keşlədə dini inancı olan, xeyirxah biri olan adam kimi tanıyıb: "Əksinə, yaşadığımız yerdə olurdu ki, narkotik istifadəçiləri yaxın adamlarının əşyalarını oğurlayıb satırdılar, o pula narkotik maddə alırdılar. Bunun qarşısını alırdı. Belə bir adamı narkotik satmaqda ittiham eləmək gülüncdür".
Hakim xatırladıb ki, onun istintaqa ifadəsi fərqlidir. Orada etiraf edir ki, Zaur Əhmədovun şalvarının cibindən narkotik maddə çıxıb. Şahid bunu təkzib edib, belə bir ifadə vermədiyini söyləyib.
Şalvarının cibindən narkotik tapıldığını deyirlər
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəmədə dindirilən əməkdaşları isə təqsirləndirilən Əhmədov və şahidin dediklərini təkzib edib. Onlar iddia edib ki, əməliyyat məlumatı əsasında Zauru saxlayıblar. İdarədə onun üstünə baxış keçirəndə şalvarının cibindən heroin tapılıb.
Zaur Əhmədov CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma saxlama) maddəsi ilə ittiham olunur. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Azərbaycanda son vaxtlar narkotik maddələrlə bağlı ittihamlarla saxlananlardan bəziləri təqsirsiz olduqlarını deyirlər. Bu ittihamlar üzrə sonradan bəraət alanlar da olub. Müşahidəçilər bənzər iddiaları hüquq-mühafizə orqanlarının narkomaniya ilə intensiv mübarizə görüntüsü yaratmaq məqsədi ilə əlaqələndirsələr də, rəsmilər bunu təkzib edir.