Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:48

Naxçıvanda təmizlik işçiləri etiraz aksiyası keçirib


Süpürgəçi (Foto arxiv)
Süpürgəçi (Foto arxiv)

Aprelin 1-də Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin əməkdaşlarının etiraz aksiyası keçirdiyi bildirilir.

"Turan"ın məlumatına görə, işçilər əmək haqlarının azalmasına etiraz etdiklərini deyiblər.

Xəbərdə bildirilir ki, aksiya iştirakçıları Naxçıvan Ali Məclisinin binasının yaxınlığına toplaşıblar.

"Maaşımız əvvəl 674 manat idi, azaldıb 629 manat ediblər. Sonra isə heç bir əsas göstərilmədən 560 manata endiriblər. Bu vəziyyət artıq dörd aydır davam edir",- etiraz aksiyası iştirakçılarından biri söyləyib.

İşçilərin sözlərinə görə, iş üçün maddi-texniki baza yetərli deyil: "Adi süpürgə belə verilmir, maşınlar üçün benzin verilmir".

Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsindən isə etirazçıların dedikləri təkzib edilib. Yerli saytların məlumatına görə, qurumdan bildirilib ki, bu ilin fevralına qədər işçilərə əməkhaqqından əlavə maddi yardım da verilib.

Naxçıvan Muxtar Respublikasında iki il əvvəl hakimiyyət dəyişiklikləri olub. Muxtar respublikanın Ali Məclisinə 1995-ci ildən 2022-ci ilin dekabrına kimi Vasif Talibov rəhbərlik edib. O, istefa verib. Daha sonra prezident İlham Əliyev Naxçıvana öz səlahiyyətli nümayəndəsini təyin edib. Hazırda Naxçıvan Ali Məclisi sədrinin səlahiyyətlərini onun müavini icra edir.

Bir sıra yerli, beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında son bir neçə on ildə Naxçıvan Azərbaycanda sərbəst toplaşmaq və söz azadlığının tez-tez pozulduğu bölgələrdən biri kimi dəyərləndirilib. Hərçənd, muxtar respublika rəhbərliyi belə dəyərləndirmələri qəbul etmirdi.

XS
SM
MD
LG