Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:05

Nazarbayevin qızı və kürəkəni daha 2 milyard dollar varlanıblar


Timur və Dinara Kulibayevlər
Timur və Dinara Kulibayevlər

Timur və Dinara Kulibayevlərin sərvəti 2022-ci ildə 7.6 milyard dollara çatıb və onlar nəşrin dünya zənginləri siyahısında 778-ci yeri tutublar

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı və kürəkəni Dinara və Timur Kulibayevlər bir il ərzində sərvətlərini daha 2 milyard dollar artırıblar.

Forbes jurnalının məlumatına görə Kulibayevlərin sərvəti 2022-ci ildə 7.6 milyard dollara çatıb və onlar nəşrin dünya zənginləri siyahısında 778-ci yeri tutublar.

AzadlıqRadiosunun Qazax xidmətinin məlumatına görə 54 yaşlı Dinara və onun 55 yaşlı əri Timur Almeks şirkətinin yeganə mənfəətdarlarıdırlar.

Kulibayev 2021-ci ildə Almatı hava limanını bir Türkiyə holdinqinə satıb. Media xəbərlərində deyilirdi ki, Nazarbayevin kürəkəni bu satışdan 365 milyon dollar əldə edib.

Qazaxıstanda baş vermiş yanvar iğtişaşlarından sonra Nazarbayevlər ailəsi və onun ətrafındakılar vəzifələrini itiriblər.

Timur Kulibayevin özü Atameken sahibkarlar palatasının rəyasət heyəti sədrliyindən istefa verməli olub.

Müsadirəyə çağırış

Dinara Kulibayeva da çox göz dəymir. Onun vaxtının çoxunu xaricdə keçirdiyi xəbər verilir.

Dinara Kulibayeva Cenevrə gölünün sahilindəki iki dəbdəbəli malikanənin sahibəsidir. Onun Belrivdə bir qəsrinin olduğu da xəbər verilir.

İsveçrə mediası yazır ki, Kulibayevanın bu tarixi binanı təmir etdirmək planları Cenevrə kantonu hakimiyyət orqanlarının narahatlığına səbəb olub.

Deutsche Welle bu ilin fevralında xəbər verirdi ki, Dinara və Timur Kulibayevlər və onlara bağlı şirkətlər həm də Almaniyada ümumi dəyəri 100 milyon avro təxmin edilən elit malikanəyə, villaya və iki otelə sahibdirlər.

Bu məlumatlar açıqlandıqdan sonra Baden-Vürtemburq federal torpağının deputatı İonas Veber bu sarayların və villaların müsadirə olunması çağırışı ilə Almaniya hökumətinə mürcaiət etmişdi.

Kulibayevlərin Avropanın başqa ölkəlrəində də çoxsaylı daşınmaz əmlakının olduğu bildirlir.

XS
SM
MD
LG