Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:08

'Nefti bahalaşdıran səbəblər qalıcı deyil'


►Ekspertlər yaxın zamanlarda neftin qiymətində ciddi artım gözləmirlər

Neftin qiyməti artmaqdadır. Bu gün – iyunun 9-da səhər London birjasında keçirilən hərraclarda Brent markalı neft 0,18 dollar və ya 0,34% bahalaşaraq 52,69 dollar olub.

ABŞ-ın WTI markalı neftinin də qiyməti ötən ilin noyabrından bəri ilk dəfə 51 dolları aşıb. Nyu-York birjasındakı elektron hərraclarda WTI neftinin barreli 0,31 dollar və yaxud 0,61% artaraq 51,54 dollar olub.

“AzəriLayt” markalı neftin bir barreli 0,76 dollar bahalaşaraq 51,48 dollardan satılıb.

BVF: “Neftin qiyməti FES-dən asılıdır”

Bu arada Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması neftin qiymətinə mənfi təsir göstərə bilər: “Bu, büdcə defisiti ilə üzləşən neft ixrac edən ölkələrin iqtisadiyyatında özünü daha çox biruzə verəcək”.

Natiq Cəfərli
Natiq Cəfərli

Azərbaycan kimi neftdənasılı ölkələrdə qiymət artımı sevinclə qarşılanıb. İndi əsas məsələ bu sevincin nə qədər sürəcəyidir.

İqtisadçı ekspert Natiq Cəfərli son həftələr dünya bazarlarında neftin bahalaşmasını bir neçə amilə bağlayır:

“Kanadada baş verən meşə yanğınları hasilatı gündəlik 800 min barrel azaldıb. Nigeriyada terrorçuların neft borularına hücumu və kəmərlərin dağıdılması bu ölkənin dünyaya neft ixracatını gündəlik 400-450 min barrel aşağı salıb. Liviyadakı iç çəkişmələri də ölkədə neft hasilatını 4 dəfə azaldıb. Son həftələrdə ABŞ dollarının ucuzlaşması da nefti bahalandırıb. Göründüyü kimi, bütün bu amillər köklü və qalıcı deyil. Həmin ölkələrdə problemlər çözülüncə, hasilat yenidən artacaq”.

“FES uçot dərəcəsini qaldırsa, neftin qiyməti enəcək”

Ekspert bunu da sözlərinə əlavə edir ki, neftin qiymətinin 50 dollar civarında olması ABŞ-ın “slans nefti” şirkətlərinə pozitiv təsir göstərir:

“Bu həftə ABŞ-da hasilat günlük 10 min barrel artdı. Neft qiymətlərində “slans klapanı” effekti var, “slans nefti” hasilatı artdıqca qiymətlərə neqativ təsir edəcək. Başqa sözlə, neftin qiymətinin uzun zaman 45-55 dollar dəhlizində var-gəl etməsi ehtimalı çox yüksəkdir. Yaxın zamanda FES uçot dərəcəsini qaldırsa, bu da qiymətlərin enməsinə səbəb olacaq”.

Rövşən Ağayev
Rövşən Ağayev

“Qiyməti aşağı çəkən iqtisadi amillər...”

Ekspert Rövşən Ağayev yaxın zamanlarda bundan çox yüksəliş gözləmir:

“Ən azı, iqtisadi amillər baxımından. Qiyməti aşağı çəkən iqtisadi amillər, yuxarı çəkənlərdən daha ağırçəkilidir. Söhbət Kanadada yanğınların artıq dayanması və hasilatın bərpasından, Çin iqtisadiyyatında tənəzzül riskinin yüksək qalmasından, İranın sanksiyalaraqədərki bazar payını bərpa etməsindən, indiki qiymətin dayanmış slans layihələrinin müəyyən hissəsinin bərpasına əlverişli olmasından gedir”.

XS
SM
MD
LG