Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda suçlanan İlkin Süleymanovun kamera yoldaşları onun təqsirsizliyinə əmindilər. Onlar iyunun 1-də məhkəmədə bu barədə danışıblar.
Oğuzda 6 saylı Ekologiya İdarəsinin keçmiş sahə rəisi olmuş, meşə təsərrüfatına rəhbərlik etmiş Eyvaz Əliyev də 2020-ci ilin mart-may aylarında Bakı İstintaq Təcridxanasında Süleymanovla eyni kamerada qalıb. 54-yaşlı Əliyev deyir ki, üç övladını itirib. Əgər bu adamın azyaşlı Nərminin oğurlanmasında, öldürülməsində əli olduğuna azacıq şübhəsi olsaydı, onunla çörək kəsməzdi.
"Azacıq şübhəm olsaydı ki, bu işdə əli var..."
Əliyev deyir ki, Süleymanovun adını telekanallardan eşitmişdi, azyaşlının ölümünə görə ona qarşı öncədən nifrəti vardı.
"Hətta o kameraya gedib düşəndə Rəvan adlı kamera yoldaşımıza dedim ki, niyə bununla çörək yeyirsiniz? Rəvan oğlu Uğurun canına and içdi ki, bu yazıq günahsızdır, onun heç bu cinayətdən xəbəri yoxdur, döyüb boynuna qoyublar. Mən özüm də iki ay yarım o kamerada oldum, əmin oldum ki, həqiqətən elə imiş. Mənim nəslimin yarısını Xocalıda qırıblar. Mən üç uşağımı, həyat yoldaşımı itirmişəm. Əgər azacıq şübhəm olsaydı ki, bu işdə əli var, onunla çörək kəsməzdim", – Əliyevin sözləridir.
Xüsusi nəzarət
Şahid deyir ki, hüquqşünas ailəsində böyüyüb, özü bildiyi üsullarla Süleymanovla söhbətləşib, onun bu cinayətdə təqsiri olmadığına getdikcə əminliyi artıb.
Əliyev vurğulayıb ki, İlkinə görə dördnəfərlik həmin kamera xüsusi nəzarət altında idi. Başqa kameralardan fərqli olaraq, onlara yemək üçün qızdırıcı, çaydan belə vermirdilər. Kameranın qarşısındakı gəzinti meydançasına buraxmırdılar.
Şahid əlavə edib ki, Bakı İstintaq Təcridxanasında onu çağırıb Süleymanovun əleyhinə ifadə almaq istəyiblər. Amma razılaşmayıb: "Dedim ki, yalan danışıb dədəmi söydürə bilmərəm...".
Əliyev rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadəetməyə görə həbs olunmuşdu. Deyir ki, rüşvət ittihamıyla ona bəraət verilib. Digər ittihamla isə həbsdə qaldığı müddət kifayət hesab edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə azadlığa buraxılıb.
"Bizim köməyimizlə hərəkət edirdi"
Süleymanovla eyni kamerada olmuş Raqif Mirzəyev isə onun üzərində işgəncə izlərinin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ayaqlarının altı gömgöy idi, əllərini tərpədə bilmirdi, zorla hərəkət edirdi. Mirzəyev deyir ki, Süleymanov elə qorxmuşdu, kamerada kimsə ona yaxınlaşanda çəkinirdi: "Elə işgəncə verilmişdi ki, deməyə ehtiyac yox idi, gözümüzlə görürdük. Bizim köməyimizlə hərəkət edirdi. Yaralarına nə qədər maz sürtürdük. Çox pis vəziyyətdə idi".
Mirzəyev deyir ki, onu Süleymanov olan kameraya 2020-ci il yanvarın 17-də göndəriblər. Öncədən də xəbərdarlıq ediblər ki, narahat olmasın, bu adam qatil deyil.
Şahid danışır ki, Süleymanova görə yanvar və fevral aylarında kamerada xüsusi nəzarətçi olurdu: "Gedəndə gördüm ki, dördnəfərlik kamerada beş nəfər var. Bir nəfər nəzarətçi idi. Bir dəqiqə də boş buraxmırdılar oranı. Fevral ayında gündüz nəzarət ləğv olundu, ancaq gecələr qaldı. Martda, ümumiyyətlə, ləğv olundu. Amma yenə də başqa kameralardan fərqli davranırdılar bizim kameraya. Qadağalara görə bezmişdim, kameramı dəyişmək istəyirdim".
Kamera yoldaşı vurğulayıb ki, Süleymanov əvvəl çəkinsə də, sonradan onlarla ünsiyyət qurub. İttiham olunduğu cinayətə gəlincə, bunları deyib: "Deyirdi ki, mənim vicdanım təmizdir, gec-tez haqq-ədalət öz yerini tutacaq...".
Azyaşlı Nərminin oğurlanıb öldürülməsiylə bağlı məhkəmə araşdırmaları davam edir.
Xatırlatma
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.
Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan 48-yaşlı İlkin Süleymanova CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham verilib. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir. Baş Prokurorluq isə Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.