Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:12

Nərmin işi: 'Tələb edirdilər deyim ki, İlkin məndən 'pampers' alıb'


İlkin Süleymanov
İlkin Süleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda suçlanan İlkin Süleymanovgillə üzbəüzdəki mağazanın satıcısından onun əleyhinə ifadə almağa cəhd göstərilib. Bu barədə satıcı Şamil Vəliyev özü danışıb.

"Məndən tələb edirdilər deyim ki, Nərmin itkin olduğu dövrdə İlkin məndən "pampers" alıb. Dedim ki, axı heç o mağazada "pampers" satmıram, necə deyim? Tələb edirdilər ki, de, görən olub...", – Vəliyev məhkəmədə şahid kimi dindirilərkən belə deyib.

O bildirib ki, Süleymanovu sakit təbiətli biri kimi tanıyıb. Şahidin sözlərinə görə, bu gün də kənddə yaşayanlar, o cümlədən özü bu cinayəti İlkinin törətdiyinə inanmır: "Heç kiminlə işi yox idi. Gündə üç-dörd dəfə qapıya çıxıb siqaret çəkərdi, evə girərdi. Bacısı müəllimədir, o evə yanına hazırlaşmaq üçün hər gün nə qədər uşaqlar gəlir. Yəni evlərində adam çox olur həmişə...".

Yanvarın 10-na keçən gecə

Meyit yandırılan yer Süleymanovların evinin qarşısında (maşın yolu ayırır), mağazanın isə yan hissəsində yerləşir. Hadisə vaxtı – 2020-ci il yanvarın 6-da axşam saat 20:00 radələrində mağaza bağlı olub. Satıcı deyir ki, həmin gün mağazanı bir qədər tez bağlamışdı. Buna baxmayaraq, yanvarın 7-də saat 23:00 radələrində onu da Tovuz rayon Polis Şöbəsinə aparıblar, bir də yanvarın 9-da səhər saat 7-də buraxdılar. Vəliyev danışır ki, yanvarın 7-dən 8-nə keçən gecə İlkinlə eyni kamerada saxlanılıb. Lakin 8-də gecə gəlib, İlkini kamerada qandallayıb aparıblar. Süleymanov deyir ki, həmin gecədən başlayaraq ona dözülməz işgəncələr verilib və nəticədə yanvarın 10-na keçən gecə uşağı oğurlayıb öldürməsi barədə ondan tələb olunan ifadəyə imza atıb.

Hadisə vaxtı mağazada müşahidə kamerası olmayıb, lakin satıcı şöbədən buraxılandan dərhal sonra kamera quraşdırıb. Vəliyevin sözlərinə görə, hadisədən bir müddət sonra kamera Nərminin yaxınlarının Süleymanovların evinə hücum etməsini qeydə almışdı. Amma hadisədən sonra mağazaya gələn polislər ondan kameranın yaddaş hissəsini tələb edərək götürüb aparıblar. Təxminən üç-dörd saat sonra qaytarıblar. Satıcı əlavə edib ki, Tovuz rayon Polis Şöbəsində üç ay onun özünü də incidiblər, aparıb-gətiriblər.

Əməliyyatçıların ifadələri

Məhkəmədə Tovuz rayon Polis Şöbəsinin əməliyyatçıları Turqut Rəhimli, Azər Məmmədov, Post-Patrul Bölüyünün serjantı Vasif İsmayılov da dindirilib. Onlar bildirib ki, yanvarın 10-da Süleymanovun cinayəti törətməsi etirafından sonra onun hadisə yerinə aparılmasında iştirak ediblər. Polislər iddia edir ki, Məmmədovun avtomobilində Süleymanov onlara meyiti niyə yandırması, həyətlərində basdırmayıb, öz evlərinin qarşısına atmasının səbəbini izah edib.

"Mən baş əməliyyat müvəkkiliyəm, marağıma görə ona sual verdim ki, niyə yandırdın? Dedi ki, ölünü yandırmaq günah deyil, dirini yandırmaq günahdır. Bildirdi ki, itlər axtarış zamanı gəlib tapa bilərdi deyə, ona görə öz bağımızda basdırmadım, ora atdım. Onu da dedi ki, uşağı kitab vermək adıyla aldadıb evə gətirib. Sonra bu işin səs-küyü qalxdığına görə qorxusundan buraxmayıb", – Məmmədovun sözləridir.

Vəkillər baş əməliyyat müvəkkilinə sual verib ki, bəs o danışıqda İlkin Nərmini oğurlamasının səbəbini necə izah edib? "Səbəbini soruşmadım...", - Məmmədovun sözləridir.

İfadələrdə ziddiyyət

Ondan sonra ifadə verən polis nəfəri İsmayılov isə avtomobildə olduğu iddia edilən söhbət haqda başqa cür danışıb: "Dedi ki, təkbaşına quyu qaza bilməzdim, ona görə meyiti ora atdım...".

Süleymanov isə bildirib ki, hadisə yerində kamera ilə çəkiliş aparılarkən təzyiq altında uşağı kitab vermək adıyla aldatması, ölmüş insanın ağrı hiss etmədiyinə görə meyiti yandırması haqda ifadə verib. Amma avtomobildə belə söhbət olmayıb.

"Yadındadır, məni sənin yanında qandallanmış vəziyyətdə üzüstə yerə yıxdılar. Əllərim qandallı, səhərə qədər dizüstə saxladılar, o vəziyyətdə yeriməyə vadar elədilər?", - Süleymanov polislərdən Rəhimliyə belə deyib. O isə təkzib edib, Süleymanovun yalan danışdığını, ona qarşı heç bir təzyiqin olmadığını bildirib.

Azyaşlının oğurlanması, 47 gün sonra isə öldürülməsiylə bağlı məhkəmə araşdırmaları davam edir.

Anası polis rəisindən pul almadığını deyir

AzadlıqRadiosu Dondar Quşçu kəndində Nərminin anası Aynurə İsmayılovadan yandırılmış meyit tapılan gün səhər saatlarında Tovuz rayon Polis Şöbəsinin ovaxtkı rəisi Şirzad Əsgərovdan pul almaq üçün şöbəyə getməsi haqda iddialara münasibətini soruşub. İsmayılova polis rəisindən pul almadığını, bu haqda deyilənlərin yalan olduğunu bildirib.

İsmayılova özü də məhkəmədə dindirilərkən demişdi ki, həmin gün saat 10:00 radələrində polis şöbəsində rəislə görüşüb. Bir neçə saat sonra günorta polis rəisi yenidən onların evinə gəlib. O, AzadlıqRadiosunun suallarını cavablandırarkən bildirib ki, səhər uşaq haqqında xəbər olub-olmadığını öyrənmək üçün hadisə yerinə getmişdi: "Günorta polis rəisi bizə gəlməyib...". Özünün məhkəmədə belə ifadə verdiyini xatırladanda isə İsmayılova sualı cavabsız qoyub.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG