Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:33

Nəsimi vəfatından 600 il sonra UNESCO-da...


Nəsiminin vəfatının 600-cü ildönümü ilə bağlı tədbir. Paris. 19 may 2017
Nəsiminin vəfatının 600-cü ildönümü ilə bağlı tədbir. Paris. 19 may 2017

«Fransua Rable yalnız fransız xalqına məxsus olmadığı kimi və ya Uilyam Şekspir ingilis xalqına, Migel de Servantes təkcə ispan xalqına məxsus olmadığı kimi və eyni zamanda, bütün bəşəriyyətə məxsus olduqları kimi, Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti öz əsərlərində ifadə edib».

Bu sözləri mayın 18-də UNESCO-nun baş qərargahında Azərbaycanın UNESCO-ya üzv olmasının 25 illik yubileyi çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə keçirilən tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev səsləndirib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, tədbir bu qurumun və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

E.Əfəndiyev Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib:

«Mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Despotizmin, nadanlığın və cahilliyin daim təqib etdiyi Nəsimi müxtəlif ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir. Hələb şəhərində isə şairin həyatında ən böyük faciə baş verir, dərisi soyulmaqla edam edilir».

«SANKİ EKSTREMİSTLƏR 600 İL SONRA NƏSİMİNİ İKİNCİ DƏFƏ QƏTLƏ YETİRİBLƏR»

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov tədbir iştirakçılarına Nəsimi poeziyasının sülhü, tolerantlığı və multikulturalizmi təbliğ etdiyini deyib:

«Nəsiminin ölümündən 600 il sonra UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Hələb şəhərinin qədim mərkəzi terrorçu və ekstremist qüvvələr tərəfindən xarabazara çevrilib, şairin sərdabəsi dağıntılara məruz qalıb. Simvolik səslənsə də, sanki ekstremistlər 600 il sonra Nəsimini ikinci dəfə qətlə yetiriblər. Lakin bununla belə Nəsiminin yaddaşlarda yaşayan ideyaları və poeziyası, onun tolerantlıq və sülh naminə çağırışları heç zaman məhv edilə bilməz».

Sonra tədbirdə bu ilin yanvarında terrorçulardan azad edilən Hələbdə İmadəddin Nəsiminin dağıdılmış sərdabəsinin fotoları nümayiş olunub. Səfir A.Kərimov Suriyanın UNESCO yanında daimi nümayəndəliyinə fotoların əldə edilməsində göstərdiyi yardıma görə təşəkkür edib.

UNESCO baş direktorunun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Éric Falt çıxışında Nəsiminin tolerant və humanist mövqeyi ilə tarixə düşən şair, rəssam, yazıçı və digər incəsənət xadimləri üçün ilham qaynağı olduğunun bildirib. Onun ideya və fəlsəfi fikirlərinin insanları ortaq dəyərlər ətrafında birləşməyə və sülhə çağırdığını, bu çağırışın müasir dövrdə də öz təsir gücünü itirmədiyini vurğulayıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bəşəriyyəti 600 il bundan əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda ölümdən belə çəkinmədiyi dəyərlər ətrafında birləşməyə çağırıb.

Çıxışlardan sonra Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi balet nümayiş olunub. Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin rol aldığı, Qərb və Şərq musiqisinin sintezindən ibarət baletdə tamaşaçılara Nəsiminin mistik və sirli aləmi, onun şər qüvvələrə qarşı mübarizəsi əks olunub.

Foyedə şair Nəsimiyə həsr olunmuş sərgi açılıb. Sərgidə Nəsiminin zəngin irsini əks etdirən kitablar, müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmlər göstərilib.

XS
SM
MD
LG