İsraildə noyabrın 1-də keçirilmiş parlament seçkilərindən keçmiş Baş nazir Binyamin Netanyahunun liderlik etdiyi "Likud" Partiyası qalıb ayrıldı. Onun partiyası 120-yerlik parlamentdə 30-dan çox yer götürüb. İndiki Baş nazir Yair Lapidin "Yeş Atid" Partiyasının bundan daha az – 22 yer aldığı vurğulanır.
Netanyahu haqqında
73-yaşlı Binyamin Netanyahu ABŞ-da təhsil alıb. 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı Binyamin təhsilini yarımçıq saxlayıb İsrailə qayıdıb. Burda o, bir müddət mebel şirkətində marketinq üzrə top-menecer vəzifəsində çalışıb. Bununla paralel olaraq o, Yonatan Netanyahu (qardaşı, İsrail Müdafiə Qüvvələrində komando bölməsinin komandiri olub, 1976-cı ildə həlak olub) adına antiterror institutu yaradıb və beynəlxalq konfranslar təşkil edib. İsrail hökumətinə 1996-1999 və 2009-2021-ci illərdə rəhbərlik edib.
Hökumət qurmaq üçün 61 mandat lazımdır. Bununla belə, artıq Netanyahunun koalisiya yaratmaqla üçüncü dəfə hökumətin başına keçəcəyi istisna edilmir.
İrana sərt münasibəti ilə seçilən bu şəxsin üçüncü dəfə hakimiyyətə gəlməkdə olduğu bir vaxtda Azərbaycanla cənub qonşusunun münasibətlərinin pisləşdiyi bildirilir.
"Maskalar cırıldı"
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun "Turan"a bildirməsinə görə, İkinci Qarabağ müharibəsinin ən mühüm nəticələrdən biri o oldu ki, maskalar cırıldı: "Əlbəttə ki, Azərbaycanın bir nömrəli dostu, qardaşı, müttəfiqi Türkiyədir. Eyni zamanda, biz müharibə dövründə İsrailin Azərbaycana sadiq dost və tərəfdaş olduğuna şahidi olduq".
Deputat qeyd edib ki, İsrail Azərbaycana verdiyi müasir silahları başqa bir dövlətə vermədi: "Doğurdan da, bu, dostluq və strateji tərəfdaşlığın ən gözəl nümunələridir".
"Netanyahunun baş nazir olduğu dövrlərdə…"
Onun fikrincə, İsrail-Azərbaycan dostluğu elə möhkəm təməllərə söykənir ki, hətta İsraildə kimin hakimiyyətdə olduğundan asılı olmayaraq inkişaf tempinə malikdir: "Amma hər halda biz onu da unutmuruq ki, Netanyahunun baş nazir olduğu dövrlərdə Azərbaycan-İsrail münasibətləri xüsusi inkişaf edib. Enerji təhlükəsizliyi məsələsində, hərbi təhlükəsizlik, hərbi-texniki əməkdaşlıq məsələlərində daha yüksək nəticələr əldə edilib".
E.Nəsirov Netanyahunun partiyasının seçkilərdə qalib gəlməsini sevindirici hal kimi qiymətləndirərək qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri yeni müstəviyə qalxacaq: "Bunun üçün bu gün ciddi əsaslar var".
"Düşünmürəm ki, nəsə dəyişəcək"
Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan-İsrail münasibətlərin bünövrəsini, əsasən, Netanyahu qurub: "Amma İsraillə Azərbaycanın arasında münasibətlər istənilən İsrail hökuməti dönəmində müsbət olub. Təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq yüksək səviyyədə olub. Düşünmürəm ki, burda nəsə dəyişəcək".
Bununla belə, o ehtimal edir ki, Netanyahu İran ətrafında hansısa dövlətlərlə anlaşmaya gedib İrana qarşı bir koalisiya yarada bilər.
Ə.Oruclunun fikrincə, İranın davranışı, xarici siyasəti sayəsində Ermənistandan başqa ətrafdakı dövlətlər onunla dost olmayan ölkələrə çevriliblər. O əlavə edir ki, İsrail üçün indi İranın ətrafında olan ölkələrlə müttəfiqlik daha vacibdir.
"Bu, bir az emosional yanaşmadır"
Siyasi şərhçi hesab edir ki, İran məsələsində ABŞ İsrailin ümidlərini tam doğrultmayıb: "Bunun da obyektiv səbəbi var. Bugünkü ABŞ administrasiyası hələ də ümid edir ki, İranla hansısa nüvə sazişini imza ata biləcək".
Politoloq hesab edir ki, İrana qarşı hər hansı hərbi əməliyyat olarsa, bu, Azərbaycana da təsir göstərəcək, ona böyük ziyan dəyəcək: "İndi Azərbaycanda bir eyforiya yaranıb ki, İran parçalanacaq, Bütöv Azərbaycan yaranacaq, amma bu, bir az emosional yanaşmadır".