Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:46

Əli Kərimlinin mühafizəçisi: ‘Məni soyundurdular, zorlamaqla hədələdilər…’


Niyaməddin Əhmədov aksiya zamanı saxlanarkən
Niyaməddin Əhmədov aksiya zamanı saxlanarkən

AXCP üzvü Niyaməddin Əhmədov bu barədə o, fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində danışıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədov deyir ki, onu partiya sədri Əli Kərimlinin əleyhinə ifadə verməyə məcbur etməkdən ötrü, hətta zorlamaqla da hədələyiblər. Bu barədə o, fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində danışıb.

Bu instansiyada Əhmədov haqqında 13 illik hökmdən verilmiş apellyasiya şikayətinə baxılır.

“Təhdidlər də fayda verməyəndə işgəncələrə keçirdilər”

Onun vəkili Zibeydə Sadıqova bildirib ki, AXCP fəalı haqqında Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm tam əsassız və qanunsuzdur, heç bir sübuta söykənmir.

Vəkilin sözlərinə görə, Əhmədova qarşı irəli sürülmüş terroru maliyyələşdirmə və digər ittihamları təsdiqləyəcək heç bir fakt ortaya qoyulmayıb, ittiham sadəcə, söz yığınından ibarətdir.

Sadıqova müdafiə etdiyi şəxsin həbsdə olduğu iki ilə yaxın müddətdə hüquqlarının pozulduğunu, işgəncəyə məruz qaldığını vurğulayıb.

Əhmədov özü də işgəncələr haqda geniş danışıb. AXCP fəalının sözlərinə görə, ona verilən sualların ittihamlara aidiyyəti olmurdu, yalnız AXCP və Əli Kərimli əleyhinə olan bəyanatlara, sənədlərə imza atıb-atmayacağı soruşulurdu:

“Əvvəl şirnikləndirirdilər, yaxşı iş, pul, idmançı karyerası vəd edirdilər. Bu təkliflərə ‘yox’ deyəndə təhdidlər başlayırdı. Təhdidlər də fayda verməyəndə işgəncələrə keçirdilər. İşləri konkret AXCP və Əli Kərimliylə idi. Bakı İstintaq Təcridxanasında mənə dedilər ki, ‘bura çox siyasətçilər gəlib, bir Əli Kərimli gəlməyib, o da gələcək’”.

İşgəncə iddiaları

Dəfələrlə işgəncələrə məruz qaldığını deyən cəbhəçi fəal bəzi sənədləri imzalaması, bəzilərini isə imzalamamasını belə izah edib:

“O qədər döyürdülər, halım olmurdu, gözucu baxırdım, harada Əli Kərimli, AXCP sözü yoxdursa, qol çəkirdim”.

AXCP üzvünün sözlərinə görə, ayaqlarının altına dəyənəklə vurulmasından tutmuş, zorlanmaqla hədələnməyə qədər müxtəlif formada işgəncəyə məruz qalıb:

“Ayaqqabı ilə cinsiyyət orqanımın üstünə çıxıb tapdalayırdılar. Bununla da ürəkləri soyumadı. Bunu ilk dəfə deyirəm. Məni soyundurdular. Zorlamaqla hədələdilər. Dedim ki, neyləsəniz də, dediyiniz ifadəni verməyəcəm. Sonra özümü öldürəcəyəm, amma dediyinizi eləməyəcəm...”

O, çıxışının sonunda günahsız olduğunu vurğulayıb və bəraət istəyib.

Bakı Apellyasiya Məhkəməsi isə Əhmədovun işiylə bağlı qərarını martın 2-də açıqlayacaq.

Xatırlatma

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamıyla bir ay inzibati həbsdə saxlanıb.

Bu cəza başa çatdığı gün isə CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsilə barəsində yeni iş başlanıb.

İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə ittiham verilib. O, 13 il azadlıqdan məhrum edilib.

AXCP bəyan edib ki, Əhmədovun həbsinin səbəbi Əli Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır.

Əhmədovun işgəncə iddiaları ilə bağlı prokurorluq orqanlarına ünvanlanmış şikayətlərinə cavab gəlmədiyi bildirilir.

Hüquq-mühafizə orqanları isə adətən, həbsdə olanların işgəncə iddialarını təkzib edir, bunu məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir.

XS
SM
MD
LG